![]()
Bu gün Başlıbel üçün ağır gündür…
Bu gün bir ocağın sönməyən nisgilinin, 32 ildir cavabsız qalan bir sualın ildönümüdür.
32 ildir ki, Başlıbel kəndindən çıxan bir yol yarımçıq qalır. O yolun adı Bəhmən Süleymanovdur.
1964-cü ilin dekabrında Başlıbel torpağında doğulan Bəhmən Ələkbər oğlu ömrünü sakit, savadlı, qurucu bir insan kimi yaşamağa hazırlaşırdı. Xabarovsk Politexnik İnstitutunda inşaat mühəndisliyi oxuyan gənc Bəhmən gələcəkdə evlər tikəcəkdi, yollar salacaqdı, insanlara sığınacaq olacaq divarlar ucaldacaqdı. Amma tale ona başqa bir yol göstərdi — vətən yolu.
Erməni hücumları şiddətlənəndə o, tərəddüd etmədi. Rahat həyatı, gəncliyini, arzularını bir kənara qoyub silaha sarıldı. Milli Ordu sıralarında, 701 saylı hərbi hissədə zabit kimi onlarla qanlı döyüşə girdi. O döyüşlərdə Bəhmən təkcə əsgər deyildi — ümid idi, dayaq idi, sipər idi.
1994-cü ilin fevralında həyata keçirilən ikinci “Murov əməliyyatı” onun son döyüş yolu oldu. Fevralın 8-də Bağırlı və Bağırsaq kəndləri istiqamətində gedən ağır döyüşlərdə itkin düşdü. O gündən sonra onun adı “şəhid” sözünə də, “sağdır” ümidinə də sığmadı. O, iki dünya arasında qaldı — gözlənilən, amma tapılmayan bir tale oldu.
Bəhmən subay idi. Arxasında heç olmasa övladi da qalmadi. Amma bir ailə var idi ki, 32 il onun yolunu gözlədi. Atası, anası, qardaşı bu həsrətin yükünü daşıya-daşıya dünyalarını dəyişdilər. Axtardılar… soruşdular… qapı-qapı düşdülər… amma bir cavab tapa bilmədilər. Nə bir məzar, nə bir xəbər…
Bu gün ailənin qalan üzvlərinin gözləri hələ də yoldadır. Hər səsə diksinirlər, hər xəbərə ümidlə baxırlar. Çünki ən ağır dərd ölüm deyil — naməlumluqdur. Nə öldüsünü bilmək, nə də sağ qaldığını… Hər ikisinin arasında donub qalan bir gözlənti…
Bəhmən Süleymanov Başlıbel kəndindən yeganə itkin düşmüş hərbçidir. Bir kəndin yaddaşında açıq qalan yara, bağlanmayan bir səhifədir. Onun adı çəkiləndə torpaq da kövrəlir, dağlar da susur.
32 ildir ki, Başlıbel bir oğlunu gözləyir.
32 ildir ki, bir ailə “bəlkə bu gün” deyə oyaq yatır.
Bəhmən,
sənin yolun hələ də gözlənilir…
Sənin adın hələ də dualardadır…
Sən hələ də qayıdacaqsan ümidi ilə yaşayıriq. Tapilmağın üçün hər zaman dua edirik.
Yalçın Ağayev
Bashlibel.az