1990-cı il 20 Yanvar faciəsindən 33 il keçir. Keçmiş SSRİ-nin süqutu ərəfəsində xalqımıza qarşı törədilmiş bu faciəsi Azərbaycanın azadlıq mübarizəsinin ən qanlı səhifələrindən birini təşkil edir. Bu faciənin kökü ermənilərin Azərbaycana qarşı torpaq iddialarına gedib çıxır. 1988-ci ildən başlayaraq Dağlıq Qarabağın Ermənistana birləşdirilməsini tələb edən erməni şovinistlərinə qarşı heç bir tədbir görməyən keçmiş SSRİ hakimiyyəti, əslində, ermənilərin cinayətlərinə göz yumurdu. Belə bir şəraitdə Azərbaycan xalqı öz haqlı etiraz səsini ucaltmağa başladı. 20 Yanvar həm faciə, həm də qəhrəmanlıq nümunəsidir. Bu qanlı faciə insanlığa qarşı törədilən bir cinayət olmaqla yanaşı Azərbaycan xalqı üçün müstəqillik uğrunda mübarizənin rəmzidir. 20 Yanvar faciəsi xalqımızın milli şüuruna kədərli, eyni zamanda, XX əsr Azərbaycan tarixinin dönüş əhəmiyyətli hadisəsi kimi daxil oldu. 20 Yanvar faciəsi Azərbaycanın milli kimliyinin formalaşmasına həlledici təsir göstərib, dövlət müstəqilliyinin bərpasında mühüm dönüş nöqtəsi olub. Məhz bu faciədən sonra milli azadlıq hərəkatı daha da güclənərək dönməz xarakter alıb, xalq öz gələcəyini yalnız Azərbaycanın müstəqilliyə qovuşmasında görüb. 20 yanvar faciəsi siyasi maraqlar naminə Azərbaycan xalqına qarşı törədilmiş cinayətdir. Milli azadlığı, ölkəsinin ərazi bütövlüyü uğrunda mübarizəyə qalxmış dinc əhaliyə divan tutulması, kütləvi qırğın nəticəsində yüzlərlə günahsız insanın qətlə yetirilməsi və yaralanması totalitar sovet rejiminin süqutu ərəfəsində onun cinayətkar mahiyyətini bütün dünyaya bir daha nümayiş etdirdi. 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə birbaşa Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsinin baş katibi Mixail Qorbaçovun əmri ilə SSRİ Müdafiə Nazirliyi, Dövlət Təhlükəsizlik Komitəsi, Daxili İşlər Nazirliyinin qoşun hissələri Bakıya və Azərbaycanın bir neçə rayonuna yeridilib. Qanlı yanvar hadisələrinin coğrafiyası təkcə Bakı şəhəri ilə məhdudlaşmadı. Ölkənin digər rayonlarında yanvarın 25-də Neftçala, yanvarın 26-da isə Lənkəranda 8 nəfər qətlə yetirilmişdi. Ümumilikdə Respublikada 147 nəfər öldürülmüş, 744 nəfər yaralanmış, 841 nəfər qanunsuz həbs olunmuş, 200 ev və mənzil, 80 avtomaşın, o cümlədən təcili yardım maşınları, dövlət əmlakı və şəxsi əmlak məhv edilmişdi.
Faciədən dərhal sonra-1990-cı il yanvarın 21-də ümummilli lider Heydər Əliyev ailə üzvləri ilə birlikdə Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gələrək doğma xalqı ilə həmrəy olduğunu nümayiş etdirib. Ulu öndər SSRİ rəhbərliyinin törətdiyi bu qanlı əməliyyata kəskin etirazını bildirib və həmin əməliyyata rəhbərlik edənləri ifşa edib. 1990-cı il yanvarın 21-də Sovet rejiminin qadağalarına rəğmən, həyatını təhlükə qarşısında qoyaraq Azərbaycanın Moskvadakı Daimi Nümayəndəliyinə gələn Ulu Öndər Heydər Əliyev qanlı faciənin təşkilatçılarını dünya ictimaiyyəti qarşısında ittiham etdi. Cəsarətli bəyanat verərək əliyalın xalqın qırılmasını hüquqa, demokratiyaya, humanizmə zidd, Moskvanın və respublika rəhbərlərinin günahı üzündən yol verilmiş kobud siyasi səhv kimi ifşa etdi. Heydər Əliyev Azərbaycan xalqına qarşı bu vəhşiliyi qətiyyətlə pisləməklə yanaşı, onun törədilməsi səbəblərini də açıqladı, təşkilatçılarının, günahkarlarının adını bütün dünyaya bəyan etdi. Beləliklə, SSRİ səviyyəsində məhz Heydər Əliyev ilk dəfə olaraq 20 Yanvar faciəsinə siyasi qiymət verdi, faciədə əli olanların, əsas günahkarların adını çəkdi, Azərbaycana qarşı aparılan xəyanətkar siyasətin mahiyyətini açıqladı və təqsirkarların Azərbaycan xalqı qarşısında məsuliyyət daşıyacağını bəyan etdi. Heydər Əliyevin bu bəyanatı faktiki olaraq o vaxta qədər Azərbaycanda SSRİ rəhbərliyinin Dağlıq Qarabağ məsələsində nümayiş etdirdiyi siyasətə etiraz edən və mərkəzdən “ədalətli qərar” tələb edən kortəbii xalq hərəkatının mütəşəkkilləşərək müstəqillik uğrunda milli azadlıq hərəkatına keçidi üçün əsas oldu və respublikada ciddi ümummilli mübarizə ovqatı yaratdı.
Elə həmin il noyabrın 20-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sessiyasında ümummilli lider Heydər Əliyev Yanvar faciəsini Azərbaycan xalqının suveren hüquqlarına qəsd kimi qiymətləndirib: “Sovet İttifaqında, ölkənin daxilində-heç bir yerdə, heç bir regionda bu qədər, bu miqyasda qanlı qırğın olmamışdır. Bunu da edib Sovet ordusu. Və bunun nə qədər böyük miqyasda olmağını onunla da ölçmək olar ki, bu hərbi aksiyanın həyata keçirilməsi üçün SSRİ müdafiə naziri Yazov, SSRİ daxili işlər naziri Bakatin vaxtından qabaq gəlib Bakıda oturub, bu əməliyyatlara rəhbərlik ediblər. Müharibə vaxtı hərbi nazir az-az cəbhəyə gedirdi, ancaq görün bu hərbi əməliyyata bunlar nə qədər böyük fikir veriblər, bunun miqyası nə qədər böyük olub ki, marşal Yazov gəlib Bakıda oturub və bu əməliyyata rəhbərlik edib. Demək, bu, Azərbaycan xalqına qarşı göstərilən hərbi təcavüzdür, təhqirdir, Azərbaycan xalqının qarşısında cinayətdir.
Heydər Əliyev çıxışlarında bildirirdi ki, 20 yanvar hadisələrinə yol aparan yol Ermənistandan azərbaycanlıların öz tarixi torpaqlarından zorla köçürülməsi hadisələrindən və Qarabağın Azərbaycandan qoparılması cəhdlərindən başlamışdı.
1988-ci ildə Ermənistanda azərbaycanlıların yaşadıqları ərazi respublika ərazisinin (29.8 min kv.km.) 25 faizini, təqribən 7.5 min kv. km-ni təşkil edirdi. 1988-1989-cu illərdə azərbaycanlıların tarixi-etnik torpaqlarından-Ermənistandan növbəti deportasiyası baş verdi, nəticədə 250 min azərbaycanlı tarixi ata-baba yurdlarından zorla köçürüldü, qaçqın düşdü. Deportasiya sərt formada aparılırdı-azərbaycanlılar ev-eşiklərindən zorla çıxarılır, döyülür, təhqir edilirdilər. Bu deportasiya prosesi zamanı azərbaycanlılar ermənilər tərəfindən qətlə yetirilmişdi. SSRİ rəhbərliyi isə bu hadisələrə görə Ermənistanı cəzalandırmaq əvəzinə azərbaycanlılara qarşı hücumlaa həvəsləndirirdi.“Bu hadisəyə, o cümlədən Dağlıq Qarabağın Ermənistana birləşdirilməsi cəhdlərinə qarşı Azərbaycan xalqının etirazları başladı. Etiraz dalğası get-gedə böyüdü. Xalqın etirazlarının genişləndiyini görən SSRİ rəhbərliyi 1990-cı ilin yanvarında Sovet qoşunlarının Azərbaycana yeriridlməsi və güc yolu ilə xalq etiazlarının qarşısının alınması əmrini verdi. 20 yanvarla Sovet rəhbərliyi Azərbaycan xalqının iradəsini qırmaq, ona əzəli torpaqları olan Qərbi Azərbaycandan zorakılıqla qovulmasını və Dağlıq Qarabağın Ermənistana birləşdirilməsini qəbul etdirməyi qarşısına məqsəd qoymuşdu.
Lakin SSRİ rəhbərliyinin Azərbaycanda həyata keçirdiyi qanlı cinayət Azərbaycan xalqının gözünü qorxutmadı və əks effekt verdi. Şəhidlər xiyabanındakı dəfn mərasimində 2 milyona yaxın insan iştirak etdi. Bu epoxal hadisə dövlət müstəqilliyinin bərpa edilməsində dönüş nöqtəsi oldu. Məhz bu faciədən sonra milli azadlıq hərəkatı tam siyasi reallığa çevrildi, dönməz xarakter aldı, xalq öz gələcəyini yalnız Azərbaycanın müstəqilliyinə nail olunmasında gördü. 20 yanvar hadisələri SSRİ adlı imperiyanın dayaqlarını sarsıtdı, ona qarşı xalqda birmənalı qəzəb yaratdı.
20 Yanvardan sonra da Azərbaycan xalqına qarşı kütləvi qırğınlar dayanmadı, 1990-cı il martın 24-də Azərbaycanın Ermənistanla həmsərhəd Qazax rayonunun Bağanis Ayrım kəndində dinc əhali ermənilər tərəfindən kütləvi qırğına məruz qaldı.
Dağlıq Qarabağda azərbaycanlılar yaşayan İmarət Qərvənd, Tuğ, Səlakətin, Axullu, Xocavənd, Cəmilli, Nəbilər, Meşəli, Həsənabad, Kərkicahan, Qaybalı, Malıbəyli, Yuxarı və Aşağı Quşçular, Qaradağlı kəndlərinin işğalı zamanı həmin yaşayış məntəqələrinin dinc əhalisinin bir hissəsi qabaqcadan hazırlanmış plan əsasında xüsusi amansızlıqla qətlə yetirildi. Xocalı soyqırımından bir neçə gün əvvəl – 1992-ci il fevralın 17-də Xocavəndin Qaradağlı kəndində 80 nəfərdən çox azərbaycanlı kütləvi qırğına məruz qaldı. Sonra isə Xocalı soyqırımı həyata keçirildi. 613 nəfər öldürüldü, minlərlə dinc sakin yaralandı, girov götürüldü, işgəncələrə məruz qoyuldu. Azərbaycan xalqına qarşı kütləvi qırğınlar 1992-ci ilin aprelində Kəlbəcərin Ağdaban, avqustunda Goranboyun Ballıqaya, 1993-cü ilin aprelində Kəlbəcərin Başlıbel kəndlərində də davam etdi. Bu gün də həmin hadisələrin qanlı izləri azad edilmiş ərazilərdə kütləvi məzarlıqlar şəklində üzə çıxır.
Lakin bütün qırğınlara, işgəncələrə baxmayaraq Azərbaycan xalqı öz torpaqlarının işğalı ilə barışmadı, müstəqilliyinə nail oldu, müstəqil dövlətini gücləndirdi. Prezident İlham Əliyevin rəhbərliyi ilə 2020-ci ilin Vətən müharibəsində əldə edilmiş Tarixi Zəfər ilə həm də 20 Yanvar şəhidlərinin narahat ruhları dinclik tapdı. Bu gün Azərbaycan xalqının milli ideyası tarixi torpaqlarına qayıdışı nəzərdə tutur. Qarabağ və Şərqi Zəngəzurda böyük quruculuq işləri gedir, artıq Zəngilanın Ağalı kəndi ilə Böyük Qayıdış başlayıb, bu il qayıdış prosesi daha da sürətlənəcək. 20 Yanvar hadisələrindəki milli müqavimət nümunələri, 30 illik dövr ərzində işğalla barışmazlıq və 2020-ci ilin Vətən müharibəsində əldə edilmiş Tarixi Zəfər, Ermənistanın diz çökdürülməsi Qərbi Azərbaycana qayıdışımızın da mütləq reallaşcağına iam yaradır. Qərbi Azərbaycandan azərbaycanlıların deportasiyası ilə başlanan proseslərin Qərbi Azərbaycana qayıdışla yekunlaşacağı gün uzaqda deyil.
Bashlibel.az