![]()
Otuz altı il keçəndən sonra həmin günü xatırlamaq heç də gec deyil. Çünki, bu elə bir gündür ki, üstündən qərinələr yox, hətta əsrlər keçsə belə, unudulmaz! Bu gün böyük bir imperiyanın möhkəm dayaqlarının dağıdılmasının ilki Azərbaycan xalqı tərəfindən qoyuldu. Həmvətənlərimiz əliyalın olsalar da qorxmadan hər cür döyüş silahları və zirehli texnikalarla təchiz olunmuş böyük bir imperiya ordusunun üzərinə yeridilər və şəhidlik zirvəsinə ucaldəlar. Mətbuat üzərində ciddi dövlət senzurası olsa da “Azadlıq“ radiosunun Azərbaycan redaksiyası elə yanvarın 20-də Bakıdan reportajlar yayımladı, Azərbaycan Xalq şairi Bəxtiyar Vahabzadənin faciənin miqyası barədə əldə etdiyi məlumatları şairin öz səsi ilə bütün dünyaya çatdırdı.
20 yanvar 1990-cı ildə mən doğulduğum Başlıbel kəndində idim. Kəlbəcərdə “Yenilik” qəzeti redaksiyasında işləsəm də həftə sonu olduğuna görə adətim üzrə hər həftənin sonunu Başlıbeldə keçirirdim. Səhər saat 6-da kənddən Kəlbəcərə gedən avtobusda radiodan xəbərləri eşidəndə dəhşətə gəldim. Avtobusun sürücüsü Eldar Musayev xəbərləri indi eşitdiyimi görüb qəmgin halda dedi ki, hələ bu harasıdır, sən “Azadlıq” radiosuna qulaq as, gör orada nələr danışırlar, evi yıxılmışlar əliyalın camaatı qırıb. Kəlbəcərə çatdıqdan sonra da nə qədər cəhd etdimsə, dövlət televiziysından, xəbər agentliklərindən və radiosundan bir dolğun xəbər öyrənə bilmədim. Məcbur olub “Azadlıq” radiosuna qulaq asdım. “Azadlıq” radiosunun Azərbaycan redaksiyasının əməkdaşı Mirzə Xəzərin hadisə barədə məlimatlarını və müsahibələrini gün ərzində təkrr-təkrar yayımladılar. Bəxtiyar Vahabzadə Mirzə Xəzərlə müsahibəsində Qorbçov başda olmaqla Azərbaycanın dövlət və hökumət rəhbərlərinin hamısının əlinin azərbaycanlıların qanına batdığını bildirdi. O, çıxışında bildirdi ki, şəhidlərimiz Azərbaycan xalqının azadlığı uğrunda canlarını qurban veriblər. Allah bütün şəhidlərimizə rəhmət eləsin !
Hazırda Bakı şəhərində yaşayan Vidadi Əliyev də o günü yaxşı xatırlayır:
Mən həmin axşam saat 7- də evdən cıxdım, birbaşa metro ilə indiki prezident aparatının qarşısına gəldim. Lənətlənmiş Primakov binanın icərisində idi. Mitinqi aparan elan etdi ki, Etibar Məmmədov Primakovla görüşdədir, görüşün nəticəsi barədə Etibar özü gəlib məlumat verəcək. Təxminən saat 10:30-da Etibar gəldi və əminliklə söylədi ki, Primakov Bakını, Azərbaycan xalqını cox sevir, 100% əmin ola bilərsiniz ki, qoşunlar şəhərə daxıl olmayacaqlar, yalnız öz dislokasiya yerində qalacaqlar. Amma Primakovun yalan danışdıgını əhali biilirdi, ona görə də camaat etiraz etdi. Sonra Nemət mikrofona yaxınlaşdı, çaamatı sakitləşdirdi və əmin etdi ki, şəhərin kifayət qədər müdafiəsi təşkil olunub. Daha sonra mikrofona ADU-nun filiologiya fakultəsinin muəllimi Vəkil Hacıyev gəldi və söylədi ki, Bayıl postunda adamlar azdır, beş dəqiqədən sonra avtobuslar burada olacaq, ora getmək lazımdır. Avtobuslar gəldi, adamlar könüllü olaraq əyləşib getdilər Bayıl postuna. Bir neçə avtobusda da adamlar Əzizbəyov metrosuna və Zıx yoluna yollandılar. Mən Prezident aparatının qabağında qaldım. Bütün məlumatlar tez-tez oraya gəlirdi və camaata elan olunurdu. Saat 12-də rus və ermənilərdən təşkil olunmuş hərbicilərin atəş aça-aça şəhərə daxil olduqlarını elan etdilər. Səhərə qədər orada qaldım. Bütün məlumatlar bura daxil olurdu. Saat 1-də qoşunlar Prezident aparatının qarşısına qədər gəlib çıxdı. Binanın komendantı Vaqif Axundov həmin gecə aparatın qarşısında böyük qırğının qarşlsınl aldı. O, gedib rus ordunun komandiri Popovla və digərləri ilə danışıq apardı və rus komandanlıgının ultimatumunu elan etdi. Ultimatumda deyilirdi ki, əgər bir rus ölsə, əvəzinə on mülki adam öldürüləcəkdir. Səhəri gün dinc əhalinin güllələndiyini eşitdim…
Yetmiş ildən çox bir bayraq altında birləşdiyimiz “Böyük qardaşımız” bizə yaxşı qardaşlıq etmədi. Əliyalin əhalinin üzərinə hücum edərək bir gecədə 147 nəfər günahsız insanı öldürdü, 744 nəfəri yaraladı.
Azərbaycan dövlətinin tarixinə qanla yazılmış bu gündə Uca Allahdan bütün şəhidlərimizə rəhmət diləyirəm. 36 il bundan qabaq böyük bir imperiyanın sütununu ilk dəfə laxladan məhz bizim xalqımız oldu. Xalqımızın əziz övladları şəhidlik zirvəsinə ucalaraq bu xalqı azadlığa səslədi. O qanlı hadisələrdən keçən bu illər ərzində xalqımız Vətən yolunda şəhid olmağı öyrəndi, Qarabağımızı düşməndən azad etmək üçün bir yumruq kimi birləşdi. ALLAH BÜTÜN ŞƏHİDLƏRİMİZƏ RƏHMƏT ELƏSİN! RUHLARI ŞAD OLSUN! Bu gün şəhidlərimizin azadlıq arzusu çin olub, dövlətimizin bütün ərazisində suverenliyimizi bərpa etmişik. İnşallah, tezliklə Qərbi Azərbaycanımıza da qovuşacağıq.
Oqtay Salahlı,
Bashlibel.az
Bashlibel.az