Başlıbel Kəlbəcər rayonunun eyniadlı inzibati ərazi vahidində kənd. Başlıbel çayının sahilindədir. Oykonim başlı (ŞiŞ uclu, yüksək zirvəsi olan) və bel (tirənin üstü) komponentlərindən düzəlib. 1917-ci ildə Başlıbel Seyidlər variantında qeydə alınmışdır. Yerli əhalinin verdiyi məlumata görə, yaşayış məntəqəsini XIX əsrdə indiki Laçın rayonunun Seyidlər kəndindən gəlmiş ailələr saldığına görə əvvəllər Seyidlər və ya Başlıbel Seyidləri adlanmışdır. Toponim özündə kəndin salındığı coğrafi relyefi əks etdirir.
Başlıbel Kəlbəcər rayonunun ən böyük kəndlərindən biridir. İşğaldan əvvəl (1-4 aprel 1993-cü il) kənddə 350-dən çox azərbaycanlı ailəsi yaşayırdı. Əhalisinin sayı 2000 nəfərə yaxın idi. 1993-ci ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib. Kəndin işğalı zamanı 15 nəfər günahsız dinc sakin ermənilər tərəfindən qətlə yetirilmişdir.