• Şb. Sen 30th, 2023

Bashlibel.az

“Başlıbelin İnkişafına Dəstək” İctimai Birliyi

Zirvələrdə ucalan bayraq-9 noyabr Azərbaycanda Dövlət Bayrağı Günüdür

Noy 9, 2022

Bu gün-noyabrın 9-u Azərbaycanda Dövlət Bayrağı Günüdür. Ölkəmizin üçrəngli bayrağı dövlət rəmzi olaraq Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 9 noyabr tarixli iclasında qəbul olunub. 1920-ci ilin 28 aprelində Azərbaycan Sovetlər Birliyi tərəfindən işğal edildikdən sonra Azərbaycan Xalq Cümhuriyyəti süqut edib və Azərbaycan üçrəngli bayrağı da dəyişdirilərək qırmızı sovet bayrağı ilə əvəzlənib.
“Azərbaycan Respublikasının Dövlət bayrağı haqqında” Azərbaycan Respublikasının Qanununda qeyd edilir: Azərbaycan Respublikasının Dövlət bayrağı Azərbaycan dövlətinin suverenliyi rəmzidir.
Azərbaycan Respublikasının Dövlət bayrağı eni və uzunluğu bərabər olan rəngli üç üfüqi zolaqdan ibarət düzbucaqlı parça şəklindədir: üst zolaq göy rəngdə, orta zolaq qırmızı rəngdə, aşağı zolaq yaşıl rəngdədir. Bayrağın hər iki üzündə qırmızı zolağın ortasında ağ rəngli aypara və səkkizguşəli ulduz təsviri vardır. Bayrağın eninin uzununa nisbəti 1:2-dir. Azərbaycan Respublikasının Dövlət bayrağı və onun təsviri, ölçülərindən asılı olmayaraq təsvirlərə həmişə dəqiq uyğun gəlməlidir.
Üçrəngli dövlət bayrağımız insanlarımız üçün müqəddəs ideal rəmzinə çevrilib. Mövcudluğunun 18 ayı dövründə (1918-ci ilin 9 noyabrı) ən istəkli bir varlıq kimi sevilib, əzizlənib, adına və hüsnünə şeirlər yazılıb, mahnılar bəstələnib. Sovetlər Birliyindəki mövcud rejim üçrəngli bayrağımızın başımız üzərindən asılmasını və hətta təsvirini belə qadağan etsə də, onu insanlar ürəklərində yaşatdılar.
Bəs xalqımızın başı üzərində yüz il əvvəl dalğalanmış və bu gün də mövcud olan bayrağımızın yaranma tarixindən, onun mənasından, ağ ayparanın və səkkiz guşənin nə olduğundan, hansı ideyalardan qaynaqlandığından yetərincə məlumatlıyıqmı?
1918-ci ilin 28 Mayında tarixdə sayca 114-cü türk dövləti olan Azərbaycan Xalq Cümhuriyyəti quruldu. Bu Cümhuriyyət özündən əvvəlki 113 dövlətdən ideoloji əsaslarına görə tam fərqlənirdi. Belə ki, ilk dəfə idi ki, bütün müsəlman və türk dünyasında milli kültür ənənələrinə, demokratik prinsiplərə söykənən Avropa sistemində bir dövlət qurulurdu. Azərbaycan Milli Qurtuluş Hərəkatının böyük ideoloqu Məhəmməd Əmin Rəsulzadə “Milli Azərbaycan Hərəkatının xarakteri” adlı məqaləsində yazırdı: “Milli ideoloji mənşəyi etibarı ilə Azərbaycan hərəkatı Şərqdəki milli qurtuluş ideyaları ilə, Qərbdə demokratiya cərəyanlarını özündə birləşdirən bir hərəkatdır”.
M.Ə.Rəsulzadənin əsaslandırdığı Xalq Cümhuriyyəti 1918-ci ildə mayın 28-də yarandıqdan sonra onun əsas rəmzi olan bayraq haqqında həmin ilin iyun ayının 21-də hökumətin qərarı verildi. Həmin qərarda deyilirdi ki, üstündə qırmızı fonda ağ səkkizguşəli ulduz və aypara təsviri olan qumaş Azərbaycanın bayrağı kimi təsdiq edilsin.
Həmin dövrdə bayrağımız Osmanlı Türkiyəsinin bayrağı ilə eynilik təşkil edirdi. Fərq yalnız onda idi ki, Osmanlı Türkiyəsinin bayrağındakı hilal ayın qarşısındakı ulduz beş guşədən, Azərbaycan Cümhuriyyətinin bayrağında isə səkkiz guşədən ibarət idi.
1918-ci ilin noyabrın 9-da isə üçrəngli dövlət bayrağımız haqqında qərar qəbul edildi. Qərarda deyilir: Yaşıl, qırmızı və mavi rənglərdən, ağ aypara və səkkizbucaq ulduzdan ibarət olan bayraq Milli bayraq hesab edilsin. Milli bayrağımızdakı göy rəng – türkçülüyü, qırmızı rəng- müasirliyi, yaşıl rəng-islam ideologiyasını ifadə edir.

Odur ki, 1918-ci ilin noyabrın 9-da qırmızı rəngli bayrağın yerinə üçrəngli bayrağın yaradılması haqqında M. Ə. Rəsulzadənin və onun başçılıq etdiyi Azərbaycan Milli Şurasının təklifi ilə qərar qəbul edildi. Dövlət bayrağındakı üç rəngin ifadə etdiyi və XX əsrin əvvəllərindəki milli istiqlal ideologiyamızın üç təməl prinsipini təşkil edən “Türkçülük, müasirlik və islamçılıq” düsturunun müəllifi görkəmli Azərbaycan mütəfəkkiri Əli Bəy Hüseynzadədir. Bayraqdakı rənglərin təsviri və düzülüşü isə M. Ə. Rəsulzadənin “Açıq söz” qəzetindəki məqaləsindən götürüldü.
Azərbaycan Xalq Cümhuriyyətinin 1920-ci il 27 apreldə işğal olunması ilə üçrəngli bayrağımıza qadağa qoyuldu. Sovetlər Birliyi dövründə üçrəngli dövlət bayrağımız 1956-cı ildə Kommunist Partiyasının qurultayında “şəxsiyyətə pərəstiş” məsələsi qoyulduqdan sonra üç azərbaycanlı vətəndaşımız (adları Cahid, Çingiz, digəri isə Nazim olub) tərəfindən bir saatdan çox “Qız Qalası” üzərində dalğalandırılıb. Həmin şəxsləri isə (onların sayı ümumilikdə 15-ə qədər olub) sonradan 12-13 ilə qədər həbsə məhkum ediblər.
1988-ci ildən başlanan Azərbaycan Xalq Hərəkatı dövründə yenidən üçrəngli bayrağımız meydanlarda dalğalandı. Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli Dövlət bayrağı 1990-cı il noyabrın 17-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri, xalqımızın ümummilli lideri Heydər Əliyevin təşəbbüsü və rəhbərliyi ilə keçirilən sessiyada Naxçıvan Muxtar Respublikasının dövlət bayrağı olaraq təsdiq edildi. Sovet imperiyasının hələ mövcud olduğu bir dövrdə Heydər Əliyevin belə bir addım atması bütün SSRİ-də, həmçinin Azərbaycanda böyük əks-səda vermişdi. Eyni zamanda bu hadisə Azərbaycanda milli azadlıq mübarizəsində xalqa böyük ruh vermiş və xalq hərəkatını daha da qarşısı alınmaz prosesə çevirmişdi.Naxçıvan Muxtar Respublikasının Ali Məclisi Azərbaycan SSR Ali Soveti qarşısında üçrəngli bayrağın Azərbaycanın rəsmi dövlət rəmzi kimi tanınması haqqında vəsatət də qaldırmışdı. 1991-ci il fevral ayının 5-də həmin vəsatətə baxılmış və Azərbaycan Respublikasının Ali Soveti “Azərbaycan Respublikasının Dövlət bayrağı haqqında” Qanun qəbul edərək onu yenidən Dövlət bayrağı elan etmişdi. Sonralar ümummilli lider bu barədə deyirdi: “Mən belə fikirdəyəm ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin qəbul etdiyi qərarlar Azərbaycan Respublikasının Ali Sovetinin işinə çox təsir etdi və Azərbaycan rəhbərliyi bir neçə belə qərarın qəbul edilməsində məcburiyyət qarşısında qaldı. Naxçıvan Muxtar Respublikasının üzərində bu bayraq 1990-cı il noyabrın 17-də, Azərbaycan Respublikasında isə 1991-ci il fevralın 5-də dalğalandı”.
1991-ci il oktyabrın 18-də isə “Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında” Konstitusiya Aktı ilə Azərbaycan Respublikası Azərbaycan Xalq Cümhuriyyətinin varisi kimi onun dövlət rəmzlərini, o cümlədən Dövlət bayrağını bərpa etdi.
Azərbaycan Prezidenti İlham Əliyevin 2009-cu il noyabrın 17-də imzaladığı Sərəncamla hər il noyabrın 9-u ölkədə Dövlət bayrağı günü kimi qeyd edilir. Azərbaycan Respublikası Əmək Məcəlləsinə əsasən bu bayram ölkədə qeyri-iş günü olan bayramların siyahısına daxil edilib.
Dövlət bayrağı gününün qeyd olunması Azərbaycan Xalq Cümhuriyyətinin tarixi ilə bağlıdır. Azərbaycan Xalq Cümhuriyyətinin yadigarı olan bu bayraq bizim azadlıq məfkurəsinə, milli-mənəvi dəyərlərə və ümumbəşəri ideallara sadiqliyimizi nümayiş etdirir. Azərbaycanın Respublikasının Dövlət bayrağı milli suverenliyin simvoludur.
Azərbaycan Respublikası Konstitusiyasının 75-ci maddəsinə əsasən hər bir vətəndaş Azərbaycan Respublikasının dövlət rəmzlərinə – bayrağına, gerbinə və himninə hörmət etməlidir. Dövlət rəmzlərinə hörmətsizliyin nümayiş etdirilməsi qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur.
2004-cü il iyunun 8-də “Azərbaycan Respublikası Dövlət bayrağının istifadəsi qaydaları haqqında” Azərbaycan Respublikasının Qanunu ilə bu sahədə qanunvericilik bazası təkmilləşdirilib. Həmin Qanunla Azərbaycan Respublikasının Dövlət bayrağına hörmət göstərilməsi ilə bağlı vəzifələr, Dövlət bayrağının qaldırılmalı və yerləşdirilməli olduğu yerlər, təsvirinin istifadəsi, həmçinin rəsmi tədbirlər zamanı, matəm günlərində və matəm mərasimlərində istifadəsi, digər bayraqlarla birgə qaldırılması (asılması) və ya yerləşdirilməsi, habelə Dövlət bayrağının istifadəsinə dair tələblər və məhdudiyyətlər müəyyən edilir.
Dövlət bayrağı respublikamızın dövlət qurumlarının və diplomatik nümayəndəliklərinin binaları üzərində ucalır, mühüm beynəlxalq tədbirlər, mötəbər mərasimlər və məclislərlə yanaşı, irimiqyaslı ictimai-siyasi toplantılarda, mədəni tədbirlərdə və idman yarışlarında qaldırılaraq milli birliyi təcəssüm etdirir.
2010-cu il sentyabrın 1-də Bakıda Dövlət Bayrağı Meydanının təntənəli açılış mərasimində Azərbaycan Prezidenti İlham Əliyev Dövlət bayrağının xüsusi əhəmiyyətini vurğulayaraq deyib: “Bizim bayrağımız qürur mənbəyimizdir. Bizim bayrağımız canımızdır, ürəyimizdir”.
Ən müqəddəs rəmzlərdən olan bayraq millətin varlığının, mövcudluğunun sübutu, müstəqil dövlətə sahib çıxmaq bacarığının əsas göstəricisidir. Özünütəsdiq simvolu olan bayraq hər bir Azərbaycan vətəndaşı üçün qürur və güvənc yeridir.
Təsadüfi deyil ki, Ulu öndər Heydər Əliyev bildirirdi ki, biz öz himnimizi, bayrağımızı özümüz qədər sevməliyik. Çünki bu, bizim vətənimizə, millətimizə, dövlətimizə olan sədaqət, sevgi və məhəbbətin rəmzidir. Üçrəngli bаyrаğımız bizim mənəvi sərvətimizdir, inаnc yеrimizdir. Təsadüfi deyil ki, Azərbaycan dövlətinin başçısı seçilib öz vəzifəsinin icrasına başlayan şəxslər müqəddəs Qurana and içməklə yanaşı dövlət bayrağının önündə diz çökür və bayrağı öpür. Ölkəmizin təhlükəsizliyini, ərazi bütövlüyün qoruyan silahlı qüvvələrimizin əsgərləri vətən qarşısında xidmətə başlayanda əlini bayrağın üstünü qoyub and içirlər. Vətən uğrunda canını fəda edən şəhidlər bayrağa bükülür. Bütün bunlar bayrağımızın nə qədər müqəddəs olduğunun göstəricidir. Dövlət bayrağımız artıq iki ildir azad edilmiş torpaqlarımızda, ən uca zirvələrərdə dalğalanır.

Etibar Ağayev

One thought on “Zirvələrdə ucalan bayraq-9 noyabr Azərbaycanda Dövlət Bayrağı Günüdür”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Open chat
Salam.
Sizə necə kömək ola bilərəm?