• C. Mar 24th, 2023

Bashlibel.az

“Başlıbelin İnkişafına Dəstək” İctimai Birliyi

“DƏLİ BİR AĞLAMAQ KEÇİR KÖNLÜMDƏN…”

Noy 20, 2022

Alı Mustafayev – bu ad ötən əsrin 80-ci illərində gənc nəslə çox əziz idi. Gənc jurnalist Alı Mustafayevin
“Dəli bir ağlamaq keçir könlümdən” adlı şeiri gənclər arasında olduqca populyar idi.
Baxıram dünyanın bu gərdişinə,
Dəli bir ağlamaq keçir könlümdən.
Fələk rəvac verdi namərd işinə.
Dəli bir ağlamaq keçir könlümdən.
Torpaqda haqqı var axan qanın da,
Bir nərin qolları düşüb yanında,
Müqəddəs Şəhidlər Xiyabanında,
Dəli bir ağlamaq keçir könlümdən.
Yanmadım ömrümdən keçən illərə,
Baxıb məzarımda solan güllərə,
Söykəyib üzümü qərənfillərə,
Dəli bir ağlamaq keçir könlümdən.
Dünyanın sükutu bu daş qəfəsdə,
Köksümdə qövr edib hıçqıran səsdə.
Toy libası geymiş bu qəbrin üstə,
Dəli bir ağlamaq keçir könlümdən.
Mənası bir imiş toyun, yasın da,
Bu qara zülmətin ağ libasın da.
Durub haqq evinin astanasında
Dəli bir ağlamaq keçir könlümdən.
Bu qəlbim ovunmaz sınıq saz kimi,
Dərd də gülə-gülə gəldi, yaz kimi ,
Allaha, Tanrıya etiraz kimi
Dəli bir ağlamaq keçir könlümdən.
1991-ci il noyabr ayının 20- də Xocavənd rayonunun Qarakənd kəndi üzərində ermənilərin vurduğu
vertolyotda Alı Mustafayev də var idi. Qarakənd faciəsi və ya 20 noyabr faciəsi-1991-ci il noyabrın 20 -də
Xocavənd rayonunun Qarakənd kəndinin yaxınlığında, Ağdam rayonunun Mərzili kəndi ərazisində erməni hərbi dəstələri tərəfindən Azərbaycanın hərbi vertolyotu vurulmuşdur. Hesablamalara görə, Qarakənd üzərində üç yüz metr yüksəklikdə uçan Mİ-8 N72 vertolyotu 1991-ci il noyabrın 20-də saat 14:42 dəqiqədə vurulub.Həlak olanlar arasında Azərbaycan Respublikasının Dövlət katibi Tofiq İsmayılov, baş prokuror İsmət Qayıbov, dövlət müşaviri, sabiq daxili işlər naziri Məhəmməd Əsədov, millət vəkilləri Vaqif Cəfərov və Vəli Məmmədov, baş nazirin müavini Zülfü Hacıyev, Prezident Aparatının şöbə müdiri və jurnalist Osman
Mirzəyev, Qazaxıstan Respublikası Daxili İşlər nazirinin müavini Saylau Serikov, Azərbaycan Dövlət Televiziyasının jurnalisti Alı Mustafayev var idi.Ümumilikdə qəza nəticəsində 22 nəfər həlak olub.
Allah rəhmət eləsin !
Oqtay SALAHLI

2 thoughts on ““DƏLİ BİR AĞLAMAQ KEÇİR KÖNLÜMDƏN…””
  1. Allah şəhidlərimizə rəhmət eləsin.
    Gör necə qəmlidir Fəxri xiyaban,
    Qoynuna Tofiqi, Məmmədi gəlir,
    Gəlir Vəli kişi, Zülfüylə Osman
    Gündüzüm, İsmətim əbədi gəlir.
    Qurusun, alışsın, yanına düşsün
    Belə oğullara qıyan əllərin.
    Görərsən olacaqmı sonu, axırı,
    Vəhşilik törədən ermənilərin?

  2. 20 noyabr 1990-cı il Azərbaycan tarixinə qanlı hərflərlə yazıldı. Vertalyotda şəhid olanların hər biri say-seçmə şəxsiyyətlər idi. Onların xatirəsi Azərbaycan xalqının qəlbində daim yaşayacaqdır. Əminəm ki, bu gün onların ruhları şaddır, çünki, düz 30 ildən sonra, 2020-ci il noyabrın 20-də Ağdam şəhəri işğaldan azad edildi. Allah bütün şəhidlərimizə rəhmət eləsin.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Open chat
Salam.
Sizə necə kömək ola bilərəm?