• Ç. Fev 28th, 2024

Bashlibel.az

"Başlıbelin İnkişafına Dəstək" İctimai Birliyi

30 ildə ilk dəfə-Laçın yolu 10 gündür nəzarətimizdə

Dek 21, 2022

Artıq 10 gündür, azərbaycanlı gənc fəallar, QHT təmsilçiləri, ekoloqlar Xankəndi-Gorus yolunun Şuşadan keçən hissəsində dinc aksiya keçirirlər. Onlar Azərbaycanın sülhməramlıların müvəqqəti nəzarətində olan ərazilərdə baş verən ekoterrora, faydalı yataqların qanunsuz istismarına, dövlət qurumlarının bu ərazilərdə monitorinqinə imkan yaradılmamasına, Laçın yolu ilə qanunsuz yüklərin daşınmasına etiraz bildirir, buna son qoyulmasını tələb edirlər. Bir sıra ekspertlər Azərbaycan tərəfinin bu aksiyasını dinc antiterror əməliyyatı da adlandırır.
Bu müddətdə beynəlxalq təşkilatlar Azərbaycanın haqlı tələblərinə dəstək olmaq, ekoterrorun dayandırılması tələblərinin yerinə yetirilməsi üçün separatçılara, Ermənistana, yataqlarımızı qanunsuz istismar edən xarici şirkətlərə təzyiq göstərmək əvəzinə, yenə də ölkəmizə qarşı qərəzli mövqedən çıxış edir, ikili standartların şahidi oluruq. Hansı ki, bu beynəlxalq təşkilatlar özlərini qlobal ekoloji problemlərin carçısı kimi qələmə verirlər. Ancaq onlar hazırda da Qarabağın talan edilməsinə göz yumur, 30 illik saxtakarlıq ənənələrinə sadiq qalırlar.
Üstəlik, belə fon yaratmağa çalışırlar ki, guya Azərbaycan Qarabağdakı erməniləri blokadada saxlayır.
Hansı ki, reallıq tamam başqadır, yolu sülhməramlılar bağlamışdı, oradan qanunsuz yük daşıyanlar, ekoterroru törədənlər də ermənilər və xarici havadarlarına məxsus şirkətlərdir.
Bu cür riyakar yanaşmaların nəticəsidir ki, ermənilər, özünü “artsax”ın dövlət naziri kimi qələmə verən Ruben Vardanyan və digərləri yenə də məzlum donuna girərək, yalanlar uydurur, yazıq görkəmlərini yaradaraq Azərbaycana təzyiq göstərilməsi üçün hiyləgər libaslarına bürünürlər.
Vardanyan çərşənbə axşamı deyib ki, nə qədər orada azərbaycanlılar dayanırlar, ermənilər Laçın yolu ilə getməkdən imtina edirlər: “Onlar yol kənarındadırlar, istədikləri zaman maşınları saxlaya bilirlər. Ona görə də deyirik ki, bu, qəbuledilməzdir. Azərbaycanlılar oranı tamamilə tərk etməlidirlər”.
Vardanyan özünün də Xankəndidən çıxa bilmədiyini deyib.
Sərsəmliyin həddinə diqqət edin: Deyirlər ki, Azərbaycan torpaqlarında azərbaycanlılar yola da nəzarət etməsin, ermənilər bildiyini etsin, Qarabağa qanunsuz gələn şirkətlər Laçın yolu ilə sərvətlərimizi daşıyıb aparsın.
İkincisi, axı Rusiya vətəndaşı olan, Qarabağda doğulmayan, Xankəndidə heç zaman yaşamayan Vardanyanın burada nə işi vardı ki, indi də deyir heç yerə çıxa bilmirəm?! Azərbaycana fırıldaq gəlmək bu qədər asan görünürdü?..
Azərbaycanın mövqeyi qətidir: Qarabağdakı bütün qanunsuz fəaliyyətlərə son verilməlidir. Sülhməramlılar bunu təmin etmir, edə bilmir, ona görə də dinc azərbaycan vətəndaşları yola nəzarəti özləri həyata keçirir. Bu o qədər prinsipial məsələdir ki, vətəndaşlarımız 20 dekabrda Şuşaya qar yağsa da, boran başlasa da həmin ərazidə əzmlə dayanmaqdadır, aksiya davam edir. Bu aksiya vasitəsi ilə ortaya çıxan siyasi gerçəkliksə çox maraqlıdır. Bu gerçəklik bundan ibarətdir – ekofəalların start verdiyi, bütün cəmiyyətin dəstəklədiyi aksiya vasitəsi ilə Laçın yoluna nəzarət Azərbaycan xalqına keçib! Biz toplum və aksiyada iştirak edən xalq təmsilçiləri olaraq, Qarabağdakı erməni separatçılarının qida və nəfəs borusu hesab olunan bir nöqtəyə ayaq qoymuşuq, onu təpikləyir və elə bir təzyiq yarada bilirik ki, səsi Vatikandan, Vaşinqtondan, Parisdən gəlir. Rus sülhməramlılarının nəzarətində olan və 5 km enində olması nəzərdə tutulan bir yola nəzarət ələ alınıb. Bu, müvvəqqəti və xəbərdarlıq xarakterli ola bilər. Lakin hər kəs gördü, ermənilərsə anladı – Azərbaycan istədiyi an və istədiyi qədər bu nəfəs və qida borusunu sıxa bilər, kimsə də buna heç nə edə bilməz. Hətta Rusiya sülhməramlıları belə!
Heç şübhəsiz, istənilən an Azərbaycanın bölgədə və ən yaxında olan hərbi gücü dinc vətəndaşları əvəzləyə bilər. Zatən xalq etirazları ilə verilən mesaj da budur. Üstəlik, buna qanunlarımız da, beynəlxalq normalar da tam şərait yaradır. Rusiyanın dominantlığında qurulan və ermənilərin çox güvəndiyi (həm də üzvü olduğu) KTMT katibi Zas da bəyan etdi ki, Laçın yolu Azərbaycan ərazisidir və bu qurum prosesə heç cür müdaxilə edə bilməz…
Yəni məsələnin ideologiyası budur : erməni silahlıları və ərazimizdə qanunsuz məskunlaşan Vardanyanlar bölgədən çıxmırsa, Azərbaycanın təbii sərvətləri və bizim olan mədənlər qanunsuz istismar olunursa, sülhməramlılar Üçlü Bəyanatı (10.11.2022) həyta keçirdə, ərazimlərimizdəki talanı dayandıra, qanunsuzluqlara və təhlükəsizliyimizə nəzarət edə bilmirsə, Azərbaycan bunu həyata keçirməyə qadirdir.
Məntiqi sonluq buna doğru gedir.

Etibar Ağayev

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Translate »
Open chat
Salam.
Sizə necə kömək ola bilərəm?