• Ça. Fev 27th, 2024

Bashlibel.az

"Başlıbelin İnkişafına Dəstək" İctimai Birliyi

Aprel döyüşləri-böyük zəfərin müjdəçisi oldu

Apr 4, 2023

İşğalçı Ermənistana qarşı qalibiyyətli Aprel döyüşlərindən (1-5 aprel) 7 il ötdü. 2016-cı il aprelin 1-dən 2-nə keçən gecə Azərbaycanın ön xətt mövqeləri və yaşayış məntəqələri Ermənistan silahlı qüvvələri tərəfindən intensiv artilleriya atəşinə məruz qalanda ordumuzun bölmələri uğurlu əks-həmlə ilə təxribatların qarşısını aldı. Bu, Aprel döyüşləri kimi tarixə düşdü. 4 gün çəkən döyüşlər Azərbaycan Ordusunun Silahlı Qüvvələrinin qələbəsi ilə nəticələndi. Belə ki, Tərtər rayonunun Talış kəndi ətrafındakı yüksəkliklər, Cəbrayıl rayonunun Lələtəpə yüksəkliyi və Cocuq Mərcanlı, Goranboy rayonunun Gülüstan kəndi, Tərtər rayonunun Qazaxlar və Suqovuşan kəndləri istiqamətində yollar, ümumilikdə 2 min hektar ərazi düşməndən azad olundu. 2016-cı il aprelin 4-ü Ermənistan ordusu itirilmiş mövqelərini geri qaytarmaq məqsədilə cəbhənin əsasən Ağdərə-Tərtər və Xocavənd-Füzuli istiqamətlərindəki mövqelərimizə yenidən hücum etdi, təmas xəttinə yaxın yaşayış məntəqələrimizi intensiv atəşə tutdu. Amma döyüşçülərimizin şücaəti qarşısında düşmən məqsədinə nail ola bilmədi. Təəssüf ki, şəhidsiz ötüşmədik. Lakin dörd günlük müharibə Azərbaycan əsgərinin döyüş və mənəvi-psixoloji hazırlığının, qələbə əzminin yüksək olduğunu nümayiş etdirdi. İşğalçı ordunun “məğlubedlməzlik” mifi darmadağın edildi. Bu mini-zəfər əlbəttə ki, 2020-ildəki Böyük Zəfərin “baş məşqi” və xəbərçisi idi. Təcavüzkarın torpaqlarımızdan qovulacağı günün uzaqda olmadığının müjdəçisi idi.
Ordunun gücləndirilməsi, müasir standartlara uyğun ordu səviyyəsinə gətirilməsi hələ Ulu Öndər Heydər Əliyev hakimiyyətdə olanda onun diqqətində olan əsas məsələlərdən biri idi. Torpaqlarımızın gec-tez döyüş yolu ilə azad ediləcəyini Heydər Əliyev çox dəqiq bilirdi. Ona görə də ordu quruculuğunu dövlətin prioritetlərindən biri elan etmişdi. Bu siyasət İlham Əliyev hakimiyyətə gəldikdən sonra çox uğurla davam və inkişaf etdirildi. Birinci Qarabağ müharibəsində ordumuz yeni yaradılmasına baxmayaraq, silah çatışmazlıqları yaşamasına baxmayaraq döyüş əməliyyatları təcrübəsi qazanmışdı. İllər keçdikcə Azərbaycan Ordusunun güclənməsinin yeni mərhələsi başlandı. Yeni müasir silahlar alındı, zabitlərimizin, hərbçilərimizin Türkiyə ordusu ilə hərbi təlimləri daha intensiv aparıldı, müxtəlif xarici ölkələrdə, o cümlədən qardaş Türkiyədə təhsil almağa göndərilən hərbçilərimizin sayı artırıldı. Bu mərhələ bizi məhz torpaqlarımızın azad edilməsinə doğru aparırdı. 2016-cı ilin aprel döyüşləri böyük qələbənin real olduğunu, Azərbaycan Ordusunun gücünü, ərazilərimizi azad etməyə hazır vəziyyətdə olduğunu nümayiş etdirdi. Azərbaycan xalqı, dövləti uzun illər keçməsinə baxmayaraq heç zaman işğal faktı ilə barışmadı, torpaqlarımızın nəyin bahasına olur-olsun azad edilməsi mövqeyində oldu. Azərbaycan Ordusunun böyük tarixə imza atmağa hazırlığı davamlı həyata keçirildi. Ali Baş Komandan İlham Əliyev ordu quruculuğu ilə paralel olaraq diplomatiya meydanında misilsiz işlər həyata keçirdi, dünya ölkələrindən Azərbaycanın haqq işinə dəstək verilməsi üçün lazımi addımlar atıldı. Azərbaycanın hərbi büdcəsi ilbəil artırıldı və hətta Ermənistanın dövlət büdcəsindən yüksək səviyyəyə çatdırıldı. Azərbaycan dövləti, xalqı, ordusu ərazilərimizin azad edilməsi məsələsində vahid gücə çevrilmişdi. Bütün sadaladığım məqamlar və ən vacibi hakimiyyət-xalq birliyi, ordu-xalq vəhdəti istər aprel döyüşlərində, istərsə də 2020-ci il 27 sentyabrda başlanan Vətən müharibəsində qələbəni qaçılmaz etdi. Aprel döyüşləri Azərbaycan Ordusu üçün test rolunu oynadı. Testdən ordumuz, cəmiyyətimiz müvəffəqiyyətlə keçdi. Ermənilərin “Ohanyan səddi” adlandırdıqları istehkamlar məhz aprel döyüşlərində yarıldı. Azərbaycan Ordusunda ruh yüksəkliyi yarandı, xalqımızda torpaqlarımızın tamamilə azad edilməsini bacaracağımıza tam inam formalaşdı. Lələtəpə yüksəkliyinin azad edilməsi ilə qarşıdakı 10-12 kilometrlik məsafə Azərbaycan Ordusunun nəzarəti altına keçdi. Aprel döyüşləri eyni zamanda ordumuzun peşəkarlığını göstərdi. Ordumuz əlverişsiz mövqelərdən əks-hücum əməliyyatı apararaq strateji mövqelərə sahib oldu. Bu strateji yüksəkliklər, mövqelər, işğaldan azad edilmiş ərazilər bizə imkan verdi ki, təmas xəttində mövcud olan vəziyyətə tam nəzarət edək və istədiyimiz tədbiri görə bilək. Təmas xətti dəyişdirildi. Həm peşəkarlıq, həm də vətənpərvərlik ruhu baxımından aprel döyüşləri bir daha göstərdi ki, Azərbaycan xalqı qəhrəman xalqdır. Bir daha onu göstərdi ki, biz işğalla barışmayacağıq. Onu göstərdi ki, xalq-iqtidar birliyi Azərbaycanda yüksək səviyyədə təmin olunur, möhkəmlənir. Aprel döyüşləri Azərbaycan xalqının, dövlətimizin, ordumuzun gücünü əyani şəkildə göstərdi. Göstərdi ki, ordu quruculuğuna yetirilən diqqət, aparılan siyasət, maddi-texniki bazanın möhkəmləndirilməsi, ordumuzun döyüş potensialının gücləndirilməsi qələbəyə gətirib çıxarır.
Aprel döyüşləri süni yaradılmış “yenilməz erməni ordusu” mifini sındırdı: “Ermənistan uzun illər ərzində öz ordusu haqqında miflər yaradırdı ki, onların güclü ordusu var və bu ordu böyük qələbə əldə etmişdir. Aprel döyüşləri demək olar ki, onların ideoloji əsaslarını dağıtdı. Ermənistan cəmiyyəti sarsıldı, təşviş içərisində yaşamağa başladı. Bu döyüşlər Azərbaycanın öz torpaqlarını işğalçı qoşunlardan təmizləmək qüdrətində olduğunu sübuta yetirdi. Həmin döyüşlərdən sonra Ermənistan silahlı qüvvələrində çaxnaşma yarandı, işğalçı ordunun rəhbərləri işdən qovuldu, daha sonra isə müharibə caniləri olan Qarabağ klanı Ermənistanda hakimiyyətdən getdi. Aprel döyüşləri Ermənistan dövlətini laxlatdı, aprel döyüşlərinə qədər özündənrazı, ruh yüksəkliyi olan erməni cəmiyyəti pessimizm, ruh düşkünlüyü girdabına yuvarlandı. Bu da Azərbaycanın həlledici döyüşdə böyük zəfəri üçün əlavə zəmin yaratdı.
Etibar Ağayev
Bashlibel.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Translate »
Open chat
Salam.
Sizə necə kömək ola bilərəm?