• Ça. Fev 27th, 2024

Bashlibel.az

"Başlıbelin İnkişafına Dəstək" İctimai Birliyi

Ermənilərə 24 aprel “sürprizi” – 10 noyabr sənədi Konstitusiyamızdan üstün deyil!

Apr 23, 2023

Nəhayət ki, gözlənilən baş verdi. Bu gün saat 12:00-da Ermənistan ərazisindən Laçın yoluna girişdə sərhəd-buraxılış məntəqəmiz quruldu.

Olayla bağlı Dövlət Sərhəd Xidmətinin yaydığı məlumatda deyilir: “2020-ci il 10 noyabr tarixli üçtərəfli Bəyanata zidd olaraq Ermənistandan Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələri üçün canlı qüvvə, silah-sursat, mina, eləcə də digər hərbi təyinatlı vasitələrin daşınmasının qarşısının alınması məqsədilə və Ermənistan tərəfindən aprelin 22-də birtərəfli qaydada Azərbaycan ilə sərhəddə Laçın-Xankəndi yolunun girişində nəzarət buraxılış məntəqəsinin qurulmasına adekvat olaraq aprelin 23-ü saat 12:00-da Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin bölmələri tərəfindən ölkəmizin suveren ərazilərində, Ermənistan ilə sərhəddə, Laçın-Xankəndi yolunun başlanğıcında sərhəd-buraxılış məntəqəsi qurulub”.

O da qeyd olunur ki, bu barədə Rusiya sülhməramlı kontingenti və Rusiya-Türkiyə Monitorinq Mərkəzinin komandanlıqlarına məlumat verilib.

“Sərhəd təhlükəsizliyinin təmin edilməsi, habelə hərəkətin təhlükəsizliyinin həyata keçirilməsi Azərbaycan Hökumətinin preroqativi və milli təhlükəsizlik, dövlət suverenliyi, qanunun aliliyi üçün zəruri şərtdir”.

Bu barədə isə Azərbaycan XİN-in müvafiq bəyanatında bildirilir.

“Üçtərəfli bəyanat üzrə öhdəliklərə uyğun olaraq, Laçın yolundan vətəndaşların, nəqliyyat vasitələrinin və yüklərin hərəkətinə Azərbaycan Respublikası tərəfindən təhlükəsizlik zəmanəti olan bu əlavə tədbir çərçivəsində Azərbaycanın Qarabağ bölgəsində yaşayan erməni sakinlərin bu məntəqədən hər iki istiqamətdə Ermənistana və Azərbaycana şəffaf və nizamlanan keçidi üçün müvafiq şərait yaradılacaq”, – deyə vurğulanıb və əlavə edilib ki, yuxarıda qeyd edilən nəzarət mexanizmi Rusiya sülhməramlı kontingenti ilə əlaqələndirmə şəraitində həyata keçiriləcək.

Amma kimı deyirsən, xəbər yayılar-yayılmaz haylar, o sırada separatçı tör-töküntüləri vay şivənə, nalə-nifrinə başlayıblar. Yenə “genosid”, “blokada” ağlaşması qurublar. 24 aprel qondarma “soyqırımı”n ildönümü ərəfəsində əllərinə deyəsən əlavə bəhanə düşüb. Azərbaycana qarşı ağlasığmaz, həyasız ittihamlar təzədən dövriyyəyə buraxılıb.

Özünü mifik dövlətin “prezidenti” sayan quldurbaşı Araik Arutunyan da “hərəkətə” keçib. Başının dəstəsi ilə təcili iclas çağırıb. Guya oyuncaq rejimin fikri nəyisə həll edir, onları saya salan var.

Ermənistandan çaqqal ulaşması daha gur eşidilməkdədir. Hamını təngə gətirən ənənəvi “etnik təmizləmə” bayatısı köhnə aranjemanda səslənməkdədir. Amma bunlara bir deyən yoxdur ki, Laçın-Xankəndi yolunda davam edən 133 günlük eko-aksiya zamanı Qarabağd hələ bir erməni belə acından ölməyib. Bunun harası blokada oldu?

Aksiyanın heç vaxt belə bir məqsədi, hədəfi olmayıb, indi də yoxdur. Eləcə də Laçın yolunun girişində, Ermənistanla sərhədə nəzarət-buraxılış məntəqəsinin yaradılması təbii ki, onu bağlamaq demək deyil.

O ki qaldı guya post qoymaqla Azərbaycanın 10 noyabr üçtərəfli anlaşmanı pozması iddiasına, əvvəla, kapitulyasiya sənədini ən çox vecinə almayan elə Ermənistan və Rusiyadır. Sənədin 4-cü (qanunsuz hərbi birləşmələrin ərazimizdən çıxarılması) və 9-cu bəndlərini (Zəngəzur dəhlizi) yada salmaq yetər. Odur ki, ermənilər bu anlaşmanı yada salmasalar, yaxşıdır.

İkinci yandan, Azərbaycan nəzarət postunu öz suveren ərazisində qoyub! Həm də qarşı tərəf analoji məntəqə yaradandan sonra. Ən əsası, heç bir müvəqqəti üçtərəfli bəyanat hüquqi baxımdan Azərbaycan Konstitusiyasından üstün ola bilməz! Bunu rus da, erməni də, fransız və fars da əla bilir. Ermənistan qarşı tərəfdə post qoya bilər, biz yox?!

Nəhayət, sonuncusu, “soğan yeməmisinizsə, gözünüz niyə göynəyir? Yol ki, humanitar məqsədlər üçün yenə də açıq olacaq. Buna şəkk-şübhə edənmi var? Ondansa, yaxşı olar “Şeytan yuvası”ndakı xuntaçılar sadə erməni əhalinin Bakı ilə birbaşa dialoquna əngəl yaratmasınlar. O zaman olan-qalan gərginlik daha tez aradan qalxar, iki xalqın barışığı sürətlənər. Bölgədə rus başda olmaqla, heç bir ara qarışdırana, yalançı vasitəçiyə lüzum qalmaz!

Onsuz da, terrorçu-separatçı dəstələrin ömrünə çox qalmayıb. Bu gün onların mühasirəsi, silah-sursat təchizatı bir az da daralmış oldu. Seçim vaxtıdır. Ya Azərbaycan bayrağı və Konstitusiyasını qəbul eləmək, ya da nə qədər başları çiyinləri üstündədir, torpaqlarımızdan rədd olub getmək!..

Zahid SƏFƏROĞLU

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Translate »
Open chat
Salam.
Sizə necə kömək ola bilərəm?