![]()
Hər bir xalq üçün öz taleyinə sahib olmaq, müstəqil dövlətini qurmaq və onu inkişaf etdirmək ən böyük tarixi nailiyyətlərdən biridir. Azərbaycan xalqının çoxəsrlik dövlətçilik tarixində də bu amal daim mühüm yer tutub. Tarixin müxtəlif mərhələlərində müharibələr, işğallar, siyasi və iqtisadi çətinliklərlə üzləşməsinə baxmayaraq, xalqımızın müstəqillik və dövlətçilik iradəsi heç vaxt sarsılmayıb. Bu gün Azərbaycan öz müstəqil dövlətinə sahibdir və ölkənin ərazi bütövlüyünün, dövlət suverenliyinin təmin edilməsi xalqımızın milli iradəsinin və qəhrəmanlığının nəticəsidir.
Dövlət suverenliyi dövlətin əsas xüsusiyyətlərindən biri olmaqla, onun öz ərazisində ali hakimiyyətə malik olması, daxili və xarici siyasətini müstəqil şəkildə həyata keçirməsi və başqa dövlətlərdən asılı olmaması deməkdir. Bu baxımdan suverenlik yalnız hüquqi anlayış deyil, həm də dövlətin mövcudluğunun, siyasi müstəqilliyinin və gələcək inkişafının əsas təminatıdır.
Azərbaycanın dövlət suverenliyinin tam bərpasına gedən yol isə uzun və mürəkkəb olub. Ölkəmizin beynəlxalq səviyyədə tanınmış əraziləri 30 ildən artıq müddətdə işğal altında qalıb. Bu dövrdə Azərbaycan xalqı böyük faciələrlə üzləşib, şəhər və kəndlər dağıdılıb, tarixi, dini və mədəni abidələrə ciddi ziyan vurulub, azərbaycanlılara qarşı etnik təmizləmə həyata keçirilib. İşğalın nəticələrinin aradan qaldırılması və BMT Təhlükəsizlik Şurasının qətnamələrinin icrası istiqamətində uzun illər aparılan danışıqlar isə nəticəsiz qalıb.
Belə bir şəraitdə Azərbaycanın öz ərazi bütövlüyünü bərpa etmək üçün ortaya qoyduğu siyasi iradə və hərbi güc 2020-ci ildə özünün ən parlaq ifadəsini tapdı. Ermənistanın 27 sentyabr 2020-ci ildə başlatdığı növbəti hərbi təcavüzə cavab olaraq başlayan 44 günlük Vətən müharibəsi Azərbaycanın tarixi Zəfəri ilə başa çatdı. Müzəffər Azərbaycan Ordusu işğal altında olan ərazilərin böyük hissəsini azad etdi və Azərbaycan öz ərazi bütövlüyünün bərpası istiqamətində həlledici nəticə əldə etdi.
Lakin ərazi bütövlüyünün bərpası dövlət suverenliyinin tam təmin olunması üçün son mərhələ deyildi. Qarabağda fəaliyyət göstərən və heç bir dövlət tərəfindən tanınmayan separatçı rejimin mövcudluğu Azərbaycanın öz ərazisində hakimiyyətin aliliyini tam şəkildə həyata keçirməsinə mane olurdu. Bu səbəbdən Azərbaycanın qarşısında duran əsas məsələlərdən biri ölkənin bütün ərazisində dövlət nəzarətinin və konstitusiya quruluşunun tam bərpası idi.
2023-cü il aprelin 23-də Laçın-Xankəndi yolunun başlanğıcında, Həkəri çayı üzərində nəzarət-buraxılış məntəqəsinin yaradılması bu istiqamətdə mühüm addımlardan biri oldu. Bu addım Azərbaycanın beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində suveren hüquqlarını və nəzarət funksiyasını həyata keçirməsinin mühüm göstəricisinə çevrildi.
Bununla belə, Qarabağda davam edən təxribatlar və Ermənistan silahlı qüvvələrinin qalıqlarının mövcudluğu vəziyyətin tam həll olunmadığını göstərirdi. Nəhayət, 2023-cü il sentyabrın 19-da Azərbaycan Qarabağ iqtisadi rayonunda genişmiqyaslı təxribatların qarşısının alınması, Ermənistan silahlı qüvvələrinin qalıqlarının tərk-silah edilərək ərazidən çıxarılması və Azərbaycan Respublikasının konstitusiya quruluşunun bərpası məqsədilə antiterror tədbirlərinə başladı. Cəmi 23 saat 43 dəqiqə davam edən əməliyyat nəticəsində Azərbaycan Ordusu qarşıya qoyulan vəzifələri yüksək peşəkarlıqla yerinə yetirdi.
Bu əməliyyat Azərbaycanın dövlətçilik tarixində yeni mərhələnin başlanğıcı oldu. Separatçı rejim özünü buraxdığını elan etdi, Azərbaycanın bütün əraziləri üzərində dövlət hakimiyyətinin aliliyi və nəzarəti tam şəkildə bərpa olundu. Beləliklə, 20 sentyabr 2023-cü il Azərbaycan Respublikasının dövlət suverenliyinin tam təmin edildiyi tarixi gün kimi ölkənin müasir tarixində özünəməxsus yer qazandı.
Bu tarixi hadisənin əhəmiyyətini nəzərə alan Azərbaycan Prezidenti İlham Əliyevin 19 sentyabr 2024-cü il tarixli Sərəncamı ilə hər il sentyabrın 20-nin Dövlət Suverenliyi Günü kimi qeyd edilməsi təsis edildi. Bu qərar yalnız yeni bir əlamətdar günün təqvimə daxil edilməsi deyil, həm də Azərbaycanın müstəqillik, ərazi bütövlüyü və dövlətçilik uğrunda uzun illər davam edən mübarizəsinin tarixi nəticəsinin dövlət səviyyəsində əbədiləşdirilməsidir.
Dövlət Suverenliyi Gününün təsis edilməsi 2020-ci il Vətən müharibəsində əldə olunan Zəfər və 2023-cü ilin antiterror tədbirləri ilə formalaşan tarixi mərhələnin məntiqi davamıdır. Bu tarix Azərbaycan dövlətinin öz ərazisində ali hakimiyyətini tam şəkildə həyata keçirməsinin, ərazi bütövlüyünün və siyasi müstəqilliyinin möhkəmlənməsinin rəmzinə çevrilib.
Bu baxımdan 2025-ci ilin “Konstitusiya və Suverenlik İli” elan edilməsi də xüsusi əhəmiyyət daşıyır. Konstitusiya və suverenlik dövlətin hüquqi və siyasi əsaslarını, milli kimliyini və müstəqilliyini ifadə edən fundamental dəyərlərdir. Suveren dövlət beynəlxalq münasibətlərdə müstəqil qərarlar qəbul edir, digər dövlətlərlə bərabərhüquqlu əlaqələr qurur və öz ərazi bütövlüyünü təmin edir.
Bu gün Azərbaycan tam suveren dövlət kimi qarşısında yeni inkişaf mərhələsinin imkanlarını görür. Ərazilərimizin bütövlüyünün və dövlət suverenliyimizin təmin olunması ölkənin siyasi sabitliyinin möhkəmlənməsi və iqtisadi inkişafının sürətlənməsi üçün də yeni imkanlar yaradır. Qarşıda duran əsas vəzifə əldə edilmiş tarixi nailiyyətləri qorumaq, dövlətçiliyi daha da möhkəmləndirmək və Azərbaycanın inkişaf dinamikasını davam etdirməkdir.
20 Sentyabr artıq Azərbaycan xalqının yaddaşında yalnız tarixi hadisənin ildönümü kimi deyil, milli iradənin, dövlətçilik əzminin və suverenliyin təntənəsi kimi yaşayır. Bu tarix uzun illər davam edən mübarizənin, şəhidlərimizin və qəhrəman əsgər-zabitlərimizin fədakarlığının nəticəsi olaraq Azərbaycanın öz taleyinə tam sahib çıxmasının rəmzidir.
Dövlət Suverenliyi Günü həm də gələcək nəsillərə mühüm bir mesaj verir ki, müstəqillik və suverenlik yalnız əldə edilən deyil, daim qorunmalı və möhkəmləndirilməli olan milli sərvətdir. Azərbaycanın qarşıdakı inkişaf yolu isə məhz bu möhkəm təməl üzərində qurulur.
Vasif Qafarov,
Milli Məclisin deputatı
Bashlibel.az