![]()
ABŞ Prezidenti Donald Tramp Tehran tərəfindən Hörmüz boğazının tam, dərhal və təhlükəsiz şəkildə açılması şərti ilə İrana qarşı bombardmanları və hücumu iki həftəlik dayandırmağa hazır olduğunu açıqlayıb.
Tramp bu qərarın onu gecə İrana qarşı planlaşdırılan dağıdıcı gücün tətbiqindən çəkinməyə çağıran Pakistanın Baş naziri Şahbaz Şərif və feldmarşal Asim Munirlə aparılan danışıqların yekununda qəbul edildiyini bildirib.
Amerika lideri söyləyib ki, söhbət ikitərəfli atəşkəsdən gedir.
O, həmçinin iddia edir ki, ABŞ artıq qarşıya qoyulan bütün hərbi məqsədləri yerinə yetirib və hətta onları aşıb, eləcə də İranla və Yaxın Şərqdə uzunmüddətli sülhə dair yekun razılaşmanın hazırlanmasında əhəmiyyətli dərəcədə irəliləyib.
Bashlibel.az xəbər verir ki, mövzu ilə bağlı Zefer.media–ya açıqlama verən politoloq Turan Rzayev bildirib ki, ABŞ Prezidenti Donald Trampın “bu gecə qədim bir sivilizasiya məhv olacaq, bunun baş verməsini istəmirəm, amma yəqin ki, baş verəcək” təhdidindən sonra İrana qarşı başladılan hərbi əməliyyatlar dayandırılıb:
“Atəşkəsin iki həftə qüvvədə olacağı deyilir. İran tərəfi isə bildirir ki, müharibə yalnız 10 aprel danışıqlarında 10 bəndlik saziş tam imzalandıqdan sonra başa çatmış hesab olunacaq.
Müharibə hələki bitmiş sayılmır. Bu sadəcə atəşkəs razılığıdır. Vəziyyət hələ də həssas və qırılqandır. Hər an hər şey ola bilər. Buna baxmayaraq, atəşkəsin əldə olunması gözlənilirdi. Məsələ ondadır ki, İsrail və ABŞ-nin İrana qarşı başlatdığı hərbi əməliyyatlar gözlənilən nəticəni vermədi. Düzdür, Təl-Əviv və Vaşinqton İranın ali rəhbəri Əli Xamenei olmaqla bir çox mühüm şəxsi sıradan çıxarıb, İran infrastrukturuna, hərbi obyektlərinə və iri şəhərlərinə ciddi zərər vurub. Lakin Tehranın cavabı da gözləniləndən sərt oldu.
ABŞ-nin Yaxın Şərqdəki bir çox mühüm hərbi bazası və bu bazaların yerləşdiyi ölkələr İran tərəfindən açıq hədəfə çevrildi və zərbələr endirildi. Hətta Vaşinqtonun Fars körfəzinə gətirdiyi donanmaya, o cümlədən F-15E qırıcı təyyarəsinə, daha sonra isə qırıcının pilotlarını axtarmağa göndərilən “Black Hawk” tipli helikopterə zərbələr endirilməsi, İsrailə aramsız zərbələr endirilməsi vəziyyəti daha da ciddi hala gətirdi ”.

Politoloq əlavə edib ki, faktiki olaraq İranın müqaviməti ABŞ üçün də gözlənilməz oldu:
“Bundan başqa, körfəz ölkələrinin, Türkiyənin və Avropa müttəfiqlərin Vaşinqtona dəstək verməməsi, hətta əməliyyatların dayandırılması yönündə təzyiqləri də Vaşinqtonu belə bir addım atmağa vadar etdi.
Lakin subyektiv yanaşmam belədir ki, atəşkəsin əldə edilməsində ən böyük faktor Çindir. Ayətullah Müctəba Xameneinin Çinin diplomatik səyləri və son anda göstərdiyi təzyiq nəticəsində Pakistanın təklif etdiyi 2 həftəlik atəşkəsi qəbul etdiyi deyilir. Lakin ən önəmlisi Pekinin İrana hərbi yardımları idi.
Son günlər İran ordusunun ABŞ-yə qarşı daha effektiv və sərras cavab zərbələri endirməsi ABŞ-ni çətin vəziyyətə saldı. Halbuki son həftəyə qədər ciddi itkilərə məruz qalan bir İran vardı. Bariz şəkildə cəbhədə dəyişiklik sezilirdi. Burada ağla batan əsas versiya Çinin İrana yeni nəsil HHM sistemləri, raketlər və fərqli təyinatlı silahlar verməsidir. Məntiqlə ABŞ silahlarına rəqib olacaq alternativlər yalnız Çində var. Yəni belə nəticəyə gəlmək olar ki, Pekin Tehrana diplomatik təzyiq edib, Vaşinqtonu isə İrana etdiyi yardımlar ilə danışıqlar masasına çəkməyi bacarıb.
Pakistanın baş naziri Şahbaz Şərif ABŞ, İsrail və İran nümayəndələrini aprelin 10-da danışıqlar üçün İslamabada dəvət edib. İsrailin baş naziri Benyamin Netanyahu Donald Trampın İrana zərbələri dayandırmaq barədə qərarını dəstəkləyib.
Qarşıda planlanan iki həftəlik atəşkəs və aprelin 10-da keçirilməsi ehtimal olunan sülh danışıqları var. Buna baxmayaraq, həm ABŞ həm də İran tərəfi indidən özünü qalib elan edib. Lakin ortada heç bir tərəf üçün tam qələbə yoxdur. Əgər bu qələbədirsə yalnız “Pir qələbəsi” ola bilər”.
Aytən Yalçınqızı
Bashlibel.az