• Bz. May 26th, 2024

Bashlibel.az

"Başlıbelin İnkişafına Dəstək" İctimai Birliyi

Arayik təsdiqlədi: ermənilər Ağdam-Xankəndi yolunun açılmasına RAZILAŞIB

Avq 23, 2023

Loading

Qarabağ separatçılarının başçısı Arayik Arutyunyan dünən qondarma “təhlükəsizlik şurası”nın iclasında Ağdam-Xankəndi yolu ilə ticarətin aparılması barədə qərar qəbul edildiyini bildirib.

Bashlibel.az xəbər verir ki, bu barədə Ermənistanın “Hraparak” nəşrinin məlumatında qeyd olunub.

Xatırladaq ki, iyul ayında Brüsseldə Avropa Şurasının sədri Şarl Mişel Azərbaycanın Ağdam-Xankəndi yolu vasitəsilə Qarabağa humanitar dəhliz verməsi təklifini alqışlamışdı. Bu məsələ  BMT Təhlükəsizlik Şurasının bir neçə gün öncə keçirilən iclasında da müzakirə edilib.

“Hraparak” yazır ki, Arayik Arutyunyan indi artıq məsələni müzakirəyə çıxarmır, onu reallıq kimi təqdim edir. Nəşr qeyd edir ki, bu qərarın müqavimətə səbəb olacağı proqnozlaşdırıldığı üçün Karen Matevosyanın başçılığı ilə milislərin “hərəkəti” əvvəlcədən təşkil edilib.

“Bu silahlı dəstə tezliklə Ağdam-Xankəndi yolunda qoyulan səddi sökməyə çalışacaq. Arayik Arutyunyan dünənki iclasda bildirib ki, həmin yolda ticarət “qismən” olacaq, tikinti materialları, dizel yanacağı, dərmanlar daşınacaq, ərzaq isə Rusiya sülhməramlıları vasitəsilə Laçın yolu ilə gətiriləcək. Lakin bu, Laçın yolunun tam işlək olacağı anlamına gəlmir. “Artsax sakinləri”nin oradan hərəkəti məhdudlaşdırılacaq”, – “Hraparak” qeyd edib.

Məlumatda o da bildirilir ki, A.Arutyunyan Azərbaycandan da alınacaq qaz və elektrik enerjisi ilə bağlı məsələnin növbəti mərhələdə müzakirə edilməsinin nəzərdə tutulduğunu qeyd edib:

“O, deyib ki, Azərbaycan güzəştə gedir və bunun müqabilində isə Ağdam-Əsgəran-Xankəndi-Şuşa yolunun istismara verilməsini tələb edir. Söhbət “Nənə və baba” heykəlinin altından keçən məşhur dolama yoldan gedir. Bu məsələləri təşkil etmək üçün yaxın vaxtlarda yenidən görüş keçiriləcəyi qərara alınıb”.

Dünənki iclasda separatçıların qondarma “təhlükəsizlik şurasının keçmiş katibi” Samvel Babayan da iştirak edib. Yaxın günlərdə Samvel Babayan başda olmaqla Arayik Arutyunyan ətrafında formalaşan komandanın Azərbaycan tərəfi ilə görüşə gedəcəyi, digər məsələlərlə bağlı razılıqların əldə olunacağı istisna edilmir.

“Hraparak” yazır ki, Qarabağ separatçılarının keçmiş başçıları Bako Saakyan, Arkadi Qukasyan və “keçmiş dövlət katibi” Ruben Vardanyan Ağdam Xankəndi yolunun açılmasına qarşıdırlar. Xankəndidəki rejimin qondarma “parlament sədri” David İşxanyan da bu məsələdə Arayikə qarşıdır. David İşxanyan dünənki iclasa dəvət olunsa da, Arayikin təklifini rədd edərək, yığıncağa qatılmayıb.

Bashlibel.az

Translate »