![]()
Uzun zamandır ki, özümə aid paylaşımlar, yazılar yazmırdım, sadəcə qısa paylaşımlarla kifayətlənirdim. Amma bu gün mənim üçün çox özəl bir gün olduğu üçün, çoxdan etmək istədiyim bir paylaşımı etmək istəyirəm. Hətta deyə bilərəm ki, bu yazını yazmaq üçün düz 8 ildir gözləyirəm.
Bu gün həyatımda çox böyük bir hadisə baş verdi. Bayram bayrama qarışdı… Biz eyni anda bir neçə bayramı qeyd edirik – Novruz bayramını, Ramazan bayramını və eyni zamanda mənim üçün ən önəmlisi: bu gün mən fəlsəfə doktorluğu diplomumu aldım. Artıq rəsmi olaraq alim adına layiq görüldüm və təhsilimin bütün pillələrini uğurla yekunlaşdırdım.
Türklər demişkən – “dilə asan, 8 il”… Amma bu 8 ildə mən nələr yaşamadım ki… Bir anlıq bu illərə nəzər salanda, saniyələr içində gözümün önündən saysız-hesabsız xatirələr keçir.
Bu yolda mənə dəstək olan, mənimlə birlikdə addımlayan hər kəsə ilk növbədə təşəkkür etmək istəyirəm. Bu gün həm çox kövrəyəm, həm də çox qürurluyam. Kövrəyəm, çünki bu yola atamın arzusu ilə başlamışdım.
2018-ci ildə atamın arzusu ilə başladım. Atam və anam hər zaman məni alim kimi görmək istəyirdilər… Təəssüf ki, bu gün bu sevincli anımda yanımda deyillər. Ümid edirəm ki, məni görürlər və ruhları şaddır.
Eyni zamanda qürurluyam, çünki bu 8 ildə çox əziyyətlərə qatlaşdım, çox çətinliklər gördüm. Amma heç vaxt pes etmədim, geri çəkilmədim. Dəfələrlə yarımçıq qoymaq fikrim olsa da, bu gün bu diplomu alaraq bütün çətinlikləri arxada qoydum.
Yolun əvvəlindən başlamaq istəyirəm… Doktoranturaya qəbul olunduqdan sonra Tamilla xanımla ilk danışığımız zamanı mənə çox maraqlı, amma bir o qədər də çətin bir mövzu təklif olundu. Qeyd edildi ki, bu mövzu daha əvvəl bir doktoranta verilib, lakin o, işləmədən imtina edib. Açığı, mənim xarakterim belədir ki, mənə bir işin çətin olduğu deyildikdə, daha da həvəslə və məsuliyyətlə yanaşıram. Elə bu məqam da mənim üçün dönüş nöqtəsi oldu – sanki digər bütün mövzulara olan marağım azaldı və bütün diqqətimi bu istiqamətə yönəltdim.
Özümə söz verdim ki, bu işi var gücümlə, haqqı ilə və dürüst şəkildə həyata keçirərək sona çatdırım və müdafiəyə təqdim edim.
Daha sonra gündəlik iş həyatım, ailə qurmağım və artan məsuliyyətlər bu yolu bir qədər çətinləşdirdi və yavaşlatdı. İşlərimiz bir müddət zəif tempdə davam etdi, amma ruhdan düşmədən laboratoriya işlərini tamamlamaq üçün Tamilla xanımla əlimizdən gələni etdik.
Bu mərhələdə laboratoriya işlərində bizə dəstək olan Xalid müəllimə xüsusi təşəkkürümü bildirirəm. O, bizə inandı və bu yolun davam etməsində böyük rol oynadı. Eyni zamanda mənə hər addımda öz doktorantı kimi qayğı göstərən və biliklərini paylaşan Kadir Yeşilbağ hocama da təşəkkür edirəm. Mənim elmi məsləhətçim olmağı qəbul etdiniz və yolumu aydınlatdınız.
Daha sonra həyatımda yeni bir mərhələ başladı – qızım dünyaya gəldi və mən bir müddət işdən kənarlaşdım. Maraqlıdır ki, qızım dünyaya gəldikdən sonra doktoranturaya qarşı məndə yenidən böyük bir həvəs yarandı. Özümə dedim ki, bu işi ya tamamlamalıyam, ya da başqa istiqamətdə davam etməliyəm. Bu mərhələdə artıq çətinliklər mənə güc gəlməyə başlamışdı.
Bir çox yerlərə müraciət etdim, çox insanlarla əlaqə saxladım. Sonra ağlıma gəldi ki, Şəlalə Zeynalova xanımla danışım. Düşünürdüm ki, bəlkə də deyəcək ki, bu mövzuya yaxın işlə məşğuldur və mən başqa istiqamət seçməliyəm. Amma ona zəng edəndə mənə dedi ki, işimi göndərim, baxsın. Göndərdim və qısa müddət sonra mənə geri dönüş etdi – dedi ki, sənin işin artıq hazırdır və çox aktualdır, qalan məqalələri tamamlayıb müdafiəyə çıxa bilərsən.
Şəlalə xanımın bu sözləri mənə sanki ikinci nəfəs verdi. Yenidən böyük həvəslə işə başladıq, qalan prosedurları tamamladıq, dissertasiyanı yekunlaşdırdıq və müdafiəyə çıxdım. Hətta bizim sorağımız Amerikaya qədər gedib çatdı. İşimizi Çikaqoda belə təqdim etdik.
Təbii ki, bundan sonrakı sənədləşmə və digər mərhələlər də olduqca uzun və zəhmətli keçdi. Amma çox şükür ki, hamısının öhdəsindən gəldik.
Yuxusuz gecələr, iki körpə uşaq, ailə həyatı, iş, məsuliyyətlər… və buna baxmayaraq bitməyən öyrənmə prosesi…
Bu yolda mənə ən böyük dəstək ailəmdən, yaxınlarımdan və əzizlərimdən gəldi. Bu, tək bir insanın işi deyil – bu, bir ailənin, bir nəslin yüküdür.
Bu yolda mənə dəstək olan hər kəsə ayrı-ayrılıqda təşəkkür edirəm. Yaxşı ki varsınız, yaxşı ki məni bu yolda tək qoymadınız.
Bu diplom yalnız mənim deyil – hamımızındır.
Elimizə, obamıza xeyirli olsun.
Hər kəsə sonsuz təşəkkürlər…
Yaxşı ki varsınız.

Bashlibel.az