“Separatçı xunta rejiminin nümayəndələrinin azad edilməsi barədə Azərbaycan hər hansı bir öhdəliyə malik deyil”.
Bashlibel.az Modern.az-a istinadən xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadənin Ermənistan baş nazirinin 12 oktyabr tarixində “Sülh qovşağı: təhlükəsizlik və demokratiyanın vəhdəti” adlı forumda çıxışı zamanı Azərbaycana qarşı səsləndirdiyi fikirlərə dair şərhində bildirlib.
“Azərbaycan indiyə qədər humanizm prinsipinə sadiq qalaraq bütün hərbi əsirləri Ermənistan tərəfinə təhvil verib. Erməni əsilli hərbi cinayətkarların və separatçı xunta rejiminin nümayəndələrinin azad edilməsi barədə isə Azərbaycan hər hansı bir öhdəliyə malik deyil.
Sonda bir daha Azərbaycanın tarixi və beynəlxalq hüquqi çərçivədə mövcud olan ərazilərinə qarşı əsassız iddialarından, tarixin saxtalaşdırılmasından əl çəkməyən, beynəlxalq hüquq prinsiplərini kobudcasına pozan, yürütdüyü təcavüz siyasəti səbəbindən düşdüyü vəziyyətdən nəticə çıxarmayan Ermənistan rəhbərliyini heç bir çərçivəyə sığmayan, reallıqları təhrifə edən və nəticə etibarilə beynəlxalq ictimaiyyəti yanıltmağa yönələn açıqlamalardan çəkinməyə çağırırıq”, – deyə açıqlamada vurğulanıb.
Xatırladaq ki, dünən Azərbaycan Respublikasının Qarabağ bölgəsinin və digər suveren ərazilərinin Ermənistanın hərbi təcavüzü nəticəsində işğal olunduqdan sonra yaradılmış qondarma qurumun “prezidentləri” olmuş Arkadi Gukasyan, Bako Sahakyan, Arayik Harutyunyan, sabiq “xarici işlər naziri” Davit Babayan, eləcə də “parlament sədri” David İşxanyan, generallar David Manukyan və digərlərinin barəsində seçilmiş həbs-qətimkan tədbirlərinin müddətinin uzadılması ilə bağlı Baş Prokurorluğun İstintaq idarəsinin vəsatətlərinə və Azərbaycan Respublikasının Baş prokurorunun təqdimatlarına Binəqədi rayon məhkəməsində baxılıb.
Məhkəmənin qərarına əsasən, onlar barəsində seçilmiş həbs-qətimkan tədbirinin müddəti uzadılıb.
Separatçı rejimin ümumilikdə 14 nəfər üzvü Azərbaycan Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə məsuliyyətə cəlb olunub.
Bashlibel.az