![]()
Bərdə rayonunda sarsıdıcı hadisə baş verib. Lotereya satışı ilə məşğul olan şəxs dələduzluqla üzləşdikdən sonra keçirdiyi ağır stres nəticəsində dünyasını dəyişib.
Faciə 8 noyabr 2026-cı il tarixində Bərdə şəhərində yerləşən Beynəlxalq Avtovağzal ərazisində qeydə alınıb.
Kəlbəcər rayonu Başlıbel kənd sakini, 1976-cı il təvəllüdlü Əmrəliyev Zülfi Bayram oğlu həmin ərazidə “poz-qazan” (lotereya) satarkən ona naməlum müştəri yaxınlaşıb. Həmin şəxs ümumilikdə 400 manatlıq lotereya biletini pozmuş, əlavə olaraq isə pozulmamış lotereya paçkası da götürərək ödənişi yaxınlıqdakı mağazada edəcəyini bildirmişdir.
Birlikdə həmin mağazaya doğru hərəkət edərkən həmin şəxs qəfildən qaçaraq ərazidən uzaqlaşmağa başlayıb. Zülfi Əmrəliyev dərhal onun arxasınca qaçsa da, dələduzu tutmaq mümkün olmayıb.
Hadisədən dərhal sonra “102” Xidmətinə zəng edərək məlumat verən Zülfi Əmrəliyev daha sonra Bərdə Rayon Polis Şöbəsinə gedərək ətraflı izahat verib. Lakin şöbədən çölə çıxan zaman qəflətən halı pisləşib.
Polis əməkdaşlarının dərhal çağırdığı təcili tibbi yardım maşını ilə Bərdə Rayon Təcili Tibbi Yardım Şöbəsinə çatdırılan xəstə komaya düşüb. Həkimlərin bütün səylərinə və göstərdikləri tibbi müdaxilələrə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb və o, elə xəstəxanadaca vəfat edib.
Mərhum Zülfi Əmrəliyevin iki övladı var: onlardan biri ali təhsil müəssisəsinin, digəri isə peşə məktəbinin tələbəsidir. Ailənin yeganə işləyən üzvü olan mərhumun ailəsinin maddi vəziyyətinin həddindən artıq ağır olduğu bildirilir.
Rayon sakinləri və mərhumun yaxınları ümid edirlər ki, bu ölümə səbəb olan həmin dələduz hüquq-mühafizə orqanları tərəfindən qısa müddətdə tapılacaq və qanun qarşısında sərt şəkildə cavab verəcəkdir.
Bashlibel.az