Bakıda keçiriləcək COP29 tədbiri zamanı Heydər Əliyev Beynəlxalq Aeroportu gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək.
Bashlibel.az “APA-Economics” -ə istinadən xəbər verir ki, bunu Heydər Əliyev Beynəlxalq Aeroportunun direktoru Teymur Həsənov brifinq zamanı bildirib.
Onun sözlərinə görə, tədbir zamanı əlavə işçilər və könüllülər işə cəlb edilib, bütün proseslərin tənzimlənməsi üçün işçi qrupu yaradılıb.
“Hazırda Bakı aeroportu üzrə gündəlik sərnişin dövriyyəsi 18-20 min arasıdır. COP29 zamanı bu rəqəmin 25-27 minə çatacağı gözlənilir”, – Teymur Həsənov qeyd edib.
O əlavə edib ki, hava limanı gücləndirilmiş rejimdə gündə 45-50 min sərnişinə xidmət göstərə bilər.
Teymur Həsənov bildirib ki, COP29 çərçivəsində əlavə 15 çarter reysinin həyata keçirilməsi də planlaşdırılır.
Aeroportun rəhbəri onu da əlavə edib ki, COP29-a hazırlıq çərçivəsində uçuş-enmə zolağı əsaslı təmirdən sonra istifadəyə verilib, mövcud sürmə yolları təmir olunub, 3 yenisi inşa edilib.
Qeyd olunub ki, sərnişin ötürmə qabiliyyətinin artırılması məqsədilə təhlükəsizlik baxış məntəqələrinin sayı artırılıb. Self-check-in (12 ədəd) və baggage drop-off (10 ədəd) terminallarda quraşdırılıb. Hava limanında internet avadanlıqları yenilənib, daha sürətli və dayanıqlı bağlantı təmin edilib.
Bashlibel.az