![]()
“Başlıbelin İnkişafına Dəstək” İctimai Birliyinin sədri Vüqar Həşimov, müavini Nurəddin Həşimov, Nəzarət Təftiş Komissiyasının sədri Səbuhi Ağayev və İdarə Heyətinin üzvü Rövşən Həşimovun Kəlbəcər rayonu üzrə Prezidentin xüsusi nümayəndəsi Bəşir Hacıyevlə ötən həftə keçirdikləri görüşdən cəmi üç gün sonra ilk praktiki nəticəsi olub.
Belə ki, iyulun 6-da “Başlıbelin İnkişafına Dəstək” İctimai Birliyinin təşkilatçılığı, Kəlbəcər rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin dəstəyi ilə Kəlbəcərin Bəylik kəndindən Başlıbel kəndinə qədər 12 kilometrlik yolun, həmçinin Başlıbel kəndinin vacib əhəmiyyətli daxili yollarının qismən bərpa-təmiri həyata keçirilib. Bərpa-təmir işləri üçün ərazidə fəaliyyət göstərən şirkətin texnikaları cəlb olunmuşdur.
“Başlıbelin İnkişafına Dəstək” İctimai Birliyinin sədri Vüqar Həşimov və Birliyin Nəzarət Təftiş Komissiyasının sədri Səbuhi Ağayevin şəxsən iştirakı ilə həyata keçirilən iş nəticəsində təkcə Başlıbel kəndinə deyil, 12 kilometrlik yol üzərində yerləşən daha 5 kəndə gedən yol qismən təmir olunaraq gediş-gəliş üçün daha da yaxşı vəziyyətə gətirilib.
Vüqar Həşimov bildirib ki, 12 kilometr Bəylik-Başlıbel yolu gur sulu Tutqu çayı sahili boyunca olduğundan sel, daşqınlar, dərələrdən axan sular yola ziyan vurur. Nəticədə Başlıbelə və digər bir neçə kəndə səfər edən, orada fermer təsərrüfatı ilə məşğul olan insanlar çətinliklər yaşayırdılar: “Kəlbəcər rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi cənab Bəşir Hacıyevin dəstəyi, müvafiq şirkətin təşəbbüsə operativ müsbət reaksiyası yol probleminin xeyli dərəcədə həll edilməsi ilə nəticələndi. Müvəqqəti də olsa da həm Bəylik-Başlıbel yolu, həm də Başlıbel kəndinin bir sıra daxili yolları abadlaşdırıldı. İnşallah kəndimiz layihələndirilib yenidən inşa ediləndə yollarımız asfaltlanacaqdır. Biz isə İctimai Birlik olaraq, həm də başlıbellilər olaraq ictimai məsuliyyətimizi dərk edərək kəndimizin yollarının hələlik müvəqqəti də olsa yararlı vəziyyətə gətirilməsi üçün təşəbbüslər göstəririk. Təşəbbüslərimizə Kəlbəcər rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi cənab Bəşir Hacıyev çox həssaslıqla yanaşdı və dəstəyini əsirgəmədi. Mən Xüsusi Nümayəndəliyə, şəxsən Bəşir Hacıyevə, həmçinin ərazidə fəaliyyət göstərən şirkətin rəhbərliyinə göstərdiyi ciddi diqqətə, dəstəyə görə İctimai Birliyimizin bütün üzvləri, başlıbellilər adından təşəkkür edirəm. Bəşir müəllimin, Cənab Pezidentimizin Kəlbəcərlə bağlı qarşıya qoyduğu əhəmiyyətli işlərə necə yüksək həssaslıqla yanaşdığını biz hər dəfə rayona səfər edəndə rayonumuzun sürətlə yaxşıya doğru dəyişməsində, quruculuq işlərində görürük. Sevindirici haldır ki, Xüsusi Nümayəndəlik rayon əhalisi ilə, kənd əhalisinin yaratdığı İctimai Birliklərlə əlaqələrə, əməkdaşlığa üstünlük verir. Yerlərdən gələn təklif və təşəbbüslərə obyektiv yanaşır. Biz “Başlıbelin İnkişafına Dəstək” İctimai Birliyinin təşəbbüsünə verilən dəstəyin nümunəsində bir daha bunun şahidi olduq. Biz tam əminik ki, bu iş prinsipi, bu cür əməkdaşlıq Kəlbəcərin quruculuğu və gələcək inkişafına çox ciddi töhfələr verəcəkdir”.
Vüqar Həşimov onu da deyib ki, 30 il işğalda olmuş kəndlərimiz, şəhərlərimiz yerlə yeksan edilib. Bu dağınıtının miqyası nəhəngdir. Ona görə də tikinti-quruculuq, abadlıq işlərinin də miqyası çox böyükdür: “Tikinti-quruculuq işləri Kəlbəcər rayonunda yüksək səviyyədə gedir. Biz də ictimai məsuliyyətimizi dərk edərək kiçik də olsa bu abadlaşma işlərinə bir töhfəmizi vermək qərarına gəldik. Kəndimizin yolunu müvəqqəti də olsa qismən bərpa etmək təşəbbüsü ilə çıxış etdik. Xüsusi Nümayəndəliyin və ərazidə fəaliyyət göstərən şirkətin dəstəyi ilə qarşımıza qoyduğumuz işi reallaşdırdıq. Dövlətimizin üzərində 30 il darmadağın edilmiş yaşayış məntəqələrimizin qurulması kimi çox ağır bir yük var. Biz ictimai təşkilatlar olaraq, vətəndaşlar olaraq bu ağır yükün qaldırılması işində dövlətimizə mümkün dəstəyimizi verməliyik. Biz də çiynimizi bu yükün altına verməliyik. 30 il ərzində darmadağın edilmiş şəhərlərimiz kəndlərimiz bərpa olunur, bu şəhərlərin, kəndlərin əhalisinin 30 ildən artıq məcburi köçkünlük həyatına son qoyulur və onlar doğma yurdlarındakı yeni, müasir standartlara uyğun abad evlərə köçürülürlər. Ancaq mənim müşahidələrimə görə bəzən oraya yeni köçmüş insanlar, köçməyə hazırlaşan bəzi adamlar elə xırda məsələləri böyüdərək qabardırlar ki, sanki bu 30 ildə çadırlarda, yataqxanalarda ağır şəraitdə yaşamış insanlar deyillər. Yeni evində suyun kranı bir az yaxşı işləmirsə, otağın qapısının dəstəyində cüzi bir problem varsa bu cür xırda texniki məsələləri faciə səviyyəsinə qaldırmağa axı nə ehtiyac var?! Təbii buna ehtiyac yoxdur. Gəlin, kəndlərimizin, şəhərlərimizin quruculuq işlərinə dəstək verək. Xırda məsələlərə enerji ayırmayaq. Çatışmayan nə isə varsa bunu çalışıb özümüz həll edək. Hər şeyi dövlətin üzərinə qoysaq düzgün olmaz. Biz İctimai Birlik və Başlıbel camaatı olaraq məsələyə həm də bu cür yanaşdığımız üçün dövlətlə əl-ələ verib kəndimiz üçün işlər görmək nümunəsini ortaya qoyduq. Hesab edirəm ki, çox yaxşı bir nümunə oldu”


Bashlibel.az
Bashlibel.az