“Başlıbelin İnkişafına Dəstək” İctimai Birliyi 2024-cü il üçün nəzərdə tutduğu fəaliyyət planına daxil olan daha iki işi həyata keçirib. Bashlibel.az xəbər verir ki, Kəlbəcər rayonunun ən böyük kəndlərindən olan Başlıbeldə böyük qəbirsanlıq mövcuddur. Rayonun digər kəndləri kimi Başlıbelə də yay mövsümündə heyvandarlıq təsərrüfatları yerləşir. Nəticədə işğal zamanı ermənilərin dağıtdığı qəbiristsanlığa mal-qaranın daxil olması halları qaçılmaz olur. Belə halların qarşısının alınması, qəbiristanlığın qorunması üçün “Başlıbelin İnkişafına Dəstək” İctimai Birliyi təşəbbüskarlıq göstərib. Birliyin təşkilatçılığı və kənd sakinlərinin iştirakı ilə avqustun 20-21-də Başlıbel kənd qəbiristanlığı çəpərlənib. Bu xeyirxah və vacib işin reallaşdırılmasında Birliyin sədri Vüqar Həşimov başda olmaqla, bir qrup Birlik üzvü, ümumilikdə 20 nəfərdən yuxarı Başlıbel sakini şəxsən iştirak edib.
Bundan başqa Birlik Başlıbel kəndinin ərazisinin başlanğıc nöqtəsində yol kənarına kəndin adı yazılan lövhə quraşdırıb. Birliyin sədri Vüqar Həşimov bildirib ki, gələcəkdə Başlıbel kəndinin bərpa-tikinti işləri həyata keçirildikdən sonra əhali məskunlaşdırılanda dövlət tərəfindən həmin nöqtəyə xüsusi lövhə quraşdırılacaq. “Başlıbelin İnkişafına Dəstək” İctimai Birliyi ictimai məsuliyyətini dərk edərək o zamana qədər müvəqqəti olaraq istiqamətverici funksiya daşıyan lövhəni hazırladıb yerləşdirib. Məqsəd kəndə səfər edən insanlara köməkdir.
Bashlibel.az