18 aprel Başlıbel qətliamından bu gün 31 il keçir. Bu münasibətlə Başlıbel qətliamı qurbanlarının ailə üzvlərinin, hadisə şahidlərinin və Başlıbel kəndinin ağsaqqallarının təmsilçilərinin qətliam həyata keçirilən ərazidə dəfn edilmiş şəhidlərin məzarlarını ziyarəti həyata keçirilib. Səfər Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi və Başlıbelin İnkişafına Dəstək İctimai Birliyi tərəfindən təşkil olunub.
Qətliam qurbanlarının ailə üzvləri, şahidlər, kənd ağsaqqalları qətliamın baş verdiyi yerdə olub və şəhidlərin xatirəsini yad ediblər, şəhidlərin ruhuna dualar oxunub.
“Başlıbelin İnkişafına Dəstək” İctimai Birliyinin sədri, Başlıbel sakini Vüqar Həşimov əmin olduğunu bildirib ki, ziyarət etdikləri bu məzarlar Ermənistanın Azərbaycana qarşı törətdiyi vəhşiliklərin daha bir nümunəsidir: “1993-cü ildə Kəlbəcər rayonu işğal olunanda kənddən çıxa bilməyən qoca, qadın, uşaq, xəstə insanlarla yanaşı, onları qorumağa qalxan cavanlar da olub. Onlar gəlib kəndin ətrafındakı kahalara sığınıblar. Ancaq cəmi 17 gün burada gizlənə biliblər. Kəndi qarətə gələn ermənilər qayalıqlarda gizlənən sakinləri tapıb və onları əsir götürüb, qətlə yetiriblər. Qırğından sağ qalanlar isə 113 gün dağlarda gizlənərək, özlərini qoruyub və Daşkəsən rayonu ərazisinə keçə bilmişlər. Bu qətliam Ermənistan dövlətinin hərbi cinayətidir. Ermənistan gec-tez Ermənistana bu cür cinayətlərinə görə beynəlxalq hərbi tribunalda cavab verəcək. Azərbaycan dövləti və xalqı müzəffər Ali Baş Komandan İlham Əliyevin sərkərdəliyi altında böyük qələbələrə imza atıb və imza atmaqda davam edir. Bütün ərazilərimizdə suverenliyimizi bərpa etdiyimiz kimi Ermənistanın dünya ədalət məhkəmələri qarşısında cavab verməsinə də nail olacağıq”.
Qeyd edək ki, Ermənistan Respublikasının azərbaycanlılara qarşı törətdiyi qətliamlardan biri 1993-cü ilin aprelində Azərbaycanın Kəlbəcər rayonunun Başlıbel kəndində həyata keçirilib. Belə ki, 1993-cü ilin aprelində Kəlbəcər rayonunun işğalı zamanı doğma torpaqlarını tərk etməyən 62 nəfər Başlıbel sakini (əlavə olaraq Başlıbelə pənah gətirən 4 nəfər Laçın rayon sakini və mühasirəyə düşən 9 nəfər əsgər) kənd ərazisindəki kahalara sığınıblar. Amma Ermənistan Silahlı Qüvvələrinə girov düşməmək üçün dağlara sığınan qoca, qadın, uşaqlar cəmi 16 gün gizlində qala biliblər. 1993-cü il aprelin 18-də erməni hərbçiləri qadın, uşaq və yaşlıların gizləndiyi yeri aşkarlayıblar. Başlıbelin işğalı zamanı erməni quldurları tərəfindən 27 nəfər güllələnib. Ermənistan hərbçilərinin Başlıbel kəndinə daxil olduqları 05 aprel 1993-cü ildən 17 aprel 1993-cü il tarixinədək Başlıbel kəndi ərzisində 6 nəfər qətlə yetirilib. Bunlardan 3 nəfəri 68, 98 və 102 yaşlı qadın, 3 nəfəri isə 53, 72 və 76 yaşlı kişi olub. Həmin müddətdə Başlıbel kəndini tərk edib xilas olmaq istəyən 27, 54, 58, 93 yaşlı 4 qadın, 38, 64, 65, 79 və 103 yaşlı 5 nəfər kişi Kəlbəcər rayonu ərazisində güllələnib. 19 nəfər kənd sakini (qadın, uşaq və qoca) isə Ermənistan hərbçiləri tərəfindən girov götürülüb. Ermənilər Başlıbel kəndini işğal edən gün II Dünya Müharibəsi iştirakçısı olan bir nəfəri – Hüseyn Hüseynovu diri-diri yandırıblar. Kənd sakini Qənaət Ağamirovu işgəncə ilə qətlə yetiriblər. 5 nəfər Başlıbel sakini isə Kəlbəcər rayonunun müxtəlif ərazilərində girov götürülüb.
18 aprel 1993-cü ildə erməni hərbçilər 62 nəfərin gizləndiyi kahaların yerini müəyyən edib və ərazini mühasirəyə alaraq dinc insanlara qarşı dəhşətli qətliam tprədiblər. Aralarında 2 nəfər azyaşlı uşaq, 4 nəfər qadın, 6 nəfər kişi (4 nəfəri ahıl yaşda) düşməndən gizləndikləri kahalarda güllələnib qətlə yetirilib. Sıralarında azyaşlı uşaqlar olmaqla 10 nəfərdən yuxarı dinc sakin yaralanıb. Eləcə də həmin gün 9 nəfər qadın, 2 nəfər azyaşlı uşaq, 3 nəfər ahıl girov götürülüb. Düşmən gülləsindən canını qurtara bilən 30 nəfər isə yenidən dağlara çəkiliblər. Həmin şəxslərin mühasirə həyatı 113 gün çəkib. Mühasirədən çıxaraq dörd sutka piyada yol qət edən 29 nəfər 1993-cü il iyulun 22-də mühasirədən çıxa və həyatlarını xilas edə biliblər. Amma 1 nəfər – I və II Dünya Müharibəsi iştirakçısı Ələsgər Kazımov doğma torpağını tərk etməyərək Başlıbeldə qalıb. Ələsgər Kazımov bugünədək itkin sayılır və onun barəsində hər hansı bir məlumat yoxdur.
2020-ci ilin 27 sentyabrında başlanan ikinci Qarabağ müharibəsi 25 noyabrda Kəlbəcər rayonunun və Başlıbel kəndinin də işğaldan azad edilməsi ilə nəticələnib. İşğaldan azad olunmasından sonra Başlıbel kəndində kütləvi qətliam zamanı qətlə yetirilən 12 nəfərin cəsədi 2021-ci il aprelin 24-də ekskumasiya olunraq Bakıya – Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinə gətirilib və müvafiq istintaq hərəkətləri aparılıb. Faciə qurbanlarının meyit qalıqlarından və həmin şəxslərin ailə üzvlərindən götürülmüş DNT analizlərinin, molekulyar-genetik və digər xüsusatların araşdırılması üçün tibbi-kriminalistik ekspertizaların nəticələri onların erməni hərbçiləri tərəfindən güllələnərək qətlə yetirildiyini təsdiqləyib. Faciə qurbanları 2021-ci ilin sentyabrın 3-də mühasirədə qalan kənd sakinlərinin dəfn etdikləri ərazidə torpağa tapşırılıblar.
Həmçinin, işğaldan sonra Başlıbel kəndinə səfər edən hüquq-mühafizə orqanlarının əməkdaşlarının səfəri zamanı kəndin tarixi-mədəni abidələrinin, o cümlədən XVII-XVIII əsrin yadigarı olan məscidin dağıdılması müəyyən olunub. Kəndin qəbristanlığı erməni vandalları tərəfindən dağıdılıb, məzarların içərisi dağıdılaraq cəsədlərin üzərində olan qiymətli metallar qarət edilib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 24 sentyabr 2021-ci ildə Birləşmiş Millətlər Təşkilatı Baş Assambleyasının 76-cı sessiyasında çıxışı zamanı Başlıbeldə törədilən kütləvi qətli vurğulayaraq dünya birliyinin diqqətini Ermənistanın törətdiyi bu müharibə cinayətinə çəkib.
Başlıbel qətliamı Ermənistan Respublikasının dinc azərbaycanlılara qarşı yol verdiyi müharibə cinayətlərindən biridir.
Bashlibel.az