• Şb. İyl 27th, 2024

Bashlibel.az

"Başlıbelin İnkişafına Dəstək" İctimai Birliyi

Başlıbel sakinlərinin dünya ictimaiyyətinə və  beynəlxalq təşkilatlara M Ü R A C İ Ə T İ

Apr 20, 2023

Loading

Xəbər verdiyimiz kimi, 18 aprel 1993-cü ildə Ermənistan silahlı birləşmələrinin Başlıbel kəndində dinc əhaliyə qarşı törətdiyi qətliamın 30 illiyi ilə bağlı Gəncədə Kəlbəcər Rayon İcra Hakimiyyəti və “Başlıbelin İnkişafına Dəstək” İctimai Birliyinin təşkilatçılığıyla “Başlıbel qətliamı-30 il” adlı anım anım tədbiri keçirilib. Anım tədbirində Başlıbel sakinlərinin, “Başlıbelin İnkişafına Dəstək” İctimai Birliyinin dünya ictimaiyyətinə və  beynəlxalq təşkilatlara müraciəti qəbul olunub.

Müraciətdə deyilir: “Azərbaycanlılar etnik mənsubiyyətinə görə əsrlər boyu yaşadıqları doğma yurdlarından silah gücünə qovulmuş, dinc əhali, o cümlədən qoca, qadın və uşaqlar kütləvi şəkildə qətlə yetirilmiş, girov götürülmüş, dözülməz işgəncələrə məruz qalmışdır.

XX əsrin 90-cı illərində beynəlxalq hüquq normalarını kobud şəkildə pozan Ermənistan Respublikası Azərbaycanın 20 faiz tarixi torpaqlarını işğal etmişdir. Qarabağ və onun ətrafındakı 7 rayonu işğal etməsi ilə Ermənistan bölgədə ağır humanitar fəlakətin yaşanmasına səbəb olmuşdur. Erməni hərbi birləşmələrinin  Zəngəzurda, Xocalıda, Qaradağlıda, Ballıqayada, Ağdabanda və Başlıbeldə törətdiyi müharibə cinayətləri nəticəsində minlərlə dinc insan qətlə yetirilmişdir.

1993-cü ilin aprel ayında Kəlbəcər rayonunun Başlıbel kəndinin işğalı zamanı Ermənistan silahlı qüvvələri tərəfindən 27 nəfər dinc kənd sakini güllələnmişdir. Erməni terroçularının Başlıbel kəndinə daxil olduqları – 05 aprel 1993-cü ildən 17 aprel 1993-cü il tarixinədək kənd ərzisində 6 nəfər qətlə yetirilmişdir. Həmin şəxslərdən 3 nəfəri 60 yaşdan yuxarı qadın, 3 nəfəri 60 yaşdan yuxarı kişi olmuşdur. Həmin müddətdə Başlıbel kəndini tərk edib xilas olmaq istəyən 9 nəfər isə (onlardan 1 nəfəri 90 yaşdan yuxarı qadın, 4 nəfəri 60 yaşdan yuxarı kişi olub) Kəlbəcər rayonu ərazisində güllələnmişdir.

1993-cü il aprelin 18-də Ermənistan hərbçiləri Başlıbel kəndində qadın, uşaq və yaşlıların gizləndiyi yeri aşkarlamış, 2 nəfər azyaşlı uşaq, 4 nəfər qadın, 6 nəfər kişi (4 nəfəri ahıl yaşda) güllələnərək qətlə yetirilmişdir.

Ermənistan hərbi birləşmələri Başlıbel kəndini işğal edərkən II Dünya Müharibəsi iştirakçısı olan bir nəfəri – Hüseyn Hüseynovu diri-diri yandırmış, kənd sakini Qənaət Ağamirovu işgəncə ilə qətlə yetirmişlər.

Evlərini tərk etməyən 9 nəfər qadın, 2 nəfər azyaşlı uşaq, 3 nəfər ahıl kənddə, 5 nəfər Başlıbel sakini isə Kəlbəcər rayonunun müxtəlif ərazilərində girov götürülmüşlər.

Ümumilikdə, aprel işğalı zamanı 19 nəfər dinc Başlıbel kənd sakini (qadın, uşaq və qoca) Ermənistan silahlıları tərəfindən girov götürülmüşdür. 

Bununla da Ermənistan Respublikası “Müharibə zamanı mülki şəxslərin müdafiəsi haqqında” IV Cenevrə Konvensiyasının girov götürməni qadağan edən 34-cü maddəsini kobudcasına pozmuşdur.

2020-ci ilin noyabrında Başlıbel kəndinin işğaldan azad edilməsindən sonra  Ermənistanın hərbi birləşmələri tərəfindən qətlə yetirilmiş 12 nəfərin cəsədinin qalıqları aşkarlanmışdır. 2021-ci il aprelin 24-də həmin cəsədlərin qalıqları ekskumasiya olunaraq Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinə gətirilmiş və müvafiq istintaq hərəkətləri aparılmışdır. Faciə qurbanlarının nəşlərinin qalıqlarından və həmin şəxslərin ailə üzvlərindən götürülmüş DNT analizlərinin, molekulyar-genetik və digər xüsusatların araşdırılması üçün tibbi-kriminalistik ekspertizaların nəticələri onların güllələnərək qətlə yetirildiyini təsdiqləmişdir. Qətlə yetirildiyi şahid ifadələri ilə təsdiqlənən 27 nəfər dinc Başlıbel sakinindən 15 nəfərinin meyitinin qalıqları bugünədək tapılmamışdır. Başlıbel kənd sakini, Birinci və İkinci Dünya müharibələrinin iştirakçısı olan Ələsgər Kazımov bugünədək itkin sayılır və onun barəsində hər hansı bir məlumat əldə etmək mümkün olmamışdır. Rayonun işğaldan azad olunmasından sonra Başlıbel kəndinə səfər edən hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən kəndin tarixi-mədəni abidələrinin, o cümlədən XVII-XVIII əsrin yadigarı olan məscidin dağıdılması müəyyən olunmuşdur. Həmçinin, kəndin qəbiristanlığının işğal müddətində dağıdılması, məzarların içərisinin dağıdılaraq cəsədlərin üzərində olan qiymətli metalların qarət edilməsi aşkar edilmişdir. Təkzibolunmaz faktlar, şahid ifadələri təsdiq edir ki, erməni hərbi birləşmələrinin və onların tərkibində olan muzdluların Kəlbəcər rayonunun Başlıbel kəndində də beynəlxalq hüquq, beynəlxalq humanitar hüquq normalarının, o cümlədən Müharibə qurbanlarının müdafiəsi haqqında 1949-cü il tarixli Cenevrə Konvensiyalarının tələblərini kobud şəkildə pozaraq azərbaycanlı mülki şəxslərə, qocalara, uşaqlara, hərbi qulluqçulara, xüsusilə də yaralılara və həlak olmuş şəxslərə qarşı işgəncə və insanlıq əleyhinə əməllərlə müşahidə olunan müharibə cinayətləri törətmişdir. Eyni zamanda Ermənistan silahlı qüvvələri tərəfindən müharibə dövründə işğal olunmuş ərazilərimizdə azərbaycanlıların qətlə yetirilərək kütləvi şəkildə dəfn edilməsi faktı mövcuddur. Halbuki III Cenevrə Konvensiyasının 120-ci, IV Cenevrə Konvensiyasının 130-cu maddələri əsirlikdə vəfat etmiş şəxslərin şərəflə, mümkün olduğu halda öz dini adətlərinə uyğun və qarşısıalınmaz hallar olmadığı təqdirdə fərdi məzarlarda dəfn edilməsini tələb edir.

Təəssüf ki, Ermənistanın Başlıbel kəndində də insanlığa qarşı törətdiyi cinayət əməllərinə münasibətdə ayrı-ayrı dövlətlər, aidiyyəti beynəlxalq təşkilatlar hələ də öz biganəliyini davam etdirir. Baxmayaraq ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 24 sentyabr 2021-ci ildə Birləşmiş Millətlər Təşkilatı Baş Assambleyasının 76-cı sessiyasında çıxışı zamanı Başlıbeldə törədilən kütləvi qətli vurğulayaraq dünya birliyinin diqqətini Ermənistanın törətdiyi bu müharibə cinayətinə çəkmişdir.

Başlıbel kəndində törədilən müharibə cinayətinə dünya ictimaiyyətinin biganəliyindən ruhlanan Ermənistan Respublikası tərəfindən beynəlxalq hüquq normalarının tələbləri bu gün də pozulmaqda davam edir. Azərbaycanın çoxsaylı müraciətlərinə baxmayaraq, Ermənistan hələ Birinci Qarabağ müharibəsi zamanı Ermənistan silahlı qüvvələri tərəfindən qətlə yetirilən azərbaycanlıların yeri, əsir və girov götürülmüş azərbaycanlının sonrakı taleyi haqqında məlumat verməkdən boyun qaçırır. Beynəlxalq humanitar hüquqa əsasən münaqişə tərəflərinin nəinki cəsədlərin dəyişdirilməsi, onların axtarılıb tapılması istiqamətində, eləcə də onların kimliyinin müəyyənləşdirilməsində də əməkdaşlıq etmək kimi öhdəlik olmasına baxmayaraq, Ermənistan tərəfi törətdiyi sülh və insanlıq əleyhinə cinayətləri, müharibə cinayətlərini gizlətməyə çalışır.

Biz – bütün Başlıbel kənd sakinləri və  “Başlıbelin İnkişafına Dəstək” İctimai Birliyi olaraq, dünya ictimaiyyətini, beynəlxalq təşkilatları, insan hüquqlarının qorunmasına cavabdeh olan qurumları – BMT, Avropa İttifaqı, Avropa Şurası, dünyada sülhə töhfə vermək istəyən humanitar təşkilatları səsimizi eşitməyə, 1993-cü ilin aprel ayında Ermənistanın Başlıbel kəndinin işğalı zamanı törətdiyi insanlıq əleyhinə olan müharibə cinayətinin araşdırılmasına, bu cinayəti törədənlərin müəyyən edilib cəzalandırılması üçün hüquqi addımların atılmasına, bugünədək qətlə yetirilsə də, basdırıldığı yeri tapılmayan 15 nəfər Başlıbel sakininin cəsədlərinin qalıqlarının yerinin müəyyənləşdirilməsinə, itkin düşən 1 nəfər sakin haqqında məlumatın dəqiqləşdirilməsinə yardım etməyə çağırırıq”.

Müraciət ingilis dilinə tərcümə edilərək BMT, Avropa İttifaqı, Avropa Parlamenti, Avropa Şurası və digər beynəlxalq təşkilatlara göndəriləcək.

Bashlibel.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Translate »