![]()
24 iyun səhəri Başlıbelin daşı, torpağı, ağacı, arısı bir başqalaşmışdı. Sanki sükutun içində bir pıçıltı gəzirdi: bu torpaqlarda 32 ildən sonra ilk dəfə bir körpə dünyaya gələcəkdi… Bu, yalnız bir doğuş deyildi – bu, yurdun nəfəs almağa başlaması, viran olmuş evlərin, qırıq-qırıq həyət qapılarının, qoxusu hələ də sinədə qalan bu torpağın dirilməsi idi.
Başlıbel göz yaşlarıyla sevinirdi, amma bu sevincin içində narahatlıq da vardı. Körpə vaxtından tez gəlmək istəyirdi dünyaya, sanki 32 il gecikdiyini özü də hiss edirdi. Ana – günlərlə Bakıda müalicə almış, doğuşu planlı şəkildə keçirməyə hazırlaşan o qadın – indi dağların qucağında doğum sancısı ilə burulurdu. Obanın insanları kömək etmək üçün əl-ayağa düşmüş, gözlərində çaşqınlıq, üzlərində dua vardı.
Amma Tanrı bu torpağa yenidən doğulmaq haqqı verirdi. Başlıbelin tibb bacısı – illərlə Kəlbəcərin, Başlıbelin xəstələrinə şəfa vermiş, Əbülfət həkim kimi bir ustadın yanında yetişmiş Tamella – o an kəndin ümidi oldu. Təcrübəsi, səbirli əlləri, anaların duaları ilə birgə yeni bir həyat uğrunda mübarizəyə başladı. Qadınlar – Məhbubə, Həqiqət, Reyhan, Rübabə – əllərində təcrübədən çox ümid, bildiklərindən çox ürəklərindəki imanla Tamellaya kömək edirdilər.
Doğuş asan keçmirdi. Bakı ilə telefon əlaqəsi, təcili yardım üçün edilən zənglər, kəndin təlaşla dolu gözləri… Amma təbiətin sərtliyi, yolların əlçatmazlığı, zamanın məhdudluğu… bunlar insan iradəsini yenə bilmədi.
Tərtərdən təcili yardım yola çıxdı, amma ana daha gözləyə bilmədi. Sonuncu cəhd edildi… və bir anda – dağların sinəsini yara-yara bir körpə səsi eşidildi. Elə Kamandarın köhnə 06 markalı maşınında, bu torpağın damarı sayılan yolda, bir qız uşağı dünyaya gəldi.
Göz yaşına qarışan təbəssümlərlə kəndə müjdə qayıtdı. Körpənin adı – onu xilas edən əllərin şərəfinə Tamella qoyuldu.
Bu qızcığaz yalnız bir körpə deyildi. O, 32 ilin susqunluğunun cavabı, işğaldan doğan ümidin təcəssümü idi. Başlıbelin bağrından qopan ilk səs, ilk nəfəs idi. Və təsadüfə bax ki, bu körpə vaxtilə Başlıbel-Kəlbəcər avtobusunun sükanı arxasında oturmuş, kəndin hər daşını tanıyan Möhübbət kişinin nəticəsi idi. Möhübbət dayı bu günü görə bilmədi, amma ruhu yəqin ki, başı dik, qəlbi rahat idi – çünki onun kəndində, onun nəslində həyat yenidən doğulmuşdu.
Bu, sadəcə bir doğuş deyildi. Bu, tarixə yazılan, torpağın yaddaşına hopan, dağların sinəsində əbədi qalacaq bir dirçəliş idi. Başlıbel yenidən nəfəs alırdı. Körpənin səsi ilə…

Yalçın Ağayev
Bashlibel.az
Bashlibel.az