![]()
Başlıbelin o sıldırım qayaları arasında keçən 1993-cü ilin martı, indi yaddaşımda heç vaxt oyanmaq istəmədiyim, amma qəfil və amansızcasına yarıda kəsilən bir yuxu kimidir. O vaxtlar bayram təkcə təqvimdəki bir gün deyildi; bayram fevralın o sərt şaxtasında, uşaq əllərimizin qara, buza baxmadan dağlardan topladığı ardıc və gəvən qoxusunda başlayardı. Kənddə heç bir qapı oddan-alovdan kənarda qalmazdı. Kimin ardıc və gəvən gətirən uşağı yox idisə belə o evin də qapısına həmin ardıc və gəvən gətirilərdi. Hər bir qapıda mütləq tonqal qalanmalı idi. Çünki Başlıbeldə heç bir qonşunun ocağı sönük, heç bir ev o bayram işığından məhrum qala bilməzdi. O vaxtlar biz təkcə ardıc və gəvən yox, sanki bir-birimizə istilik və səmimiyyət daşıyırdıq.
Fevraldan başlayan o böyük həyəcan — yumurta döyüşləri martın sonuna qədər davam edərdi. Dörd çərşənbə boyu kəndin hər qapısında alovlar yüksələrdi. Xüsusən də o sonuncu — Torpaq çərşənbəsində uşaqların sevinci daha çox olar, qapılara papaqlar atılardı. O vaxt heç birimizin ağlına gəlməzdi ki, 1993-cü ilin bu Novruzu doğma kəndimizdə keçirdiyimiz sonuncu bayram olacaq. O alovlu çərşənbə tonqalları əslində uşaqlığımızın vida işığı imiş, amma qəlbimiz hələ bu bəladan xəbərsiz idi.
Bayram şirnisinin dadı hələ damağımızdan çəkilməmişdi, süfrələrdəki səmənilər hələ təzəcə boy verib evlərimizə bərəkət müjdəsi saçırdı. Amma cəmi bir neçə gün sonra — aprelin 1-də o acı və sarsıdıcı xəbər Başlıbelin üstünə bir kabus kimi çökdü. Torpaq çərşənbəsinin közü bəlkə də hələ tam soyumamışdı, amma biz hər şeyi — yarımçıq qalan bayram süfrələrini, qapısı açıq qalan evləri və neçə-neçə doğmamızın o dağlarda qalan son baxışlarını arxada qoyub didərgin düşdük. O gün sanki təkcə kəndimizi deyil, ruhumuzu da orada buraxdıq.
Artıq otuz ildən çoxdur ki, məcburi köçkünlük taleyi bizi Azərbaycanın müxtəlif rayonlarına, müxtəlif kəndlərinə səpələyib. Bu otuz ildə çox baharlar gördük, çox tonqallar qaladıq. Amma harada oluruqsa olaq, gördüyümüz heç bir adət, heç bir ənənə Başlibeldəkinin yerini vermədi. Heç bir tonqalın tüstüsü o ardıcın, gəvənin qoxusunu əvəz etmədi, heç bir bayram süfrəsi o uşaqlıqdakı bütövlüyü qaytarmadı.
Torpaqlarımız işğaldan azad olunsa da, Başlıbeldə həyat hələ bərpa olunmayıb və biz hələ də o uşaqlıq həyətlərimizə tam dönə bilməmişik. İndi ömür vəfa etsə, bir gün o kəndə geri dönsək belə, mənə elə gəlir ki, o vaxtkı bayram ruhunu yenidən bərpa etmək üçün uzun illər gərək olacaq. Çünki o vaxtkı Novruzlarda biz həm də tam idik — doğmalarımız sağ, evlərimiz isti, ümidlərimiz isə qırılmamışdı. Başlıbelin o yarımçıq qalan baharı, qəlbimizdə heç vaxt sağalmayacaq kövrək bir sızıltı kimi qalmiş və qalacaqdir.
Bu gün təqvimlər yenə baharı müjdələyir, təbiət yenidən oyanır. Amma bizim üçün əsl bahar — ruhumuzun qibləsi olan o dağlara, Başlıbelin ardıc qoxulu dərələrinə tam qovuşduğumuz gün gələcək.
Novruz bayramınız mübarək olsun! Arzu edirəm ki, qəlbinizdəki otuz ildən artıq olan o həsrət tezliklə vüsal sevinci ilə əvəz olunsun. Süfrələriniz bərəkətli, ocağınız həmişə gur yansın. Qoy bu bahar bizə uşaqlığımızdakı o bütövlüyü, o səmimi qonşuluq sevgisini və itirdiyimiz bütün gözəllikləri geri qaytarsın.
Növbəti çərşənbə tonqallarını Başlıbelin hər qapısında, doğma həyətlərimizdə qalamaq ümidi ilə… Bayramınız mübarək!
Yalçın Ağayev
Bashlibel.az