Mayın 23-24-də Başlıbelin İnkişafına Dəstək İctimai Birliyinin təşəbbüsü və təşkilatçılığı ilə Kəlbəcər rayonunun Başlıbel kəndi ərazisində yolların yenidən qismən təmiri işləri həyata keçirilib. Bashlibel.az xəbər verir ki, bu məqsədlə Başlıbelin İnkişafına Dəstək İctimai Birliyinin sədri Vüqar Həşimov və müavini Nurəddin Həşimov Kəlbəcərdə yol-tikinti işləri ilə məşğul olan Türkiyənin “Kolin” İnşaat Şirkətinin rəhbərliyi ilə görüş keçiriblər. Başlıbel kəndinin yollarının sel sularının dağıtdığı, uçqun nəticəsində dağılmış hissələrinin gediş-gəlişə yararlı vəziyyətə salınması üçün Şirkət rəhbəliyi ilə aparılan danışıqlar müsbət nəticələmiş. Qeyd olunan tarixdə yolların qismən təmiri işləri şəxsən Vüqar Həşimovun və Hurəddin Həşimovun iştirakı ilə həyata keçirilmişdir. Vüqar Həşimov bilidirib ki, Kəlbəcərin ən böyük kəndlərindən olan Başlıbelin gələcəkdə dövlətimiz tərəfindən qurulacağı, ən müasir standartlara uyğun yolla təmin ediləcəyinə şübhə yoxdur. Lakin nə qədər ki, kənddə quruculuq işləri start götürməyib o zamana qədər kəndə təsərrüffatlarını aparan, ziyarətə gedib gələn, xüsusilə də Başlıbel qətliamı şəhidlərinin məzarlığının ziyarətinə gedib-gələn insanların çətinliklərlə üzləşməsinin mümkün qədər azalması üçün yolların qismən də olsa yararlı vəziyyətdə olmasına zərurət yaranır. Vüqar Həşimov Birlik adından “Kolin” Şirkətinin rəhbərliyinə və əməkdaşlarına təşəkkür edib.
Bashlibel.az