![]()
Kifayət qədər maye qəbul etmək böyrək daşı xəstəliyinin profilaktikası üçün en effekti üsullardan biridir. Orqanizmin lazımi səviyyədə maye ilə təmin olunması yetərli miqdarda sidik xaric edilməsinə şərait yaradır ki, bu da daşların yaranma riskini əhəmiyyətli dərəcədə azaldır.
Bashlibel.az Musavat.com-a istinadən xəbər verir ki, bu barədə dietoloq Emi Braunşteyn “Verywell Health” nəşri üçün hazırladığı məqalədə bildirib.
Mütəxəssisin sözlərinə görə, “Advances in Nutrition” jurnalında dərc olunan araşdırmalar göstərir ki, böyrəklərdə daş əmələ gəlməsinin qarşısını almaq üçün hər gün təxminən 2,5-3 litr maye içmək lazımdır. Bu mayenin böyük hissəsini məhz su təşkil etməlidir. Qeyd olunan həcm təxminən 10,5–12,5 stəkan suya bərabərdir.
Dietoloq vurğulayır ki, “maye” dedikdə su, çay, qəhvə, şirə, bulyon, spirtsiz içkilər və süd nəzərdə tutulsa da, əsas üstünlük suya verilməlidir. Gün ərzində 2,5–3 litr maye qəbul etmək orqanizmə ən azı 2–2,5 litr sidik ifraz etməyə imkan verir.
“The Lancet” jurnalında dərc olunan tədqiqat da təsdiqləyir ki, bu miqdarda sidik ifrazı daş riskini kəskin şəkildə azaldır.
“Orqanizmdən xaric edilən mayedən daha çox su qəbul etmək vacibdir. Çünki maye qəbulu ilə sidik ifrazı eyni deyil, bu göstərici havanın temperaturundan, fiziki aktivlikdən və tər vasitəsilə itirilən mayedən asılıdır”, – deyə ekspert qeyd edib.
Böyrək daşı nədir və necə yaranır?
Dietoloq bildirib ki, böyrək daşları kiçik kristallardan ibarət bərk, sıx kütlələrdir. Onlar böyrəklərdə və ya sidik axarında əmələ gələ bilər. Şəxsdə eyni vaxtda bir və ya bir neçə daş müşahidə oluna bilər.
Məqalədə qeyd olunur ki, böyrək daşlarının bir neçə növü var və onların yaranma səbəbləri növlərinə görə dəyişir. Kalsium və ya oksalat daşları sidikdə bu mineralların həddindən artıq olması zamanı meydana gəlir. Minerallar bir-birilə birləşərək kristalları, onlar isə bir neçə həftə və ya ay ərzində tədricən daşları formalaşdırır.
Su qəbulunun əhəmiyyəti
Müəllif izah edir ki, yetərli miqdarda su içmək daşların qarşısını almağın ən vacib yoludur. Qəbul edilən mayenin həcmi artdıqca sidiyin miqdarı da artır və daş əmələ gətirən maddələrin qatılığı (konsentrasiyası) azalır. Bunun sayəsində kalsium, oksalat, fosfat və ya sidik turşusu kristallaşacaq həddə çata bilmir.
Əksinə, susuzlaşma (dehidratasiya) sidiyin həcmini azaldaraq onu daha tünd və qatı edir ki, bu da daş riskini yüksəldir.
“Nutrients” jurnalında dərc olunan araşdırmalara görə, sidikdə su az olduqda daş yaradan maddələr daha rahat birləşir.
Böyrək daşlarının profilaktikası üçün digər məsləhətlər:
Sağlam bədən çəkisini saxlayın.
Müntəzəm olaraq fiziki məşqlərlə məşğul olun.
Kalsium qəbulunda normanı gözləyin.
Natrium (duz) qəbulunu gündə 2300 millqramdan aşağı məhdudlaşdırın.
Oksalat daşlarının riskini azaltmaq üçün oksalat tərkibli qidaları azaldın.
Kalsium daşlarının təkrar olunmaması üçün heyvan mənşəli zülalların qəbulunu məhdudlaşdırın.
Gün ərzində su qəbulunu necə artırmaq olar?
Günə bir stəkan su ilə başlayın.
Suyunuzu göz önündə – masanızda saxlayın və ya yanınızda təkrar istifadə oluna bilən su qabı gəzdirin.
Yeməklə birlikdə su için.
Suya təbii dad vermək üçün ona meyvə, göyərti və ya bir qədər təbii şirə əlavə edin.
Gün ərzində suyu az-az, kiçik qurtumlarla için.
Tərkibində bol su olan qidalara (qarpız, yemiş, xiyar, salat yarpaqları) üstünlük verin.
Su içməyi unutmamaq üçün telefonunuzda xatırlatma təyin edin.
Bashlibel.az