Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyası”nın Tərəflər Konfransının 29-cu sessiyasının (COP29), Kioto Protokolunun Tərəflər Görüşünün 19-cu sessiyasının və Paris Sazişinin Tərəflər Görüşünün 6-cı sessiyasının Azərbaycan Respublikasında keçirilməsi ilə əlaqəli ölkəmizə səfər edəcək çoxsaylı rəsmi şəxslər, nümayəndə heyətləri və digər qonaqların rahatlığının təmin edilməsi üçün xüsusi giriş vizalarının rəsmiləşdirilməsi davam edir.
Bashlibel.az “APA-Economics” -ə istinadən xəbər verir ki, bunu Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin (VXSİDA) “Asan Viza” departamentinin müdiri İsmayıl Rəsulzadə brifinq zamanı bildirib.
Onun sözlərinə görə, qeyd olunanla əlaqədar Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin operatoru olduğu “ASAN Viza” sistemi üzərindən fəaliyyət göstərən portalın hazırlanması ilə bağlı işlərə 2024-cü ilin yanvar ayından start verilmişdir. Ötən dövr ərzində COP29 Azərbaycan Əməliyyat Şirkəti, AR Xarici İşlər Nazirliyi və Birləşmiş Millətlər Təşkilatının müvafiq təsisatı – BMTİDÇK (UNFCCC) ilə qarşılıqlı inteqrasiya təmin edilir.
““COP29 Xüsusi Viza”sı Azərbaycana xarici ölkələrdən səfər edən COP29 iştirakçıları üçün tələb olunur. “COP29 Xüsusi Viza”nı həm rəsmi elektron viza portalı, həm də Azərbaycan Respublikasının xaricdəki diplomatik nümayəndəlikləri və konsulluqları vasitəsilə əldə etmək mümkündür”, – İsmayıl Rəsulzadə qeyd edib.
O bildirib ki, “COP29 Xüsusi Viza”sına müraciət qeydiyyatdan keçmiş iştirakçılara BMTİDÇK tərəfindən qeydiyyatın təsdiqi üzrə göndərilən elektron məktubda olan link vasitəsilə www.evisa.gov.az/cop29 domeni altında rəsmi elektron viza portalı üzərindən onlayn tamamlanmış viza müraciətinin təqdim edildikdən sonra 3 iş günü ərzində rəsmiləşdirilməsi nəzərdə tutulur.
“Dünyanın 200-ə yaxın ölkəsindən on minlərlə iştirakçının COP29-a qatılacağı nəzərə alınaraq portalın ingilis, alman, fransız, ispan, ivrit, italyan, rus, ərəb, fars, Çin və Koreya dillərində fəaliyyəti təmin edilmişdir. Portalda elektron vizaya müraciət etmə prosedurunun izahlı videosu yerləşdirilib”, – İsmayıl Rəsulzadə əlavə edib.
Bashlibel.az