Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin müdrik sərkərdəliyi ilə Vətən müharibəsinin gedişində – 2020-ci il oktyabrın 17-də Füzuli şəhəri işğalçılardan azad edildi. Bu, xilaskarlıq missiyasını uğurla icra edən Ordumuzun növbəti parlaq zəfəri idi. Düşmənin bu ərazilərdə qurulduğu hərbi istehkamları Ordumuz qəhrəmanlıqla yardı. Bu sədləri yaran, öz canları bahasına tarixi torpaqlarımızı işğalçılardan təmizləyən əsgər və zabitlərimiz bütün dünyaya xalqımızın böyüklüyünü, qəhrəmanlığını bir daha nümayiş etdirdilər.
Bu sözləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Mircəlil Qasımlı deyib.
Deputat bildirib ki, Azərbaycanın iri yaşayış məntəqələrindən olan Füzuli rayonu ölkəmizin tarixi-dini abidələrlə zəngin bölgələrindən hesab edilir. Təəssüf ki, Füzuli şəhəri və rayonun işğal altında olan digər yaşayış məntəqələri təxminən 30 il ərzində tamamilə dağıdılıb, xalqımıza məxsus tarixi-dini abidələr məhv edilib.
Dövlətimizin başçısının rəhbərliyi ilə “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı” üzrə işlərin uğurla həyata keçirildiyini deyən deputat azad olunmuş digər ərazilər kimi, Füzuli rayonunun da inkişaf dövrünə qədəm qoyduğunu vurğulayıb. Deyib ki, Füzuli şəhəri dövlətimiz tərəfindən yenidən salınır. Müasir şəhərsalma həlləri əsas götürülməklə yeni şəhər inşa olunur. Yaşayış binalarının tikintisi, sosial, yol-nəqliyyat infrastrukturunun yaradılması, iş yerlərinin açılması və digər istiqamətlərdə görülən işlər artıq keçmiş məcburi köçkünlərin bir hissəsinin öz doğma torpaqlarına qayıdışını təmin edib. Habelə Füzuli Beynəlxalq Hava Limanının qısa müddətdə inşası rayonun inkişafı baxımından olduqca mühüm əhəmiyyətə malikdir.
“Dost və qardaş ölkələr tərəfindən Füzulidə həyata keçirilən və xalqlarımız arasındakı münasibətlərin əyani təzahürü olan mühüm layihələri xüsusi qeyd etmək istərdim. Bu layihələr əlbəttə ki, eyni zamanda, Füzulinin bərpası istiqamətində dövlətimiz tərəfindən görülən işlərə təkan verir”, – deyə M.Qasımlı vurğulayıb.
Deputat bildirib ki, Füzulinin və digər tarixi torpaqlarımızın azad olunması, bu ərazilərdə qısa müddət ərzində reallaşdırılan nəhəng layihələr, görülən işlər nəticəsində Füzuli Şəhəri Gününü sakinlərin doğma torpaqlarında qeyd etmələri Azərbaycan dövlətinin qüdrətini bütün dünyaya göstərir.
Bashlibel.az