![]()
Onunla tanışlığımız təsadüfən olmuşdu. Yaşlı bir baba idi. Ömrü boyu ailə qurmamışdı. Birinci qrup əlilliyi var idi. Qohumları olsa da, amma nə maraqlanan vardı, nə də əlaqə saxlayan. Sanki dünyada tək qalmışdı. Ömrünün əlli ildən çoxunu Azərbaycanın ən gözəl guşələrindən biri olan Kəlbəcərdə keçirmiş, sonra isə məlum səbəblərdən doğma yurdunu tərk etməyə məcbur olmuşdu.
Ortaq tanışlarımız vardı. Elə bu tanışlıq da bizi bir-birimizə yaxınlaşdırmışdı. Baba qeyri-adi dərəcədə saf, etibarlı və sədaqətli idi. Elə bir saflığı vardı ki, gənclərə belə nümunə ola bilərdi. Söhbətlərimiz zamanı tez-tez bir arzusundan danışırdı. Gözləri dolur, səsi titrəyirdi. Məndən xahiş edirdi ki, onu Gəncəyə — Nizami Gəncəvinin məzarını ziyarət etməyə aparım.
Doğrusu, tərəddüd edirdim. Yaşlı adam idi, yol uzaq idi. Onunla səfərə çıxmağı özüm üçün risk sayırdım. Amma acizanə xahişləri, baxışlarındakı yalvarış bu riskləri arxa plana atmağa məcbur etdi məni. Nəhayət, razılaşdıq və yola düşdük…
Yol boyu baba gördüklərindən, yaşadıqlarından, bildiklərindən danışdı. Sözləri elə şirin, xatirələri elə təsirli idi ki, yolun necə bitdiyini hiss etmədik. Məqbərəyə daxil olanda isə sanki ən yaxın əzizini ziyarət edirdi. Kövrəldi, uzun-uzadı xəyallara daldı.
Sonra “Xəmsə”nin adları yazılmış lövhələrin qarşısında bir-bir dayandı. Hər birinin altında dayanıb Nizaminin poemalarından parçaları əzbərdən, intonasiya ilə söyləməyə başladı. Bizi müşayiət edən işçilər və Nizami haqqında məlumat vermək istəyən xanım bu mənzərəni heyranlıqla izləyirdi. Yaşlı bir insanın bu qədər dərin biliklə, bu qədər sevgi ilə danışması heyrət doğururdu.
Geri dönərkən baba çox rahat idi. Sanki ömrünün ən böyük arzusu gerçəkləşmişdi. Hətta yolda mənə yanacaq pulu vermək istədi. Nə qədər təkid etsə də, qəbul etmədim.
İşlərimə başım qarışdığı üçün əlaqə saxlaya bilmirdim. Bir gün zəng edib bir az odun lazım olduğunu dedi. Dedi ki, odun gələcək, amma nədirsə hələ ki, gecikir. Çətinliklərə baxmayaraq təşkil etdim. Sonra məni evinə dəvət etdi. Tək yaşadığı üçün ev baxımsız, dağınıq idi. Pulu vardı, amma onu xərcləyəcək, qayğı göstərəcək kimsəsi yox idi.
Məsləhətləşərək ona kömək edəcək bir ailə tapdıq. Həmin ailə ilə danışıqları özü apardı. Şərti sadə idi: bütün pulunu, kartlarını verəcək, əvəzində ona yemək bişirəcək, otağını səliqəyə salacaq və öləndə dəfn edəcəkdilər. Ailə razılaşmışdı. Ona görə mən də mənəvi rahatlıq tapmışdım.
Nə qədər zaman keçdiyini dəqiq bilmirəm. Amma əlaqə saxlaya bilmirdim. Zəng edəndə nömrə işləmirdi. Günlərin birində tanımadığım nömrədən zəng gəldi. Baba idi. Ona zəng etdiyimi, ancaq telefonunun sönülü olduğunu dedim. Baba artıq telefon işlətmədiyini dedi. Səsi kədərli idi:
— Tək sənin zəngini gözləyirdim… Zəng etmədin deyə düşündüm ki, artıq sənə də lazım deyiləm…
Bu sözlər içimi titrətdi. Bir az danışıb dərdləşdik. Ortaq tanışlarimizi soruşdu. Oturduğumuz məkanlara gəlib gəlmədiklərini bilmək istəyirdi. Hər şeyin yaxşı olduğunu soylədim. İnşallah səndə gələrsən dedim. Yox dedi. Daha heç hara gedə bilmədiyini bildirdi. Amma onu yaddan çıxarmamağı acizanə xahiş edirdi. Əlavə söhbətlər etdik. Sağollaşıb ayrılsaq da, ürəyimdə qəribə bir ağırlıq qaldı.
Bir müddət sonra yenə zəng etmək istədim. Həmin nömrəni tapa bilmədim.
Günlərin birində başqa bir nömrədən zəng gəldi. Baba haqqında danışdılar və onu tanıyıb-tanımadığımı soruşdular. Bəli. Tanıyıram dedim. Ümidlə soruşdum: — Özü yanınızda? Danışa bilərəm?
Cavab isə məni yerlə-yeksan etdi: — Baba bir neçə vaxtdır rəhmətə gedib…
Dəfnini yüksək səviyyədə etdiklərini, amma yaxınlarından heç kimin iştirak etmədiyini-dedilər. Amma son günlərinə qədər məni necə həsrətlə gözlədiyini, adımı pıçıldadığını söylədilər: — “O bilmir… bilsə mütləq gələrdi…” — deyirmiş. Yalnız son arzusu məni görməyimiş. Onlar da məni tanımadıqları və nömrəmi dəqiq bilmədikləri üçün babanın arzusunu gerçəkləşdirə bilməyiblər.
Əcəl isə macal verməyib.
Telefon qulağımda idi, amma səs eşitmirdim. Özüm özümə hakim də mən idim, müttəhim də. Cəza isə ağır idi — ömürlük vicdan əzabı…
Yoldaş bu hadisəni danışıb qurtardıqdan sonra ona verdiyim sual bu oldu:
- Qəbrini ziyarət etmisən?
- Yox… — dedi.
- Gedib ziyarət edərik. Bu, bir insanlıq borcudur dedim.
Razılaşdıq. Mən həmin babanı tanımasam belə, qəbrini ziyarət etməyi özümə borc bildim.
Bəzən bir zəng, bir görüş gecikir… Amma bəzi gecikmələrin əvəzi olmur.
Allah rəhmət eləsin.
Qələmə aldı:
Yalçın Ağayev
Bashlibel.az