![]()
III “Zülfüqar Hüseynzadə mükafatı” müsabiqəsi elan edilir.
Bashlibel.az xəbər verir ki, “Moderator.az” xəbər portalı ölkənin peşəkar jurnalist və yazarları arasında saytın qurucusu, mərhum baş redaktoru, tanınmış jurnalist Zülfüqar Hüseynzadənin əziz xatirəsinə həsr olunmuş III “Zülfüqar Hüseynzadə mükafatı” müsabiqəsini elan edir.
Müsabiqə Azərbaycan jurnalistikasında peşəkarlığın, milli dəyərlərə sadiqliyin, analitik düşüncənin və keyfiyyətli publisistikanın təşviq edilməsi məqsədilə keçirilir. Bu il müsabiqə həm də tanınmış jurnalist Zülfüqar Hüseynzadənin anadan olmasının 55 illiyi münasibətilə təşkil olunur. Onun jurnalistikaya verdiyi töhfələrin yaşadılması, peşə prinsiplərinin gənc nəsil media nümayəndələri arasında təbliği və adının Azərbaycan mediasında daim ehtiramla yad edilməsi məqsədilə müsabiqə ənənəvi olaraq onun adını daşıyır.
Xatırladaq ki, ilk “Zülfüqar Hüseynzadə mükafatı” müsabiqəsi Kəlbəcər rayonunun təbiəti, sərvətləri və inkişaf perspektivlərinə həsr olunmuş, II müsabiqə isə Qərbi Azərbaycana və Qarabağa qayıdış mövzularını əhatə etmişdi. Hər iki müsabiqə peşəkar media nümayəndələrinin böyük marağı ilə qarşılanmış, qaliblər mükafatlandırılmışdı.
Bu il keçiriləcək III “Zülfüqar Hüseynzadə mükafatı” müsabiqəsi aşağıdakı istiqamətlər üzrə elan olunur:
1. Azərbaycan milli mətbuatının görkəmli simaları: irs, peşəkarlıq və milli məsuliyyət
Zülfüqar Hüseynzadənin publisistik irsi və peşə prinsipləri;
Həsən bəy Zərdabi, Ceyhun Hacıbəyli, Üzeyir Hacıbəyli, Əhməd bəy Ağaoğlu və digər görkəmli publisistlərin milli mətbuatın inkişafındakı rolu;
Peşə etikası, obyektivlik və söz məsuliyyəti;
Müasir Azərbaycan jurnalistikasında milli mətbuat ənənələrinin davamlılığı.
2. Milli maraqların müdafiəsində medianın rolu
İnformasiya təhlükəsizliyinin təmin edilməsində medianın məsuliyyəti;
Azərbaycanın beynəlxalq informasiya məkanında mövqeyi və milli maraqların müdafiəsi;
Dezinformasiya və informasiya manipulyasiyasına qarşı peşəkar jurnalistika;
Milli dəyərlərin, dövlətçilik ideyalarının və azərbaycançılıq məfkurəsinin təbliğində medianın rolu.
3. Böyük Qayıdış: Yeni həyatın ilk addımları
Qarabağa və Şərqi Zəngəzura qayıdan ailələrin həyat hekayələri, yeni yaşayışa adaptasiya prosesi və insan taleləri;
Azad olunmuş ərazilərdə aparılan bərpa-quruculuq işləri, müasir yaşayış məntəqələrinin formalaşması və sosial infrastrukturun inkişafı;
Böyük Qayıdışın sosial, iqtisadi, mədəni və psixoloji aspektləri, yerli icmaların yenidən formalaşması;
Qarabağın və Şərqi Zəngəzurun inkişaf perspektivləri: məşğulluq, sahibkarlıq, turizm, kənd təsərrüfatı və dayanıqlı məskunlaşma;
Tarixi-mədəni irsin bərpası və onun milli yaddaşın qorunmasındakı rolu.
4. Müasir Azərbaycan gəncliyi: problemlər və çıxış yolları
Sosial media dövründə gənclərin dünyagörüşü;
Təhsil, məşğulluq və peşə seçimi;
Gənclərin milli kimlik, vətənpərvərlik və vətəndaş məsuliyyəti;
Gənclərin innovasiya, sahibkarlıq və rəqəmsal gələcəkdə rolu.
Qeyd: Mövzular istiqamətləndirici xarakter daşıyır. Müəlliflər qeyd olunan istiqamətlərdən birini seçə və ya eyni yazıda bir neçə mövzuya kompleks şəkildə toxuna bilərlər.
Bashlibel.az