![]()
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva noyabrın 6-da Zəngilan rayonunun Cahangirbəyli kəndinin birinci mərhələsinin açılışında iştirak ediblər.
Qeyd edək ki, Cahangirbəyli kəndi 1993-cü ildə Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunmuşdu. İşğal dövrünədək kənddə məktəb, uşaq bağçası, mədəniyyət evi və rabitə şöbəsi fəaliyyət göstərib. Əhali isə əsasən baramaçılıq, taxılçılıq, üzümçülük və heyvandarlıqla məşğul olub. Azərbaycan Silahlı Qüvvələri 2020-ci il oktyabrın 21-də kəndi işğaldan azad edib. Cahangirbəyli kəndinin təməlini Prezident İlham Əliyev 2023-cü ilin mayında qoyub.
Bashlibel.az Manset.az-a istinadən xəbər verir ki, ümumi sahəsi 179,5 hektar olan Cahangirbəyli kəndində birinci mərhələ üzrə 62,57 hektar ərazidə 242 fərdi evin, məktəb binasının, körpələr evi-uşaq bağçasının, ikimərtəbəli inzibati binanın, bazar kompleksinin və çoxfunksiyalı binanın tikintisi həyata keçirilib. Evlər 2, 3, 4, 5 otaqlıdır. Onların hamısı su, işıq, qaz, Günəş panelləri və yüksəksürətli internetlə təmin olunub. Kənddaxili yollar da asfaltlanıb.
Kənddəki çoxfunksiyalı binada həkim-tibb məntəqəsi, aptek, market, dərzi, gözəllik salonu fəaliyyət göstərəcək.
Cahangirbəylidə 80 yerlik körpələr evi-uşaq bağçasında balacaların rahatlığının təmin olunmasına xüsusi diqqət yetirilib. Buradakı otaqlarda uşaqların istirahəti, həmçinin onların ilkin bilik və bacarıqlarının üzə çıxarılması üçün zəruri şərait yaradılıb.
Kənddə, inzibati binanın yaxınlığında Bayraq meydanı da inşa edilib. Bayraq meydanının yaxınlığında isə uşaq oyun meydançası, sakinlərin sağlam həyat tərzinin təşviqi və fiziki aktivliyinin artırılması məqsədilə idman zonası və park yaradılıb.
Elm və təhsil naziri Emin Əmrullayev 264 şagird yerlik Cahangirbəyli tam orta ümumtəhsil məktəbinin binasında yaradılmış şərait barədə dövlətimizin başçısına və birinci xanıma məlumat verdi.
Bildirildi ki, məktəbdə tədrisin yüksək səviyyədə aparılması üçün geniş imkanlar mövcuddur. Təhsil ocağının sinif otaqları lazımi dərs vəsaiti və avadanlıqla təchiz olunub. Burada 13 sinif otağı, kimya və fizika fənləri üzrə 2 laboratoriya, musiqi, informatika, hərbi hazırlıq, rəsm və qrim otaqları, kitabxana, 160 yerlik akt zalı, qapalı idman zalı, yeməkxana müəllim və şagirdlərin ixtiyarına veriləcək. Məktəbin ərazisində 2 açıq idman meydançası da yaradılıb.
X X X
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Cahangirbəyli və Cəbrayıl rayonunun Soltanlı kəndlərinə köçən sakinlərlə görüşüblər.
Görüşdə çıxış edən Prezident İlham Əliyev dedi:
-İlk növbədə, qarşıdan gələn Zəfər bayramı münasibətilə sizi təbrik edirəm. Bu bayram ərəfəsində görüşürük və bu bayram artıq 6 ildir ki, dövlət bayramı kimi qeyd olunur. Altı il bundan əvvəl şanlı Ordumuz düşməni torpaqlarımızdan qovaraq haqq-ədaləti bərpa etdi. Artıq 6 il ərzində biz quruculuq işləri ilə məşğuluq. Yeni salınan kəndlər, şəhərlər, köçkünlərin doğma torpaqlara qayıtması – yəni biz bu məsələlərlə məşğuluq və deyə bilərəm ki, bütün Azərbaycan xalqı bu fikirlə yaşayır. Uzun illər ağır şəraitdə yaşamış köçkünlərin doğma torpaqlara qayıtması hər bir vətəndaşımızın böyük arzusu idi, ilk növbədə, əlbəttə ki, köçkün şəklində, köçkün şəraitində yaşayan insanlar üçün. Amma siz də bilirsiniz ki, hər bir vətənpərvər insan sizin tezliklə doğma diyara qayıtmağınızı arzulayırdı.
Bu gün biz demək olar ki, müntəzəm olaraq yeni gözəl kəndlər, şəhərlər salırıq, sıfırdan qururuq. Çünki mənfur düşmən bizim bütün şəhər və kəndlərimizi yerlə-yeksan etmişdi, o cümlədən Cahangirbəyli, Soltanlı kəndlərini də tam dağıtmışdı. Bu gün bu iki kəndə təqribən 700-ə yaxın ailə qayıdır. Sizin üçün gözəl evlər tikilib. Əminəm ki, siz bu şəraitdən səmərəli şəkildə istifadə edəcəksiniz. Əsas məsələ odur ki, artıq köçkünlük həyatı arxada qalır.
Azərbaycan xalqı 44 günlük Vətən müharibəsi zamanı bir yumruq kimi birləşmişdi. Bu Zəfər bizim qəlbimizdə əbədi yaşayacaq. Xalqımız və gələcək nəsillər bu Zəfərlə daim fəxr edəcəklər. Çünki biz ədaləti bərpa etdik, öz ləyaqətimizi bərpa etdik və döyüş meydanında qan tökərək öz haqqımızı bərpa etdik. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Onların əziz xatirəsi daim qəlbimizdə yaşayacaq. Əminəm, onların yaxınları bilirlər ki, onların qanı yerdə qalmayıb. Onların qisası döyüş meydanda alınıb və bu gün onların əziz xatirəsinə ən böyük hörmət əlaməti bax, Qarabağın, Şərqi Zəngəzurun belə gözəl dirçəldilməsidir.
Biz müharibədə Qələbə qazanmışıq. Sülh şəraitində yaşayan xalqımız da qurub-yaradır. Ermənilər 30 il bu torpaqları viran qoymuşdular, bir daşı daş üstə qoyulmamışdır. Biz isə cəmi altı il ərzində 100 minə yaxın insanı Qarabağa və Şərqi Zəngəzura qaytarmışıq, onlar üçün mümkün olan ən gözəl şərait yaratmışıq.
Sizi həm Zəfər Günü münasibətilə, həm də doğma torpaqlarınıza qayıtmağınız münasibətilə təbrik edirəm, sizə cansağlığı arzulayıram.
x x x
Sonra dövlətimizin başçısı sakinlərə mənzillərin açarlarını təqdim edib.
x x x
Daha sonra dövlətimizin başçısı və birinci xanım sakinlərlə söhbət edib, xatirə şəkilləri çəkdiriblər.
Qadın sakin: Hörmətli cənab Prezident, hörmətli Ali Baş Komandan, dəyərli Mehriban xanım.
Mən həm Soltanlı kənd camaatı adından, həm də Zəngilan rayonunun köçkünləri adından bugünkü gün münasibətilə, Zəfər Gününün bir addımlığında olduğumuz bir vaxtda Sizin gözəl, müdrik siyasətiniz, xalqımızın birliyi və Ordumuzun şücaəti sayəsində, şəhidlərimizin qanı bahasına azad olunmuş bu torpaqlarda sizləri salamlamaqdan qürur hissi duyuram. Bir daha deyirəm: “Xoş gəlmisiniz”.
Prezident İlham Əliyev: Sağ olun.
Qadın sakin: Yaralı, əsir düşmüş vətənimizin yeganə xilası onun yaralarını ancaq Zəfərlə sarımaq olardı ki, bu mümkünsüz işi Siz bacardınız, əziz Prezidentimiz. Bunun üçün Sizə təşəkkür edirik. Hər zaman dövlətimizin qayğısını üzərimizdə hiss etmişik bu otuz ildə, yenə də hiss edirik, həm bir şəhid ailəsi kimi, həm də məcburi köçkün kimi.
Nə deyək?! Ulu Öndərimizdən və şəhidlərimizdən bizlərə əmanət qalmış bu Vətən torpağının bundan sonra bərpa olunub yenidən dirçəlməsi üçün qalan vəzifə artıq biz vətəndaşların borcudur. Sizə söz veririk ki, yurdumuzun abadlığı üçün biz də hər zaman dövlətimizin və Sizin arxanızdayıq. Yaşasın Azərbaycan, yaşasın Ali Baş Komandan, yaşasın Azərbaycan Ordusu!
Prezident İlham Əliyev: Sağ olun, çox sağ olun, təşəkkür edirəm.
Kişi sakin: Cənab Prezident, mən də söz demək istəyirəm.
Prezident İlham Əliyev: Buyurun.
Kişi sakin: Otuz ildən sonra, yox, otuz üç ildən sonra Sizin bizi buraya qaytarmağınız əslində möcüzədir. Mənim üçün möcüzədir. Mən fikirləşirəm ki, bəlkə yuxu görürəm, inanın səmimiyyətimə. Sonra baxıram ki, yox, yuxu deyil. Allah Sizi qorusun, Allah Sizə cansağlığı versin. Allah Vətənimizi qorusun. Şəhidlərimizə Allah rəhmət eləsin.
Prezident İlham Əliyev: Amin.
Kişi sakin: Qazilərimizə cansağlığı versin. Hamısı Sizin sayənizdədir. Fəxr edirik biz Sizinlə, cənab Prezident.
Prezident İlham Əliyev: Sağ olun, təşəkkür edirəm. Bu şanlı Zəfərimiz, qeyd etdiyim kimi, daim bizim ürəyimizdə qalacaq, tarixdə qalacaq. Bu elə bir hadisədir ki, bunun misli-bərabəri yoxdur. Ona görə bu münasibətlə bir daha təbrik edirəm. Gəlin, birlikdə şəkil çəkdirək.
Digər kişi sakin: Bu günü bizə yaşatdığınız üçün Sizə çox minnətdaram.
Prezident İlham Əliyev: Burada yaşamısınız?
Kişi sakin: Bəli, bu kəndin sakiniyəm. Bəli, burada doğulub, burada böyüyüb, sürücü işləmişəm. Nəvələrim xahiş etdi ki, cənab Prezidentlə şəkil çəkdirərsən, gətirərsən, biz də başımızın üstündən asacağıq.
Prezident İlham Əliyev: Bəs işğal dövründə harada yaşayırdınız?
Kişi sakin: Bakıda.
Prezident İlham Əliyev: Bakıda? Şərait necə idi?
Kişi sakin: O qədər yaxşı deyildi, 33 ili yola verdik, Allah canını sağ eləsin.
Prezident İlham Əliyev: Hansı işlə məşğul idiniz?
Kişi sakin: Orada da öz maşınımla işləmişəm, “QAZ-53″üm var idi.
Prezident İlham Əliyev: İndi burada yenə sürücü?
Kişi sakin: Sürücülük. Maşının daşını atmışam, gedib.
Prezident İlham Əliyev: Burada nə işlə məşğul olacaqsınız?
Kişi sakin: Burada kənd təsərrüfatı ilə. Bizim camaat işlək camaatdır, cənab Prezident, əkəcəklər, biçəcəklər.
Prezident İlham Əliyev: Siz nə ilə məşğul idiniz?
Digər kişi sakin: Orduda xidmət etmişəm.
Prezident İlham Əliyev: Siz bu kənddənsiniz, yoxsa Soltanlıdan?
Kişi sakin: Bu kənddən.
Prezident İlham Əliyev: Nə işlə məşğul idiniz o vaxt?
Kişi sakin: Şofer işləyirdim.
Prezident İlham Əliyev: Kolxoz var idi?
Kişi sakin: Bəli, kolxoz var idi.
Prezident İlham Əliyev: Bəs işğal dövründə harada?
Kişi sakin: İşğal dövründə Sumqayıtda yaşayırdım.
Prezident İlham Əliyev: Sumqayıtda. İndi burada nə ilə məşğul olacaqsınız? Pensiya?
Kişi sakin: Pensiya.
Prezident İlham Əliyev: Təbrik edirəm.
Kişi sakin: Sağ olun, Allah Sizi var eləsin.
Prezident İlham Əliyev: Burada kənd təsərrüfatı ilə məşğul idiniz – əkinçilik, heyvandarlıq?
Kişi sakin: Bəli, indi maşının daşını atmışam, gedib. Yaşlaşmışam, yetmiş iki yaşım var. Ancaq kənd təsərrüfatı ilə məşğul olacağam.
Prezident İlham Əliyev: Torpaq yaxşıdır.
Kişi sakin: Bəli, bizim torpağımız qızıl torpaqdır. Nə əksən bitər.
Bashlibel.az