Bilmirəm, nə dəyişib, amma son vaxtlar QHT-lərə Dövlət Dəstəyi Agentliyinin fəaliyyətində xeyli canlanma, uzun illərdir görmədiyimiz, necə deyərlər, öyrəşmədiyimiz müsbət dəyişikliklər müşahidə olunur.
Agentliyin maliyyə dəstəyi ilə istedadlı, tanınmış telejurnalist Mübariz Əsgərovun ərsəyə gətirdiyi “İşgəncələr məbədi-Şuşa həbsxanası” sənədli filmi bu mənada əsl nümunədir.
Bu filmə baxanda illərdir ki, sənədli filmlərin çəkilməsi üçün hələ QHT-lərə Dövlət Dəstəyi Şurası dövründən ayrılan vəsaitlərin necə səmərəsiz xərclənməsi göz önünə gəlir. Hanı yüzlərlə çəkilmiş sənədli filmlər? Onların təsiri hanı? Demək olar ki, heç biri yadda qalmayıb, əksəriyyəti nəinki xarici auditoriyaya, heç daxili auditoriyaya çıxmağa layiq deyillər, QHT cameəsində olanlar yaxşı bilir ki, bir çox belə “sənədli film”lər adi mobil telefon kameraları ilə çəkilib, kustarlığın, zövqsüzlüyün, biabırçılığın nümunələridir.
Çox sağ olun, Mübariz Əsgərov, ustad kimi, əsl peşəkar kimi dərs keçdiniz ki, sənədli film əslində, necə olmalıdır. Həm də çox az büdcə ilə böyük zəhmət və ürək yanğısı ortaya qoymaqla hazırladığınız “İşgəncələr məbədi-Şuşa həbsxanası” sənədli filminə qoy dövlətdən hər vəchlə, daha çox pul qoparmağa çalışan “kinorejissor QHT”lər baxıb utansınlar, görsünlər ki, keyfiyyətli iş, gerçək QHT layihəsi necə olur.
Hələ baxmayanlar üçün deyim ki, “İşgəncələr məbədi-Şuşa həbsxanası” sənədli filmi Qarabağ müharibəsi zamanı Şuşa həbsxanasında haqsız yerə saxlanılan, işgəncələr verilən əsir və girovlarımız haqqındadır. Filmdə bir qrup keçmiş əsir və girov Şuşa həbsxanasında – əzab çəkdikləri kameralarda yaşadıqları dəhşətli günləri yenidən xatırlayır. İşğal dövründə Şuşada əsirlərimizə işgəncə verən erməni nəzarətçiləri – Alyoşa Xosrovyan və Lüdvik Mıkırtıçyan 44 günlük Vətən müharibəsində Müzəffər Ordumuz tərəfindən özləri əsir götürülür. Hər birinə Azərbaycan məhkəməsində 20 il həbs cəzası verilib. Filmdə müəllif Qobustan həbsxanasında Xosrovyan və Mıkırtıçyanla da görüşüb onların zindan həyatı ilə bağlı çəkilişlər aparıb. Bir zamanlar Şuşa həbsxanasında nəzarətçi olmuş bu insanlar indi özləri məhkum həyatı yaşayırlar. Haqqın, ədalətin məhkum etdiyi həyatı. Çox təsirli film alınıb. Sənədli filmdə faciənin bütün dəhşətləri fakt və sübutlarla göstərilir. İlk dəfə açıqlanan bəzi arxiv materialları da filmin təsir gücünü daha da artırıb. Bu filmi ingilis, fransız, rus dillərinə tərcümə edib xarici auditoriyada yaymaq çox faydalı olardı.
Mübariz Əsgərov Qarabağ nisgilini, əsir, itkin və girovların taleyini onillərdir ki, ekranlara daşıyır. Onun bir peşəkar, sənətkar kimi ən böyük xüsusiyyəti bəlkə də qaldırdığı mövzularla tamaşaçıları dərindən düşündürməyə nail olmasıdır.
“Közərən xaç” sənədli filmində erməni quldurlarının vəhşiliyindən, onların dəmir parçasını xaç formasında kəsib, qızdırıb əsir Mayıl Məmmədovun sinəsinə basmasından söhbət açır. Bu filmə baxanda insan özünü həmin əsirin obrazında hiss edir, bu, müəllifin böyük uğurudur.
Mübariz Əsgərov “Xocalı nişanəsi” ilə Şəhidlər xiyabanında uyuyan 5 yaşlı körpə balamızın hekayəsini də ilk dəfə özünəməxsus yaradıcılıqla tamaşaçılara çatdırdı. Mübağiləsiz demək olar ki, 30 illik müddətdə Xocalı mövzusunda bu cür təsirli videoçarx alınmamışdı. Bu qısametrajlı film həmin naməlum uşağın bütün Azərbaycanın övladı olduğuna hamını inandıra bildi.
Mübariz Əsgərov yeni bədii-sənədli film üzərində də işləyir. Bu da itkinlər, Xocalı mövzusundadır. Məlumatlara görə, bu layihəyə də QHT-lərə Dövlət Dəstəyi Agentliyi maliyyə yardımı ayırıb. Əgər belədirsə, afərin! Axır ki, peşəkarlara layiq olduqları dəyəri verməyə başlayırlar. Siz isə, yorulmayasınız, Mübariz Əsgərov! Gün o gün olsun ki, Xocalı filmlərini Xocalı şəhərində çəkəsiniz!
Həmişə yaxşı işlərə “ağız büzənlər” tapılır, amma həqiqəti demək lazımdır. Son vaxtlar bəzi “reket QHT”lərin ara-sıra sosial mediada az qala dövləti şantaj edən çıxışlarına da rast gəlmək olur, sezmək mümkündür ki, onlar bərk narahatdırlar, hansısa ciddi dəyişikliklərin baş verəcəyinin labüdlüyünü anlayır, uzun illərdir açdıqları “bazarın bağlanması”nı, şantaj üsullarının daha keçmədiyini hiss edir, bundan qıcıqlanır və “stəkanda fırtına effekti” ilə süni görüntü yaratmağa çalışırlar. QHT cameəsində hər kəs onların kimliyini yaxşı tanıyır, ona görə də “qarın davası” üçün yüz cildə girən müftəxorlara baş qoşan tapılmır.
QHT-lərə Dövlət Dəstəyi Agentliyinə isə demək istərdim ki, nə Sizdən qrant təmənnam var, nə başqa fikrim. Amma bu müsbət dəyişiklikləri genişləndirin, cəmiyyətimizin, vətəndaş cəmiyyətimizin buna böyük, çox böyük ehtiyacı var! Hava, su kimi! Nəhayət ki, bu sahədə də dürüstlük, peşəkarlıq, şəffaflıq əsas meyarlar olsun!
Etibar Seyidağa,
Bashlibel.az