![]()
Kəlbəcər Dağ Turizm Mərkəzi yaradılacaq. Bu barədə Dövlət Turizm Agentliyindən məlumat verilib. Mərkəzin yaradılması üzrə baş plan hazırlanacaq. Agentlik baş planın hazırlanması üçün 1-ci faza üzrə xidmətlərin göstərilməsi ilə bağlı “Neugest 1957 SLU” şirkəti ilə 396.280 manat dəyərində müqavilə bağlayıb.
Kəlbəcər dağ turizmi üçün Azərbaycanın ən əlverişli bölgələrindən biridir. Təbiəti, iqlimi, relyefi və müalicəvi mənbələri bu regionu həm daxili, həm də beynəlxalq turistlər üçün çox cəlbedici edir. Kəlbəcər Azərbaycanın ən yüksək dağ silsilələrinin yerləşdiyi bölgədir. Murovdağ, Qalaboynu, Dəlidağ kimi yüksəkliklər dağ yürüşü (trekking), alpinizm və ekstremal turizm üçün çox əlverişlidir.
Təmiz hava, saf təbiət və insan fəaliyyətinin az olması bölgəni eko-turizm üçün ideal edir.
Göygölə ölə bənzər İstisu gölü, Kövsər gölü, Zod gölü kimi dağ gölləri turistlər üçün böyük maraq doğurur. Göllər ətrafında yürüş marşrutları, foto-turizm və çadır düşərgələri üçün imkanlar genişdir.
Kəlbəcərin ən məşhur turizm brendi İstisu termal bulaqlarıdır. Dünya miqyasında nadir sayılan minerallı isti su mənbələri var.
Kəlbəcər təkcə təbiəti ilə deyil, həm də tarixi ilə zəngindir: Xudavəng kompleksi, İstisu sanatoriya qalıqları, Orta əsr qala və məbədlər, kurqanlar. Bu abidələr mədəni turizmə və yeni marşrutların formalaşmasına imkan yaradır.
Kəlbəcər yaylaqları Azərbaycanın ən böyük və ən sərin yaylaqları sayılır: Malqara, Sarıyer, Başlıbel yaylaqları və s. çoxsaylı yaylaqlar mövcuddur. Burada atçılıq, yaylaq həyatının təqdimatı, kənd turizmi kimi layihələr üçün geniş imkan var.
Hündürlük və qar örtüyünün qalma müddəti Kəlbəcərdə xizək kurortları, qış yürüşləri üçün real imkan yaradır.
Hazırda Kəlbəcərdə yolların bərpası, evlərin inşası, infrastrukturun yaradılması prosesi gedir. Bu proses başa çatdıqca Kəlbəcər Azərbaycanın Şimal-Qərb turizm xəritəsinin əsas mərkəzlərindən biri ola bilər.
Bir sözlə Kəlbəcər dağ, eko, spa, qış və mədəni turizmin eyni anda inkişaf etdirilə biləcəyi unikal bölgədir.
Təbii isti sular, dağ mənzərələri və tarixi irs onu Azərbaycanın ən çox perspektivli turizm zonalarından birinə çevirir.
Bashlibel.az