
“AzərEnerji” ASC tərəfindən hazırda ümumi gücü 37,5 meqavat olan 6 su elektrik stansiyası tikilir.
ASC-dən AZƏRTAC-a bildirilib ki, Kəlbəcər rayonunda 7,7 meqavat gücündə “Təkəqaya”, 3 meqavat gücündə “Ağçay”, 5 meqavat gücündə “Çaykənd”, Laçın rayonunda 4 meqavat gücündə “Şeylanlı”, 3,1 meqavat gücündə “Aşağı Malıbəy”, Ağdərə rayonunda isə 14,7 meqavat gücündə “Qozlukörpü” su elektrik stansiyaları inşa olunur. Bu 6 su elektrik stansiyasının hər biri üçün ayrı-ayrılıqda su qəbuledicilər tikilir və stansiyaları su ilə təchiz etmək üçün ümumilikdə 40 kilometr məsafədə derivasiya boruları çəkilir.
6 su elektrik stansiyasında ümumilikdə il ərzində 110 milyon kilovat-saat yaşıl enerjinin istehsal edilməsi və bununla 24 milyon kubmetr qaza qənaət edilib, 44 min ton atmosferə atılan karbon qazının qarşısının alınması nəzərdə tutulur.
Bu 6 stansiyanın 2025-ci ilin birinci yarısında istismara verilməsi planlaşdırılır.
Bundan əlavə, daha 5 stansiyanın – Kəlbəcər rayonundakı “Aşağı Vəng” və “Nadirxanlı”, Laçın rayonunda isə “Mirik”, “Ağbulaq” və “Ağbulaq-1” su elektrik stansiyalarının tikintisi başa çatıb.
Bashlibel.az