![]()
32 ildən sonra Kəlbəcər yenidən şənliyə şahidlik etdi – bal festivalı keçirildi. Bu tədbir sadəcə arıçılıq məhsullarının sərgisi deyildi, həm də Kəlbəcərin azadlığının, torpaqlarımıza qayıdışın, şəhidlərimizin ruhuna ehtiramın simvolu idi. Azərbaycanın müxtəlif bölgələrindən gələn arıçılar məhsullarını nümayiş etdirdi, amma onların içində bir insan vardı ki, varlığı bu festivalın mənasını daha da dərinləşdirirdi – şəhid Yalçın Mustafayevin qardaşı Mobil Mustafayev.
Mobil bəyin sərgidə iştirakı, onun təqdim etdiyi bal, sadəcə məhsul deyildi – bu, bir şəhid ailəsinin qüruru, bir xalqın zəfər tarixinin dadı idi. Onun müsahibəsinə qulaq asarkən bir həqiqət adamın qəlbinə toxunurdu, Mobil bəy bu gün özünü dünyanın ən xoşbəxt insanı sanır. Çünki içində bir səs ona pıçıldayırdı,
“Ruhun şad olsun, şəhid qardaşım Yalçın! Qisasınız yerdə qalmadı. Biz Kəlbəcərdəyik!”

Bu pıçıltı təkcə bir qardaşın nisgili deyildi – bütün Azərbaycan xalqının şəhidlərinə ünvanladığı minnətdarlıq idi.
Bal festivalının şirinliyi şəhidlərimizin canı, qanı bahasına qazanılan bu torpaqlarda daha da mənalıdır. Bu gün Kəlbəcərin havasında təkcə dağ çiçəklərinin qoxusu yox, həm də qürurun, qəhrəmanlığın nəfəsi dolaşır.
Allah bütün şəhidlərimizə rəhmət eləsin. Onların ruhu qarşısında baş əyirik.
Ruhlarınız şad olsun, əziz şəhidlər!





Bashlibel.az