![]()
Oturmuşam Kəlbəcərdə — tanımadığım, amma ruhuma doğma bir evin qarşısında. Bu ev bir zamanlar kiminsə isti yuvası, şirin xatirələrinin beşiyi olub. İndi isə erməni vandallığının izləri altında dağılmış, yanmış, viran bir səssizlik hökm sürür.
Ətrafımda ucalan dağların əzəməti, sıldırım qayaların arxasından boylanan günəş, yamaclarda yavaş-yavaş nəfəs alan təbiət — qəlbimdə sönməyən Vətən eşqini oyadır. Qəribədir, bu dağlarda sükut var, amma elə bil içim danışır… Könlümün telləri dillənir, qəlbim fəryad edir.
Arxamda ucalan o dağılmış divarların içində bir zamanlar bəlkə də körpə qəhqəhələri, nənə nağılları, baba nəsihətləri, ailə xoşbəxtliyi dolaşırmış. İndi isə daşı daş üstündə qalmayan, viranə qalmış evin önündə, bir daş üstündə oturmuşam. Viranə qalmış evlə danışıram…
Həyətin ortasında illərlə axan bulağın hələ də qurumadığını görürəm. Bu bulaq neçə illərdir bu armud ağacını bəsləyib. Xatirələri özündə yaşadan bu ağac, qonaq -qaralı bu ev, çox kişilərin, nə qədər gözəl söhbətlərin şahidi olmuşdur. Ətrafa boylandıqca, tarimar olmuş yurdumuzun bu halına göz yaşlarımı da saxlaya bilmirəm…
Bu ocaqların adını bilməsəm də, içimdə doğmalığını hiss edirəm.Mən də bu torpaqdan yoğrulmuşam. Mən də bu torpağın bir parçasıyam. Köhnə kişilər demiş atı qaranəfəs çapsan düz bir saatlıq o yanda, Dəlidağın ətəyində yerləşən Başlıbeldə dünyaya göz açmışam. Bu torpağı sevməyə bilmərəm.
İndi bu ocaqda doğma gəlir mənə.
Otların, yarpaqların xışıltısı sanki mənimlə danışır. Onların nə dediyini duyuram. Elə bil bu torpaq özü mənə dərdini pıçıldayır, hər səsdə bir nisgil gizlənib…
Kəlbəcərlilərin taleyi ağır olub. Bu evlərdən didərgin salınan neçə-neçə insan dünyadan köçdü. Gözlərini Kəlbəcərin torpağına dikib, son nəfəsində belə “Vətən” deyən ağsaqqalları, ağbirçəkləri, vaxtsız köçən həmyerlilərimi çox tanıyıram.
Həmişə qonaq -qaralı olan bu evin həyətində indi tənha oturub viranə qalmış divarlara baxıram. Düşünürəm: özümü xoşbəxt sayım, yoxsa keçmişin əzabını çəkim? Necə unutmaq olar o nisgilli köç edən əzizlərimizi?
Yurduma qayıtmışam. Bu torpağı yenidən görmək mənə nəsib olduğu üçün Allaha şükr edirəm. Dəfələrlə hislərim dolaşır, qəhər boğazımda düyünlənir. Ruhumla bu həsrətli dağların, bu daşın, bu külə dönmüş evin bir parçası oluram.
Susmağa çalışıram, lakin birdən başım üzərində uçan kəpənəklər, uzun illərdir yoxa çıxan sərçələrin şirin cikiltisi eşidilir… Təbiət yavaş-yavaş nəfəs alır sanki.
Qulağımda Səxavət Məmmədovun yanğılı səsi cingildəyir:
Vətən bağı əl-əvandır, yox üstündə xarı bülbül,
Ömür sürməli dövrandır, səsin gəlsin Sarı bülbül…
Bəlkə də bu torpaq məni təkcə dinləmir… qəlbimi hiss edir. O da sakinlərinin dönüşünə sevinir.
İstisu tərəfdən qalxan dolmuş bulud sanki torpağa “gözün aydın” deyir. Sevinc yaşlarını bu yaşıl çəmənə çiləyir.
Mən də sevinirəm… Uşaqlıqdan yağışı çox sevmişəm. Durub islanmış üzümü yağış suyu ilə qarışan bulaqda yuyuram. Artıq getmək vaxtıdır. Bu an rəhmətlik dahi şairimiz Ənvər Rızanı xatırlayıram:
Xəyalım buludtək burdan ötəndir,
Soruş: “Saçındaki bu dən nədəndir?”
Yanmayıb qəlbimi yandıran təndir,
Nə yaxşı görüşdük, nə yaxşı yenə!
Köhnə yurdla, dam-daşla, otla-çiçəklə, uca armudla, viranə evlə sağollaşaraq, gözləri 27 il həsrət çəkən sınıq salxaq həyət qapısında onlara söz verib çıxıram. Sizi mütləq abdlaşdıracayıq!
Yeni salınmış Kəlbəcər şəhərinin mərkəzinə doğru addımlayıram — içimdə bir az hüzn, bir az sevinc, amma sonsuz Vətən sevgisi ilə…
Bu yazını Qazi qardaşlarımıza və Şəhidlərimizin əziz xatirəsinə həsr edirəm. Ruhları qarşısında baş əyirəm.

Bashlibel.az