![]()
Nadir xəstəliklərdən əziyyət çəkən insanların sayı az olsa da, onların müalicəsi həm tibbi, həm də sosial baxımdan ciddi problem olaraq qalır. Xüsusilə zəruri dərman preparatlarının Azərbaycanda əlçatan olmaması, xaricdən gətirilən dərmanların isə yüksək qiyməti xəstələri və ailələrini çətin vəziyyətə salır.
Məsələ bu gün Milli Məclisin Səhiyyə komitəsinin iclasında da gündəmə gəlib. Modern.az bildirir ki, deputat Məlahət İbrahimqızı nadir xəstəliklərdən əziyyət çəkən şəxslərin dövlət proqramları çərçivəsində müalicə ilə təmin olunmasını təklif edib. Deputat bildirib ki, xəstələrin sayının az olması onların dövlət dəstəyindən kənarda qalmasına səbəb olmamalıdır.
“Məsələn, Vilson xəstəliyi var. Maraqlandım və ölkədə bu xəstəlikdən əziyyət çəkən 11 nəfərin olduğu bildirildi. Atipik çölyak xəstəliyi də nadir rast gəlinən xəstəliklərdəndir. Bu xəstələrin sayı az olsa da, onlar dövlət proqramına daxil edilməlidirlər”, – deyə M.İbrahimqızı vurğulayıb.
Deputat həmçinin nadir xəstəliklərin müalicəsində əsas problemlərdən birinin dərmanların ölkədə tapılmaması olduğunu qeyd edib: “Həmin preparatların xaricdən gətirilməsi isə böyük xərc tələb edir. Əhalinin yoxsullaşmasına gətirib çıxaran əsas amillərdən biri səhiyyə xərcləridir. Bu, ciddi sosial problemdir”.
Bəs Azərbaycanda nadir xəstəliklərin müalicəsində hazırda ən ciddi problemlər hansılardır? Əsas çətinlik diaqnostika, dərman təminatı, yoxsa müalicənin bahalılığı ilə bağlıdır?
Xəstələrin sayının az olması həmin xəstəliklərin dövlət proqramlarına daxil edilməməsi üçün əsas ola bilərmi? Bu məsələdə hansı meyarlar əsas götürülməlidir?
Mövzu ilə bağlı tibb elmləri doktoru, professor Adil Qeybulla Musavat.com-a danışıb:

İcbari tibbi sığorta tətbiq olunandan sonra, əslində, dövlət proqramına daxil olan bütün xəstəliklər mərhələli şəkildə icbari tibbi sığorta paketinə daxil edilməli idi. O cümlədən, ana və uşaq mühafizəsi, vərəm, daha sonra onkoloji xəstəliklər və digər xəstəliklər. Amma hazırda bu məsələlər hələ də öz həllini tapmayıb”.
Adil Qeybulla nadir xəstəliklərlə bağlı ayrıca mexanizmin mövcud olduğunu diqqətə çatdırıb. Onun sözlərinə görə, Səhiyyə Nazirliyinin 34 saylı əmri bu xəstəliklərdən əziyyət çəkən şəxslərin zəruri dərman preparatları ilə təmin olunmasını nəzərdə tutur:
“Həmin əmrə əsasən, xəstə uçota alındıqdan və diaqnozu təsdiqləndikdən sonra zəruri dərman preparatları ona pulsuz verilməlidir. Yəni bununla bağlı qərar və əmr mövcuddur və burada dəyişən bir şey olmayıb. Heç olmasa, mövcud qərara əsasən həmin xəstələr uçota alınmalı və dərmanlarını oradan əldə etməlidirlər. Burada hər kəsin ayrıca təkliflə çıxış etməsinə ehtiyac yoxdur. Çünki bu məsələ qanunvericilikdə artıq öz əksini tapıb.
Dünənə qədər nadir xəstəliklərin əksəriyyətində təyin olunan dərman preparatlarını xəstələr Hematologiya İnstitutundan və digər aidiyyəti müəssisələrdən alıb istifadə ediblər.
Amma indi vəziyyətin real olaraq necə olduğunu bilmirəm. Mən hesab edirəm ki, bütün xəstəliklər, yəni mümkün olan bütün patoloji hallar icbari tibbi sığortanın paketinə daxil edilməlidir”.
Professor nadir xəstəliklərin ayrıca qrup kimi müəyyənləşdirilməsi və dərman təminatının uçot əsasında həyata keçirilməsinin mümkün olduğunu da vurğulayıb:
“Ola bilsin ki, nadir xəstəliklər xüsusi bir qrup kimi müəyyənləşdirilsin və bu xəstələrə paylanan dərman preparatları uçotda saxlanılsın. Xəstələr qeydiyyata alındıqdan sonra həmin dərmanlar hesabat əsasında onlara paylana bilər. Beləliklə, dərmanların itkiyə getməsinin də qarşısını almaq mümkündür. Bu məsələni birdəfəlik qaydaya salmaq olar.
Hələlik isə ən azı nadir xəstəliklərlə bağlı Səhiyyə Nazirliyinin həmin qərarı qüvvədədir. Bu qərara əsasən xəstələr uçota və qeydiyyata alındıqdan sonra lazımi dərman preparatlarını almaq hüququna malikdirlər.
Əgər bu xəstəliklərlə bağlı təminat başqa bir paketə, məsələn, icbari tibbi sığortanın tam paketinə keçirilərsə, o zaman mövcud qərarın tədricən ləğvi və ya dəyişdirilməsi məsələsinə baxıla bilər. Amma hazırda bu xəstələrin müdafiəsi üçün nəzərdə tutulan qərar qüvvədədir və bunu nəzərə almaq lazımdır”.
Xalidə Gəray
Bashlibel.az