Transplantasiya xidmətlərinin göstərilməsi qanunun tələblərinə uyğun həyata keçiriləcək
İcbari tibbi sığortanın Xidmətlər Zərfinə yeni tibbi xidmətlər əlavə edilib. Bu barədə Əli Əsədov qərar imzalayıb. Nəticədə Xidmətlər Zərfindəki tibbi xidmətlərin sayı 3344-ə çatdırılıb.
Yeni xidmətlər sırasına vətər, əzələ, sümük iliyi, böyrək, qaraciyər transplantasiyası, ürək qapaqlarının dəyişdirilməsi, anadangəlmə ürək qüsurlarının cərrahiyyəsi və xoşxassəli beyin şişlərinin çıxarılması kimi tibbi xidmətlər əlavə olunub. İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi tərəfindən təqvim ili ərzində icbari tibbi sığorta fondunun vəsaiti hesabına sığorta təminatı verilən qaraciyər transplantasiyasının say həddi 100, böyrək transplantasiyasının say həddi 150, sümük iliyi və ya hematopoetik kök hüceyrələrin transplantasiyasının say həddi 20 müəyyən edilir. Transplantasiya xidmətlərinin göstərilməsi “İnsan orqan və toxumalarının donorluğu və transplantasiyası haqqında” Qanunun tələblərinə uyğun həyata keçiriləcək.
Qeyd etmək yerinə düşər ki, əhali arasında narazılıq doğuran məsələ var. Belə ki, sığorta paketinə daxil olan bəzi xəstəliklər var ki, mütəmadi olaraq müalicəsi tələb edilsə də, bu, sığortaya daxil deyil. “Mən belimdə yaranan problemə görə icbari tibbi sığorta ilə fizioterapevtin yanına göndərildim, masaj, “tok”la terapiya edildim. Amma bu müalicə bir dəfə ilə bitmir. Nəticənin alınması üçün bir neçə kurs müalicə keçmək lazımdır. Amma o birilər sığortaya aid edilmir, bunu özüm etməliyəm”, – deyə Füruzə Əliyeva adlı paytaxt sakini bizimlə söhbətdə bildirdi. “Yaxşı olardı ki, bu cür müalicələrin mütəmadi olaraq edilməsi sığortaya daxil edilsin” – paytaxt sakini əlavə etdi.
İcbari tibbi sığorta ilə bağlı yeniliklər nə vəd edir? Gələcəkdə bu kimi amillər nəzərə alınacaqmı?
Adil Qeybulla
Tibb elmləri doktoru, professor Adil Qeybulla mövzu ilə bağlı “Yeni Müsavat”a dedi ki, icbari sığorta Qərb standartları çərçivəsində tibbi xidmətin, sosial müdafiənin bir növüdür: “Tibb xidmətini onsuz təsəvvür etmək mümkün deyil. İcbari tibbi sığorta tətbiq olunduğu gündən Azərbaycanda çox geniş bir paketi əhatə etdi. Ümumiyyətlə, mütəmadi olaraq bu paket genişlənir. Bu qərar da buna xidmət edir. Hazırda mühüm cərrahiyə əməliyyatlarının, mürəkkəb ürək qüsurlarının korreksiyasının da bu paketə daxil olunması çox müsbət haldır. Bu paketdə xidmət növü nə qədər çox olsa, əhalinin sosial müdafiəsinə xidmət edər. O baxımdan, bu qərarı müsbət dəyərləndirirəm. Hesab edirəm ki, imkan daxilində işlər elə qurulmalıdır ki, onun texniki, təşkilatı tərəflərində də problem yaranmasın. Hazırda əsas problem növbəliliklə bağlıdır. Bununla bağlı konkret proqramlar qurulmalıdır. Əhali planla növbəyə dayanmalı, təxirəsalınmaz yardımlar isə əlbəttə növbədənkənar qəbul olunmalıdır. Bu, qaydaya salınsa, basabaslar, çətinliklər də aradan qalxmış olar. Bəzən xəstələr şikayət edirlər ki, gedib gözləyirlər, deyirlər bu müayinə lazım deyil. Əlbəttə, müayinəni həkim təyin edir. Ona görə də növbəlilik sistemi olsa, şikayətlər də yavaş-yavaş aradan qalxar”.
Zülfüqar Yusifov
“Ankara” klinikasının baş həkimi Zülfüqar Yusifov da mövzu ilə bağlı “Yeni Müsavat”a fikirlərini acıqladı. O dedi ki, olduqca xoş bir qərardır və sığorta xidməti yarandığı zamandan etibarən xidmətlər paketi genişlənməkdə davam edir: “Bu gün həmin sahəyə olduqca həyati vacib məsələlərin həlli baxımından əhəmiyyətli olan xidmətlərin əlavə olunması çox təqdirəlayiq bir haldır. Çünki transplantasiya əməliyyatları birmənalı olaraq vacib əməliyyatlardır. Bunların məbləği olduqca bahadır. Bu isə insanlar üçün əlçatan olmurdu. Bu, ölkədə bu sahənin inkişafını əngəlləməklə yanaşı, insanların həyatını erkən yaşda itirməsinə səbəb olurdu. Daha çox ehtiyac olan, xüsusən də qaraciyər və böyrək transplantasiyalarının bu sahəyə daxil olması, eyni zamanda sümük iliyi, hematopoetik kök hüceyrələrin transplantasiyasının artıq bu paketə daxil olması gənc insanların həyatını qurtarmaq baxımından çox əhəmiyyətlidir. Amma bununla yanaşı, müxtəlif travmalarla üzləşən insanların probleminin vaxtında ödənişsiz şəkildə həyata keçirilməsi o deməkdir ki, onların həm də gələcəkdəki qüsurlardan, əlillikdən və sairədən qurtarmasını təmin etmiş olur. Nəhayət, burada çox önəmli istiqamət ürək qapaqlarının dəyişilməsi, anadangəlmə ürək qüsurlarının cərrahiyyəsi, xoşxassəli beyin şişlərinin çıxarılması da önəmli əməliyyatlardır. Bunlar əsasən uşaqlarda aşkarlanır, bunların vaxtında cərrahi əməliyyatla bərpa olması, rekonstruktiv əməliyyatların aparılması imkan verir ki, bu insanların gələcəkdə həyat keyfiyyəti yaxşı olsun, ömürləri uzun olsun. Ürək qapaqları ilə bağlı problemlərə diqqət çəkmək istəyirəm. Beyin şişləri də çox rast gələn patologiyalardır. Bu şişlər də əksər hallarda ciddi şəkildə insanların həyatına fəsadlar törədir, bəzən həyatı itirəcək nəticələrə gətirib çıxarır. Bunlara ayrı-ayrı rəy verməkdə məqsədim odur bildirim ki, əlavə olunan xidmətlərin hər biri olduqca zəruri xidmətlərdir. Arzulayardıq ki, bu xidmətlər yüksək səviyyədə həyata keçirilsin. Bu, həm də ölkədə tibbin inkişafı üçün çox ciddi təkan olacaq. Qeyd etmək istəyərdik ki, bu xidmətləri göstərmək üçün maddi-texniki bazamız və kadr potensialımız var. Sadəcə, sığorta təminatı olmadığı üçün bu sahələr ciddi şəkildə axsayır. Bu sahədə də ciddi irəliləyişin olmasını gözləyirik. Əlbəttə, ciddi irəliləyişlər əməliyyat saylarının artmasına gətirib çıxaracaq. Bu da yeni, daha hazırlıqlı kadrların da yetişməsinə ehtiyac yaradacaq. İstər ölkədə, istərsə də xaricdən gələn kadrlarımızın bu sahədə daha da təkmilləşməsi lazım olacaq. Çünki sığorta təminatı ilə yanaşı bu xidmətlərin peşəkarcasına həyata keçirilməsinə ehtiyac var. Düşünürəm ki, lazımi şəkildə həyata keçirə biləcək. İstəyimiz o olardı ki, bu xidmətlər paketi getdikcə daha da genişlənsin. Hər bir ölkənin sığorta xidmətlərinə daxil olan xidmətlər siyahısı çox müxtəlifdir. Bir sıra ölkələrdə müəyyən xidmətlər, ümumiyyətlə, sığorta ilə qarşılanmır. Digərlərində də fərqli yanaşmalar var”.
Ekspert-həkim son zamanlar insanların xroniki ağrılardan çox əziyyət çəkməsinə diqqət çəkdi: “Xüsusən bir sıra xəstəliklər var ki, başlanğıcını revmatik, nevroloji problemlərdən götürən xəstələrin elə ağrıları olur ki, onlara digər terapevtik müalicələrlə dəstək vermək çətin olur. Əhalinin yaşının uzanması, iş şəraitinin dəyişilməsi və digər bu qəbildən olan səbəblərin hamısı xroniki ağrılara fərqli yanaşma tələb edir. Müasir dünyada insanların həyatını mümkün qədər ağrısız keçirilməsi, həyat səviyyəsinin yüksəlmə göstəricilərini sübut edən çox vacib amillərdən biridir. Xroniki ağrı müalicəsinə, xroniki ağrı müalicəsinin invaziv üsullarla həyata keçirilməsinə ciddi ehtiyac var. Xüsusən də bir sıra hallarda təkrarlanma ehtiyacı duyulduğundan insanların buna maddi baxımdan gücü çatmadığına görə təkrar-təkrar proseduraları etmək mümkünsüz olur. Əgər invaziv prosedurlar sığorta tərəfindən qarşılanarsa, xəstələrə ödənişsiz olaraq mütəmadi olaraq proseduraları həyata keçirməklə insanların həyat keyfiyyətini yüksək tutmaq mümkün olar”.
Afaq MİRAYİQ