![]()
Azərbaycan kinosu və mədəniyyəti bu gün öz böyük ucalığını, əvəzolunmaz sənətkarını itirdi. Xalq artisti Rasim Balayevin vəfatı təkcə bir aktyorun gedişi deyil, bütöv bir epoxanın əbədi sükuta bürünməsidir.
Onun simasında biz tariximizi sevdik, milli mənliyimizi tanıdıq. Hələ gənc yaşlarında Nəsimi obrazı ilə ekranlara gələndə, o məsum və məğrur baxışları, haqq yolunda çəkdiyi iztirabları ilə milyonlarla insanın qəlbinə toxunmuşdu. O zaman ekran qarşısında əyləşən nə qədər insan onun fədakarlığına, o müqəddəs ağrılarına dözməyib göz yaşlarını saxlaya bilməmişdi…
Kaş ki, bu gün gözlərimizdən süzülən bu yaşlar yenə sənətkarın növbəti bir obrazına, ekranlarda canlandırdığı hansısa təsirli bir səhnəyə görə olaydı. Amma nə yazıqlar olsun ki, bu dəfəki göz yaşları həmin yaşlardan deyil… Bu, ekran qarşısındakı kədər deyil, acı bir ayrılığın, gerçək bir itkinin göz yaşlarıdır.
Rasim Balayev “Məndə sığar iki cahan…” deyəndə biz ruhun azadlığını, Babək olub at belində “Qırx il kölə kimi yaşamaqdansa, bir gün azad yaşamaq şərəflidir!” deyə hayqıranda isə milli qürurumuzun əzəmətini hiss etdik. O, sadəcə rol oynamırdı; o, canlandırdığı hər bir qəhrəmanın taleyini öz ömrünə qatır, xalqın dərdi ilə nəfəs alırdı. İllər öncə bizi ekran başında ağladan o kədərli gözlər, bu gün bizləri öz gedişi ilə yenidən və bu dəfə daha dərindən gözüyaşlı qoydu.
İndi o gur səs sükuta qərq olsa da, bu sükut bir son deyil. Sənətkar ölmür, sadəcə əbədiyyətə köç edir. İndi onun ruhu bəlkə də canlandırdığı o böyük tarixi şəxsiyyətlərlə, haqq yolunun yolçuları ilə bir yerdə, daha işıqlı bir dünyadadır.
Ruhun şad olsun, Böyük Sənətkar! Azərbaycan xalqı səni heç vaxt unutmayacaq.
Bashlibel.az