![]()
Bu gün məktəb həyətləri sevinclə dolacaq. Məzunlar uşaqlıq illərinin son səhifəsini bağlayıb həyatın yeni bir mərhələsinə qədəm qoyacaqlar. Onların gözlərində ümid, qəlblərində isə gələcəyə doğru atılan ilk böyük addımın həyəcanı var.
Əziz məzunlar, hər birinizi ürəkdən təbrik edirəm. Qarşınızda açılan yollar işıqlı, arzularınız əlçatan, uğurlarınız bol olsun. İllər sonra dönüb bu günə baxanda qəlbinizdə yalnız xoş xatirələr yaşasın.
Mən isə hər son zəngdə zamanın necə amansız və eyni zamanda necə dəyərli olduğunu düşünürəm.
Təəssüflr olsun ki, bizim son zənglə bağlı planlarımız baş tutmadı…
1993-cü ildə biz də bu günü gözləyirdik. Dostlarımızla, müəllimlərimizlə birlikdə son dəfə məktəb həyətində dayanacağımız anları xəyal edirdik. Lakin tale bizim üçün başqa bir yol seçdi. Son zəngimizi qeyd etməyə günlər qalmış doğma yurdumuzdan ayrılmağa məcbur olduq.
Bir günün içində uşaqlığımız da, məktəb illərimiz də yarımçıq qaldı.
Sinif yoldaşlarımız Azərbaycanın müxtəlif bölgələrinə səpələndi. Bizə qismət olmayan bir son zəng isə illər boyu qəlbimizdə nisgilə çevrildi.
Bu gün torpaqlarımız azaddır. Bu, böyük sevinc və böyük qürurdur. Amma insanın ömründə elə anlar var ki, onlar bir dəfə yaşanmalı olur. Bizim son zəngimiz də o anlardan biri idi.
Mən ümumtəhsil məktəblərindən birində uzun illərdir təşkilatçı müavin vəzifəsində fəaliyyət göstərirəm. Bəlkə də buna görə hər il son zəng tədbiri təşkil edərkən həm sevinir, həm də kövrəlirəm. Qarşımda duran məzunların sevincində öz yarımçıq qalan arzularımı görürəm. Onların xoşbəxtliyinə ürəkdən şərik oluram.
Əziz məzunlar, sizə baxanda anlayıram ki, həyat bütün çətinliklərə baxmayaraq davam edir. Ümidlər yaşayır, arzular gerçəkləşir.
Sizdən bir istəyim var: bu günün qədrini bilin. Dostlarınızı, müəllimlərinizi, məktəbinizi unutmayın. Çünki illər keçəcək, amma bu günün xatirəsi sizinlə qalacaq.
Allah yolunuzu açıq etsin, uğurlarınız bol olsun.
Bəlkə də bizə qismət olmayan son zəngin ən gözəl təsəllisi sizin bu sevinci doyunca yaşamağınızdır.
Son zənginiz mübarək, əziz məzunlar…
Yalçın Ağayev
Bashlibel.az