• Ça. May 21st, 2024

Bashlibel.az

"Başlıbelin İnkişafına Dəstək" İctimai Birliyi

Ülfət Kərimovun şəhid olduğu gün

Mar 27, 2024

Loading

Qarabağ müharibəsinin şəhidi, “Azərbaycan Bayrağı” ordeni ilə təltif edilmiş kəşfiyyatçı Kərimov Ülfət Ələkbər oğlunun anım günüdür. Şəhid Ülfət Ələkbər oğlu Kərimov 1971-ci il fevralın 23-də Kəlbəcər şəhərində anadan olub. Orta məktəbi bitirdikdən sonra hərbi xidmətə çağırılır. Sovet ordusunda xidmətini başa vurduqdan sonra Azərbaycana qayıdan igidimiz indiki Azərbaycan Dövlət Neft və Sənaye Universitetinə daxil olur. Vətənin dar günündə ürəyi vətən eşqi ilə vuran Ülfət Kərimov təhsilini yarımçıq qoyaraq könüllü şəkildə döyüşçülərin sırasına qatılır. Erməni işğalçılarına qarşı gedən ağır döyüşlərdə Ülfət cəsurluğu, qorxmazlığı ilə seçilirdi. Birinci motoatıcı briqadasının komandirinin verdiyi 287 saylı, 9 oktyabr 1992-ci il tarixli arayışında göstərilir: Bölük komandiri- böyük serjant Kərimov Ülfət Ələkbər oğlu 5 sentyabr 1992-ci il tarixdə Ağdərə rayonunun Qozlu kəndi uğrunda gedən döyüşlərdə düşmənə məxsus bir ədəd tank (T-72), bir ədəd PDM-i, bir ədəd «PK» pulemyotunu, üç ədəd «RPQ-7»-ni və xeyli atıcı silah, hərbi sursatı qənimət kimi ələ keçirmiş və 22 qulduru məhv etmişdir. 2 oktyabr 1992-ci il tarixində Laçın rayonunun Hoçaz dağında Ülfət Kərimov 3 ədəd tank, 2 ədəd «PDM-2», 2 AQS-17, 2 ədəd minaatan(120 mm.-lik) qənimət kimi ələ keçirmiş və 2 ədəd tankını 70-dən artıq canlı qüvvəsini məhv etmişdir.İkinci həmlədə isə əlbəyaxa vuruşaraq düşmənin 11 əsgərini və bir tabor komandirini əsir tutmuş, 15 nəfər erməni quldurunu məhv etmişdir.
Ülfət Kərimov Kəlbəcər rayonunun Ağdaban kəndi uğrunda gedən qeyri-bərabər döyüşlər zamanı əhalinin yaşayış məntəqəsini sağ-salamat tərk etməsinə nail olub. Döyüşdə yaralanan qəhrəmanımız son nəfəsində də sayıqlığını itirməyib düşmənin zirehli texnika kalonuna qarşı döyüşmüş, qumbaratanla 1 tankını məhv etmiş, əlində qumbara ilə digər tankın üstünə çıxaraq qumbaranı tankın lyukundan içəri ataraq onu məhv etmişdir.Düşmən tankının üstündən tulanarkən düşmənə məxsus PDM tərəfindən atəş açılmış və Ülfət Kərimov yaralanmışdır.O yaralı halda əlində qumbara ilə ona yaxınlaşan düşmənə məxsus PDM-in altına tullanıb, onu partladaraq qəhrəmancasına şəhid olmuşdur. Ülfət Kərimov Vətənin müdafiəsində göstərdiyi misilsiz qəhrəmanlığa görə ölümündən sonra “#Azərbaycan #Bayrağı” ordeni ilə təltif olunub.
Azərbaycanın ərazi bütövlüyü uğrunda öz şirin canından keçən Ülfət Kərimov kimi qəhraman şəhidlərimizin ruhları indi şaddır.Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin prinsipial mövqeyi, qətiyyəti, Şəhidlərimizin qanı, qazilərimizin sağlamlığı və rəşadətli ordumuzun igidliyi sayəsində Azərbaycanımızın ərazi bütövlüyü bərpa edildi. Bu gün Ülfət Kərimovun doğulduğu Kəlbəcər rayonu azaddır.

Bashlibel.az

Translate »