![]()
Həyat bəzən insanı ən zəif yerindən — xatirələrindən vurur. Mənim üçün zaman 1993-cü ilin o müdhiş aprel günündə dayandı. Onda cəmi on yeddi yaşım vardı. On yeddi ilin saflığı, arzuları və gələcəyə dair o qədər rəngli xəyalları bir neçə saatın içində duman olub havaya sovruldu. İnsan o yaşda dünyanı fəth edəcəyini düşünür, amma biz dünyamızı — evimizi, kəndimizi, uşaqlığımızın cənnətini itirdik.
Bu məcburi köçkünlük illəri bizə sağalmaz yaralar vurdu. Bu elə bir yanğıdır ki, insanı son mənzilinə — qəbr evinə qədər müşayiət edir. Amma bu yolda ən ağır itkilərimiz o torpaqların həsrəti ilə qovrula-qovrula dünyadan köçən ziyalılarımız, nurlu insanlarımız oldu. Onların içində elə müəllimlərimiz var idi ki, hər kəlmələri bir məktəb, hər baxışları bir öyüd idi. Onlar bizə təkcə dərs keçmədilər, bizə insanlığı, vətəni sevməyi öyrətdilər.
İndi geriyə baxanda ürəyim sızlayır… O müəllimlərimi yenidən görmək, o müqəddəs əllərindən öpmək, yenidən o köhnə sinif otaqlarında onların səsini eşitmək üçün nələr etməzdim?! Təəssüf ki, o vaxtkı böyük müəllim heyətindən indi çox az hissəsi həyatdadır. O nurlu insanların çoxu yurd həsrətini ürəklərində bir dağ kimi daşıyaraq, öz vətənlərində qərib kimi köçdülər bu dünyadan. Dünyasını dəyişən bütün müəllimlərimizə Allahdan rəhmət diləyirəm, məkanları cənnət olsun.
Amma bu gün torpaqlarımız işğaldan azad edilib, şükürlər olsun! İndi ən böyük arzum odur ki, Allah hazırda həyatda olan o azsaylı müəllimlərimizə uzun ömür, can sağlığı versin. Arzu edirəm ki, onlar heç olmasa ömürlərinin bu çağında doğma kəndimizə sağ-salamat qayıda bilsinlər, o torpağın havasını ciyərlərinə çəkib dincəlsinlər.
Nə bəxtiyarıq ki, o böyük müəllimlərin yolunu, onların işıqlı izini davam etdirən yeni, gənc müəllimlərimiz yetişir. Şükürlər olsun ki, estafet etibarlı əllərdədir. Həmin gənclərin hər birinə bu şərəfli yolda bol-bol uğurlar arzu edirəm. İnanıram ki, onlar Başlıbelin o köklü və zəngin məktəb ənənəsini yenidən dirçəldəcək, o dağların qoynunda yeni ziyalı nəsillər yetişdirəcəklər.
Mənim həm itirdiyimiz, həm də yaşayan müəllimlərimizə mənəvi borcum bitməyib. Növbəti yazılarımda həmin fədakar müəllimlərimizin hər biri haqqında ayrı-ayrılıqda yazmağa, onların adlarını və xatirələrini tarixin yaddaşına köçürməyə çalışacağam. Allah şəhidlərimizə rəhmət eləsin, qazilərimizə şəfa versin. Biz bəlkə o itirdiyimiz on yeddi yaşımızı geri qaytara bilməyəcəyik, amma o nurlu insanların ruhu və yeni nəslin enerjisi ilə Başlıbel yenidən elm və nur məskəninə çevriləcək.
Yalçın Ağayev
Bashlibel.az