• Ca. İyn 13th, 2024

Bashlibel.az

"Başlıbelin İnkişafına Dəstək" İctimai Birliyi

Zəngəzur dəhlizi üçün Kalininqrad modeli

Mar 6, 2024

Loading

“Zəngəzur dəhlizi üçün eksterritoriallıq tələbi deyil, sadəcə, azad iqtisadi-ticari hərəkət imkanlarının nəzərdə tutulmasını özündə ehtiva edən modeldir”

1-3 mart 2024-cü il tarixlərində Türkiyənin Antalya vilayətində III Diplomatiya Forumu keçirilib. Forumda ölkəmizi Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev, Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov və Yeni Azərbaycan Partiyası sədrinin müavini – Mərkəzi Aparatın rəhbəri Tahir Budaqovun rəhbərlik etdikləri nümayəndə heyəti təmsil edib.

Sosial Tədqiqatlar Mərkəzinin əməkdaşı, beynəlxalq münasibətlər üzrə şərhçi Şəhla Cəlilzadə “Yeni Müsavat”a açıqlamasında Prezidentin köməkçinin tədbirdəki çıxışında bəhs etdiyi Kalininqrad modeli haqqında çox maraqlı faktlar səsləndirdi: “Forumun əsas məqsədi diplomatik vasitələrdən istifadə edərək qlobal təlatümlərdən sülh yolu ilə çıxmağın yollarını axtarmaq, bu istiqamətdə yeni ideya və fikirlərin səslənməsinə platforma yaratmaq idi. Bu baxımdan Azərbaycan nümayəndə heyəti də öz ideya və təklifləri ilə dünya siyasətçilərinin diqqətini cəlb edə bildi. Hikmət Hacıyev forumda bildirdi ki, Azərbaycan Naxçıvana daha rahat bağlantı imkanları əldə etmək istəyir. Həmçinin o qeyd etdi ki, Azərbaycan bu imkanları əks etdirən müxtəlif modellər haqqında, o cümlədən Kalininqrad modeli haqda müxtəlif tərəflərlə, həmçinin Avropa İttifaqı ilə müzakirələr aparıb.

Ermənistan tərəfi Azərbaycanın təklif etdiyi Zəngəzur dəhlizini eksterritoriallıq tələbi hesab edir və israrla buna qarşı çıxır. Hikmət Hacıyevin səsləndirdiyi Kalininqrad modeli ilə bağlı fikir isə əslində bu israrın əsassız olduğunu sübut edir.

Kalininqrad modelinin mahiyyətini anlamaq üçün tarixi-siyasi hadisələrə baxış etmək lazımdır.

Azərbaycanın suveren ərazisində hər hansı təhlükə törədilməsi yeni antiterror əməliyyatını şərtləndirir - AZƏRTAC

Şəhla Cəlilzadə 

Qarabağın işğaldan tam olaraq azad edilməsi üçün keçmiş “Laçın dəhlizi” üzərində nəzarətin təmin edilməsi həyati və strateji vacib idi. Bunun üçün 2022-ci ilin 12 dekabrında başlanan 104 günlük sivil hərəkat – ekoaksiya zamanı təsadüfi deyil ki, erməni şəbəkəsi gələcək ssenarini görür, “dəhlizə” nəzarətin bizi Xankəndinə bayraq sancmağa qədər aparacağını dərk edirdi. Elə buna görədir ki, erməni lobbisinə satılmış Qərb təsisatları, siyasətçiləri media vasitəsilə Azərbaycana hücum çəkirdilər ki, guya Qarabağ ermənilərini blokadaya almışıq. Qlobal erməni lobbisinin əlaltı “hüquqşünası”, BMT-nin korrupsiya cinayətlərinə görə vəzifəsindən uzaqlaşdırılmış keçmiş baş prokuroru Okampo isə hətta Azərbaycana qarşı qərəzli bir hesabat da hazırlamış, yolun bağlanmasını guya Roma Statusunun 6 və 7-ci maddələrinə görə “soyqırım cinayətinə” bərabər hadisə adlandırmışdı.   Ermənistanı öz “hərbi-siyasi blokuna” qoşmağa çalışan Qərb də bunu belə anlayır”.

Ş.Cəlilzadə Qərbin narahatlığına da toxundu: “Qərbin bu narahatlığını “Axilles dabanı” olaraq adlandırdıqları Suvalki dəhlizi (Suwalki Gap) ilə müqayisə etmək olar. “Gap” əslində “boşluq” deməkdir və Qərb özünün ən zəif nöqtəsi, boşluğu olaraq bu ərazini görür. Çünki vaxtilə SSRİ dağılandan sonra Rusiya özünün Avropanın tam ortasında, Baltik dənizinin sahilində yerləşən ərazisi (eksklavı) olan Kalininqrad şəhəri ilə sərbəst/maneəsiz əlaqəni məhz bu yolla təmin etmişdi.

Suvalk dəhlizi – Rusiya və ABŞ-ın üz-üzə gələcəyi potensial “barıt çəlləyi”

Suvalki dəhlizi Kalininqradla Belarusu birləşdirən, Litva ərazisindən keçən 70 km-lik yoldur. Vaxtilə Yeltsin bu yola eksterritoriallıq, həmçinin Rusiya hərbçilərinin yerləşməsini tələb etsə də, Litva hökuməti buna qarşı çıxmışdı. Bununla belə, Rusiyanın təzyiqləri qarşısında Litva ərazidən ticarət mallarının sərbəst keçidinə icazə verməli olmuşdu. 2003-cü ildə isə Rusiya və Litva arasında sadələşdirilmiş tranzit mexanizmləri haqqında saziş qəbul olunmuş və bundan sonra Litvanın (2004, 1 may tarixində) Avropa İttifaqına üzvlüyü mümkün olmuşdu. 1 ay ərzində Rusiya Belarusdan göndərilən yüzdən çox qatar bu dəhlizdən, yəni Litva ərazisindən keçərək Kalininqrada yol alır. 2022-ci ildə Ukraynada müharibə başlayandan sonra aprel-sentyabr aylarında Litva hökuməti yolun tranzit imkanlarını məhdudlaşdırdığı üçün NATO, Avropa İttifaqı və Rusiya arasında gərginləşmə yaşandı və həmin an “müharibə ssenariləri” işə düşdü. Hətta RAND (beyin mərkəzi) Rusiyanın Krımı tutmasından sonra (2014-2015-ci ildə) bu ərazidə mümkün müharibə ssenarilərinin modelini belə hazırlayıb. Amerikanın Avropadakı hərbi qüvvələrinin keçmiş komandanı Ben Hoces isə demişdi ki, Rusiya bu əraziyə hücum edərsə, müttəfiqlərimizi azad etmək, düşməni çəkindirməkdən daha çətin və bahalı iş olar. Beləliklə, Qərb Suvalkidə güzəştə getməli oldu və Litva hökumətindən sanksiyaları aradan qaldırmağı, tranziti bərpa etməyi tələb etdi. Qəribəsi isə o idi ki, Litvanın Kalininqradı blokada saxlamasını Qərb dövlətləri, təsisatları və mediası “Avropada rusların soyqırımı” olaraq təqdim etməmişdi.

Beləliklə, Kalininqrad modelinin tətbiqi məhz bu tarixi-siyasi hadisələr fonunda nəzərdən keçiriləndə Zəngəzur dəhlizi üçün eksterritoriallıq tələbi deyil, sadəcə, azad iqtisadi-ticari hərəkət imkanlarının nəzərdə tutulmasını özündə ehtiva edən modeldir. Qərb Suvalki dəhlizini nə qədər öz təhlükəsizliyinə təhdid hesab edirsə, görünən odur ki, Ermənistan və onun havadarları Zəngəzur dəhlizinin reallaşmasından da bir o qədər narahatdırlar”.

P.S. Yazıda gedən fotoda qeyd olunan qırmızı xətt Suvalki dəhlizini göstərir.

Bashlibel.az

Translate »