Mən bu faciəyə həmişə ürəkdən yanaraq həm də vətəndaşlıq borcumu yerinə yetirməyə çalışmışam və bu gün də həmin mövqedəyəm, sabah da həmin mövqedə olacağam. Birinci növbədə, ədalət naminə, eyni zamanda, Azərbaycan xalqının namusunu, şərəfini, milli mənliyini qorumaq naminə.
Heydər Əliyev Ümummilli lider
Bu təcavüz təşkil olunmuşdu və bunu təkcə Qorbaçov, yaxud Moskvada Sovet hökumətinin, Kommunist Partiyasının digər rəhbərləri təşkil etməmişdi. Bunu birinci növbədə Azərbaycan Respublikasının o vaxtkı Kommunist Partiyasının rəhbərləri öz xalqını boğmaq, əzmək, tapdalamaq üçün, xalqın azadlıq hərəkatını yatırtmaq üçün, xalqın mənliyini təhqir etmək üçün təşkil etmişdilər.
Heydər Əliyev Ümummilli lider
Bu qanlı faciə Sovet İttifaqı zamanında dinc əhaliyə qarşı törədilən ən amansız qanlı cinayət idi. O vaxtadək sovet ordusu dinc əhaliyə qarşı heç vaxt bu qədər qəddarlıqla, vəhşiliklə cəlb edilməmişdi. Yüzlərlə insan həlak oldu, itkin düşdü, yaralandı.
İlham Əliyev Azərbaycan Respublikasının Prezidenti
Ölkəmizin ərazi bütövlüyünə qarşı aparılan məkrli fəaliyyətlər, riyakar qəsdlər, SSRİ rəhbərliyi tərəfindən açıq-aşkar xalqımıza qarşı yürüdülən düşmənçilik siyasəti xalqımıza artıq imperiya boyunduruğunda yaşamağın daha ağır fəlakətlərə yol aça biləcəyini anlatmaqdaydı. Xüsusən, 1988-ci ilin martında Sovet İttifaqı Kommunist Partiyasının Mərkəzi Komitəsi və SSRİ Nazirlər Sovetinin dolayısı ilə Dağlıq Qarabağın Azərbaycanın tərkibindən çıxarılmasına yönəlmiş “Dağlıq Qarabağ Muxtar Vilayətinin sosial-iqtisadi inkişafının sürətləndirilməsi haqqında” qərarının qəbul edilməsi və 1989-cu ilin yanvarında SSRİ Ali Soveti Rəyasət Heyətinin “Dağlıq Qarabağda Xüsusi İdarəetmə Forması yaratmaq haqqında” fərman verməsi ölkəmizin ərazi bütövlüyünün pozulmasına qarşı ermənilər tərəfindən planlı şəkildə icra olunan tədbirlərin birbaşa imperiya rəhbərliyi tərəfindən dəstəkləndiyini göstərirdi.Bütün bunlarla, eyni zamanda, Ermənistan ərazisində yaşayan azərbaycanlıların öz tarixi torpaqlarından qovularaq çıxarılması və buna SSRİ rəhbərliyi tərəfindən göstərilən “görməzlik” soydaşlarımıza qarşı həyata keçirilən etnik təmizləmə siyasətinin məhz İttifaqın “yardımı və strategiyası” ilə baş tutmasına heç bir şübhə yeri qoymurdu. “Mübarizə meydanında tək qaldığını görən Azərbaycan xalqının səfərbər olmaqdan başqa çarəsi yox idi. Bütün ümidlər haqsızlığa qarşı həmişə öz etiraz səsini ucaltmağı bacaran, öz tarixi yurdunu düşmənlərdən qanı bahasına qorumağa hər zaman hazır olan və monolit gücünü öz milli varlığında hiss edən Azərbaycan xalqına idi. Azərbaycanlılara qarşı məqsədli şəkildə həyata keçirilən bu fitnəkar siyasət öz hüquqları və ərazi bütövlüyü uğrunda meydanlara atılmış həmvətənlərimizin ürəklərində azadlıq yanğısını daha da alovlandırmışdı. Artıq xalq mövcud olduğu bütün müddətdə sovet imperiyasının yürütdüyü repressiv siyasəti öz tarixinə və milli mənliyinə vurulmuş bir ləkə kimi görürdü. Azadlıq eşqi ilə yanan Vətən övladları bu ləkəni öz qanları bahasına da olsa, yumağa hazır idilər. O zaman xalqı etiraz səsini ucaltmağa vadar edən çox sayda obyektiv səbəblər mövcud idi. Mərkəzi hökumət tərəfindən milli mənafeyimizə zidd siyasətin yürüdülməsi, bu siyasətin qarşısının alınması üçün ölkə rəhbərliyi tərəfindən heç bir tədbir görülməməsi xalqla hakimiyyət arasında yaranmış uçurumu daha da dərinləşdirməklə kütləvi etiraz dalğasının baş qaldırmasına rəvac vermişdi.”Meydanlara öz haqq səsini ucaltmaq, milli heysiyyatını və milli mənliyini qorumaq əzmi ilə çıxan fədakar vətən övladları bütün gözlənilməzliklərə hazır idilər. Amma hələ də heç kim bu gözlənilməzlikləri gözləmirdi. Çünki sovet rəhbərliyinin 70 il bir dam altında yaşadığı öz vətəndaşlarına qarşı bu qədər qəddarlıq nümayiş etdirəcəyi ağlasığmaz görünürdü.” “Gənclərimiz tarixi həqiqətləri bilməlidir. Yaxın tariximizin öyrənilməsi və araşdırılması vacib vəzifədir. 1990-cı ilin 20 Yanvar faciəsi də öyrənilməli və gələcək nəsillərə olduğu kimi çatdırılmalıdır. Qan yaddaşımıza əbədi həkk olunmuş 1990-cı ilin 20 Yanvar hadisələri tariximizin özündə faciə və qəhrəmanlığı ehtiva edən unikal səhifəsi, Azərbaycanın sonrakı taleyinə əhəmiyyətli təsiri olan dönüş anıdır. 20 Yanvar hadisələri Azərbaycan xalqına qarşı törədilmiş cinayətdir. Bakıda gecəyarı fövqəladə vəziyyət tətbiq edilmiş, əhali xəbərdar edilməmişdir. Fövqəladə vəziyyətin tətbiqi əhaliyə elan olunanadək hərbi qulluqçular 82 nəfəri amansızcasına qətlə yetirmiş, 20 nəfəri ölümcül yaralamışlar. Fövqəladə vəziyyət elan edildikdən sonra isə yanvarın 20-də və sonrakı günlərdə Bakı şəhərində 21 nəfər öldürülmüşdür. Fövqəladə vəziyyətin elan olunmadığı rayonlarda yanvarın 25-də Neftçala, yanvarın 26-da Lənkəranda daha 8 nəfər qətlə yetirilmişdir. Ümumilikdə 131 nəfər öldürülmüş, 744 nəfər yaralanmış, 841 nəfər qanunsuz həbs olunmuş, 200 ev və mənzil, 80 avtomaşın, o cümlədən təcili yardım maşınları, yandırıcı güllələrin törətdiyi yanğın nəticəsində dövlət əmlakı və şəxsi əmlak məhv edilmişdir. 20 Yanvar faciəsi dünya azərbaycanlıların təşkilatlanmasına səbəb oldu. Faciədən sonra Azərbaycanda sovet imperiyası özünün bütün mənəvi və sosial dayaqlarını itirdi, ölkənin müstəqilliyi ideyası ümummilli amala çevrildi, dünya azərbaycanlıları yeni siyasi tariximizdə ilk dəfə olaraq milli faciəmizin tanıdılması və nəticələrinin aradan qaldırılması naminə yaşadıqları müxtəlif ölkələrdə təşkilatlanmağa başladılar.” “20 Yanvar hadisələrinin Azərbaycanın suverenliyi, müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə həm rəmzi mənası, həm də fenomenal rolu oldu. 20 Yanvar faciəsinin yaratdığı ictimai-siyasi reallıq süqutu yaxınlaşan SSRİ-də və soyuq müharibənin bitməsi ərəfəsində beynəlxalq arenada formalaşan geosiyasi situasiya fonunda əvvəlcə Azərbaycan SSR-də, sonra müstəqil Azərbaycanda zəncirvarı tarixi proseslərə təkan verdi.” “20 Yanvar hadisəsi milli məfkurənin inkişafına təkan vermiş hadisədir. 20 Yanvar Azərbaycan tarixində təkcə faciə deyil, Azərbaycanın istiqlal yolunun ilk zirvəsi, milli məfkurəmizin azadlıq istəyinin oyanış günüdür. Bu, uzun illər sovet imperiyasının əsarətində yaşayan xalqın azadlıq səsini ucaltdığı, öz suverenliyi uğrunda cəsarət nümayiş etdirdiyi şərəfli bir tarixdir.” “20 Yanvar hadisələrin təfərrüatlarını hər bir azərbaycanlı bilməlidir və unutmamalıdır. 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə birbaşa Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsinin baş katibi Mixail Qorbaçovun əmri ilə SSRİ Müdafiə Nazirliyi, Dövlət Təhlükəsizlik Komitəsi və Daxili İşlər Nazirliyinin qoşun hissələri Bakıya və Azərbaycanın bir neçə rayonuna yeridilib, dinc əhali ağır texnikadan və müxtəlif tipli silahlardan atəşə tutularaq kütləvi qətlə yetirilib. Sovet ordusunun xüsusi təyinatlı dəstələrinin və daxili qoşunların iri kontingentinin Bakını zəbt etməsi xüsusi qəddarlıq və misli görünməmiş vəhşiliklə müşayiət edilib. 20 Yanvar hadisələri Azərbaycana qarşı törədilmiş hərbi və siyasi cinayətdir. 20 Yanvar hadisələri beynəlxalq hüquqi riyakarlığın təzahürüdür. SSRİ Baş Prokurorluğunun ədliyyə polkovniki V.Medvedyevin istintaq qrupu hərbçilərin hərəkətlərində cinayət tərkibi olmaması nəticəsinə gəldi və 20 iyul 1990-cı il tarixində cinayət işinə xitam verilməsi barədə qərarı verildi. 100 cildlik istintaq materiallarının 68 cildi Bakıdan Moskvaya, keçmiş SSRİ Prokurorluğuna aparıldı və qaytarılmadı.” “20 Yanvar hadisələri eyni zamanda Azərbaycan xalqına qarşı törədilmiş siyasi terror kimi də qiymətləndirilməlidir. İşğalçılıq siyasəti ilə Azərbaycanın suverenliyinə qəsd etmiş, xalq hərəkatını boğmaq üçün bədnam kommunist ideologiyası libasında köhnə imperiya iddialarını həyata keçirmək məqsədilə 20 Yanvar faciəsini təşkil etmiş Sovet İttifaqı Kommunist Partiyası, Sovet dövləti və hökuməti rəhbərliyinin, şəxsən Mixail Qorbaçovun Azərbaycan xalqına qarşı ağır cinayət törətdiyi danılmaz faktdır.” “Gecikmiş etiraflar fayda verməz. Qərarı verən keçmiş SSRİ-nin sabiq rəhbəri Mixail Qorbaçov sonradan guya etiraf etmişdi: “Bakıda fövqəladə vəziyyət elan etmək və oraya qoşun göndərmək mənim siyasi həyatımın ən böyük səhvi idi”. Qorbaçov səhv yox, cinayət etmiş, SSRİ Konstitusiyasının 119-cu, Azərbaycan SSR Konstitusiyasının 71-ci maddələrini kobud şəkildə pozmuşdur. 20 Yanvar hadisələri eyni zamanda beynəlxalq cinayət kimi də qiymətləndirilməlidir. XX əsrdə totalitarizmin törətdiyi ən qanlı terror aktları sırasında 20 Yanvar cinayəti də var. Bu, bəşəriyyət və insanlıq əleyhinə törədilmiş dəhşətli əməl idi. Dinc əhaliyə qarşı həyata keçirilən cəza tədbirləri zamanı 1949-cu ilin Cenevrə Konvensiyasının, Beynəlxalq Hərbi Tribunalın Əsasna¬məsinin, Beynəlxalq İnsan haqları Bəyannamə¬sinin, insan haqlarına dair digər beynəl¬xalq aktların çoxsaylı müddəa¬ları pozulmuşdu.” “Yanvar hadisələrinə ilk hüquqi qiymətin verilməsi Ümummilli lider Heydər Əliyevin siyasi iradəsinin nəticəsidir. Ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə Naxçıvan Muxtar Respublikasının Ali Məclisi 20 Yanvar faciəsinə ilk siyasi qiymət verən 21 noyabr 1990-cı il tarixli qərar qəbul etdi. 20 Yanvar hadisələrinə siyasi qiymət ilk dəfə Ulu öndər Heydər Əliyev tərəfindən verildi. Ulu öndər Heydər Əliyev dövrün mürəkkəbliyinə və görüləsi işlərin çoxluğuna baxmayaraq, tariximizin şanlı və qanlı səhifəsi sayılan 20 Yanvar faciəsinin başvermə səbəbləri və günahkarların araşdırılması ilə də məşğul oldu. Məhz Ümummilli liderimizin təşəbbüsü və göstərişləri ilə 1994-cü ilin mart ayının 29-da parlament “1990-cı il yanvarın 20-də Bakıda törədilmiş faciəli hadisələr haqqında” Qərar qəbul etdi. Beləliklə də, 20 Yanvar faciəsi məhz Ulu öndər Heydər Əliyevin prinsipial və ardıcıl mübarizəsindən sonra öz siyasi-hüquqi qiymətini aldı.” “O müdhiş gecənin aydınlığa dönməsi Bakının ürəkağrıdan dəhşətli mənzərəsinə işıq saldı. Xalq düşmən tankının tırtılları altında parçalanmış, sinələri düşmən güllələrindən deşik-deşik olmuş övladlarını qan gölündə tapdı. Bu, Azadlığın bərpasına gedən yolda ilk şəhidlərin verildiyi 20 Yanvar səhəri idi. Nə qədər hüznlü və acı olsa da, xalq öz qəhrəman övladlarını son mənzilə yola salmağa özündə güc tapdı. Haqq, azadlıq yolunda şəhidlik zirvəsinə ucalmaq nə qədər şərəfli idisə, düşmən silahının nişangahında Vətənin şəhidlərini layiqincə son mənzilə yola salmaq da bir o qədər namus və şərəf məsələsi idi. Xalq sarsılmadı, əyilmədi, qorxmadı. Qanlı faciənin qurbanları azadlığı uğrunda can verdiyi Vətən torpağına yüzminlərin çiyinlərində daşındılar və müqəddəs torpaqda əbədiyyətə qovuşdular. Bu müqəddəs torpaq hələ əsrin əvvəllərində – 1918-1920-ci illərdə Vətənin azadlığı və ərazi bütövlüyü uğrunda canını qurban vermiş soydaşlarımızı öz qoynuna almışdı. Hələ o zaman xalqın istiqlalı uğrunda şəhid olmuş azadlıq carçılarının dəfn edildiyi Şəhidlər xiyabanı bu dəfə də eyni amal uğrunda mübarizəyə qalxmış qəhrəman oğullarını öz bağrına basırdı. O qəhrəman oğulları ki, ucaldıqları məbəddən əbədi və dönməz olan istiqlaliyyət yolumuza hər zaman şəfəq saçır. O günə qədər yəqin heç kimin ağlına gəlməzdi ki, Azərbaycanda bu qədər qərənfil var! Sanki, o qərənfillər “öz ayaqları ilə” şəhidlərin qəbri üstünə sərilməyə gəlmişdilər. Şəhidlərin məzarları üzərinə sərilmiş milyonlarla qərənfil 20 yanvar gecəsində onların Vətən torpağına axıdılan al qanını xatırladırdı. Həmin günün mənzərəsi faciəvi olduğu qədər də möhtəşəmdir. Azadlığımızın bərpası yolunda ilk şəhidlərin verildiyi Qanlı Yanvar gecəsi cəsarətin, fədakarlığın, milli məfkurənin dönməz oyanışının əyani təcəssümü idi.Baş verən hadisələr xalqımızın azadlıq arzusunun, müstəqillik idealının 70 il davam edən sovet hərb maşınının repressiyasına rəğmən sönmədiyini, əksinə, yeni güc qazandığını bir daha nümayiş etdirdi. Bununla Azərbaycan xalqı zülmə, ədalətsizliyə və zorakılığa boyun əyməyəcəyini, milli iradəsinin sarsılmazlığını təkcə imperiya rəhbərliyinə deyil, bütün dünyaya göstərdi və özünün milli azadlığı uğrunda mübarizəsinin dönməz olduğuna şübhə yeri qoymadı. Qəhrəmanlıqla dolu keçmişi, dövlətçiliklik ənənəsi olan, böyük bir coğrafiyada dövlətlər yaratmış, zaman-zaman yadellilərə qarşı səfərbər olub birgə mübarizə aparmış, dünya mədəniyyət xəzinəsinə öz dəst-xətti ilə dəyərli töhfələr vermiş bir millət uzun müddət əsarət altında yaşaya bilərdimi? ” “20 yanvar faciəsi, sözün əsl mənasında, xalqımızın milli özünüdərkində yeni bir mərhələnin başlanğıcı oldu. Xalq öz qərarını verdi: “Yolumuz Azadlıqdır!” Siyasi və iqtisadi böhranlar məngənəsində boğulan və boğulduqca daha da azğınlaşan, 70 il özünə bayraq etdiyi kommunizm ideyalarının iflası artıq heç kimdə şübhə doğurmayan və dayaqları çökməyə başlayan Sovet imperiyası bu hadisəni törətməklə nəyə nail olmaq istəyirdi? Tarixin səhnəsindən birdəfəlik silinmək ərəfəsində imperiyanın ucqar bir ölkəsində əvvəlcədən qurulmuş plan əsasında dinc nümayişçilərin gülləbaran edilməsinə qərar verənlər nəyə ümid edirdilər? Az sonra – imperiya çökəndən sonra aydın olacaqdı ki, bu qərarı verənlərin və bu faciəni törədənlərin özlərinin də bu suallara cavabları yox imiş. Baş verənlər isə Azərbaycan xalqının milli mübarizə əzmini və iradəsini sındıra bilmədi. Əksinə, 20 Yanvar hadisəsi öz qanunauyğun məntiqi və zəncirvari təsiri ilə bütün imperiya ərazisində milli azadlıq hərəkatlarının yenidən daha böyük vüsətlə alovlanmasına və Sovet İttifaqının süqutunun daha da sürətlənməsinə rəvac verdi. Bu hadisə sovet imperiyası üçün “sonun başlanğıcı” oldu. Bu faciənin baş verməsinə qədər ölkədə mövcud problemlərin, baş qaldırmış etirazların siyasi yolla həll olunacağına ümidlər hələ də qalmaqda idi. Lakin bir nəslin yaşaya biləcəyi qədər ömür yaşamış imperiya özü ilə həmyaşıd olan vətəndaş nəslinin böyüklü-kiçikli hamısına atəş açmaqla bu ümidləri tamamilə al-üst etdi. ” “Vaxt keçdikcə, o qanlı faciədən zaman kontekstində uzaqlaşdıqca, qanlı Yanvar hadisələrinin səbəbləri, bu hadisələrin günahkarları, onlara yardım edənlər, verilmiş yanlış qərarlar və onların törətdikləri ağır fəsadlar, üzləşdiyi bütün haqsızlıqlara və ədalətsizliklərə baxmayaraq, Azərbaycan xalqının göstərdiyi böyük qəhrəmanlıqlar haqqında dolğun və əhatəli fikir yürütmək daha asan olur.” “20 Yanvar hadisələrinin ildönümü ərəfəsində yenidən bu hadisələri təhlil etmək, onu düzgün qiymətləndirməklə, həm xalqımızın tarixində çox mühüm əhəmiyyəti olan bu məşəqqətli olaylara yenidən nəzər salırıq, həm də bu qəhrəmanlıq salnaməsinin müəlliflərini – şəhidlərimizin xatirəsini yad edirik.” “Qan yaddaşımıza böyük faciə və qəhrəmanlıq kimi həkk olunan 20 Yanvar müstəqillik əzmimizi, milli kimliyimizi dünyaya tanıdan gün kimi tarixin şanlı səhifəsinə çevrildi. Bu tarix Azərbaycanın istiqlalı yolunda milli məfkurəmizdən güc alan qarşısıalınmaz azadlıq istəyinin dünyaya bəyan edilməsinin başlanğıcı oldu. 20 Yanvar qırğını həm də sovet rejiminin ermənilərlə birgə apardıqları antiazərbaycan siyasətinin tərkib hissəsi kimi qiymətləndirilməlidir. Qabaqcadan düşünülüb-hazırlanmış bu təcavüzkarlıq aksiyası Azərbaycan xalqının demokratiya və milli azadlıq uğrunda mübarizəsini boğmaq, ona mənəvi zərbə vurmaq məqsədi daşıyıb. Lakin sovet imperiyası insanlıq adına sığmayan əməlləri ilə Azərbaycan xalqının iradəsini qıra bilmədi. Şəhidlərin son mənzilə yola salınması Azərbaycan tarixində o vaxtadək yaşanmamış ümummilli dəfn mərasimi idi. Bu izdiham, hüzn birliyi sonrakı illərin anım günlərində də davam edərək, xalqımızın milli həmrəyliyinin formalaşmasında və möhkəmlənməsində başlanğıc rolu oynadı.” “Faciəsinin təhlili, hadisənin səbəblərinin araşdırılması onun tarixi, siyasi, hüquqi amillərini aşkara çıxarır. Hadisənin əsas səbəbləri tarixi amillərlə bağlıdır və daha dərin kökləri var. 20 Yanvar faciəsi XX əsr Azərbaycan tarixində baş vermiş qanlı hadisələrin, soyqırımı aktlarının məntiqi davamı, çar Rusiyasının “parçala-hökm sür” siyasətinin növbəti təzahürü idi. Azərbaycan xalqına qarşı soyqırımları, torpaqlarımızın 114 min kvadratkilometrdən 87 min kvadratkilometrədək azalması, SSRİ dövründə soydaşlarımızın indi Ermənistan adlandırılan ərazidəki əzəli, ata-baba yurdlarından son nəfərinədək qovulması, sovet rəhbərliyinin havadarlığı ilə başlayan Dağlıq Qarabağ hadisələri, bu dəfə torpaqlarının iyirmi faizinin işğalı bu məkrli siyasətin mərhələləridir.” “1980-ci illərin sonlarında cərəyan edən hadisələrin xarakteri, obyektiv və subyektiv səbəblərinin təhlili göstərir ki, xalqımızın o vaxt SSRİ-də gedən proseslərə real təsir etmək imkanı olan lideri Heydər Əliyev siyasi səhnədən uzaqlaşdırıldıqdan sonra M. Qorbaçovun müşaviri A. Aqanbekyanın Parisdə “Humanite” qəzetinə müsahibəsində “Dağlıq Qarabağın Ermənistanın tərkibinə verilməsi zəruriliyindən və bu məsələyə M.Qorbaçovun razılıq verməsindən” danışması etnik münaqişənin yaxınlaşdığına bir siqnal olub. 20 Yanvara gedən yol ermənilərin Dağlıq Qarabağa əsassız ərazi iddiaları ilə başlanıb. 1987-ci ildə Qarabağda yaradılmış “Krunk” radikal – separatçı erməni təşkilatının Xankəndində keçirdiyi ilk antiazərbaycan mitinqləri də baş verəcək faciələrin ilk qığılcımları idi.” “Faciənin hüquqi təhlili onun cinayət xarakterini aşkar edir.” “Bu cinayətin tədqiqi və nəticələri göstərir ki, SSRİ rəhbərlərinin və sovet hərbi kontingentinin hərəkətlərində Nürnberq prosesində pislənmiş bütün əlamətlər vardır. Nürnberq prosesi tarixdə təcavüzü ən ağır cinayət elan etmiş ilk beynəlxalq məhkəmədir. 1945-1946-cı illərdə tarixə Nürnberq prosesi kimi daxil olmuş beynəlxalq tribunalın qərarı ilə Almaniyanın ali dövlət və hərbi xadimləri mülki əhalinin qırılması, onunla qəddar davranış, ictimai və şəxsi əmlakın talanması kimi məsələləri hazırlamaqda və həyata keçirməkdə ittiham olunublar. Təəssüflər olsun ki, bu günədək 20 yanvar qırğınının cinayətkarları cəzalandırılmayıblar. 1986-cı il Alma-Ata, 1989-cu ildə Tbilisi, 1991-ci ildə Vilnüs hadisələrinə nəzər yetirdikdə görürük ki, həmin aksiyalar Azərbaycandakı qədər qanlı və geniş miqyaslı olmayıb. SSRİ Mərkəzi Komitəsinin baş katibi Mixail Qorbaçov Tbilisi və Vilnüs hadisələri ilə əlaqədar peşman olduğunu bildirib, gürcü və Litva xalqlarından üzr istədiyi halda Azərbaycanda baş vermiş hadisələrlə əlaqədar eyni addımı atmadı. Məhz buna görə də 20 yanvar faciəsinin cinayət işi tarixin arxivinə çevrilməməli, hadisənin təşkilatçıları, icraçıları, bütün müqəssirləri öz cinayətlərinə görə ədalət məhkəməsi qarşısında cavab verməlidirlər! Bakıda törədilmiş kütləvi qırğının əsas baiskarı Mixail Qorbaçovu Nobel Sülh mükafatına layiq görmüş dünyanın, Qarabağ həqiqətlərinə ikili standartla yanaşan beynəlxalq aləmin cinayətkarların hələ də cəzasız qalmasını unutmasına imkan verməməliyik.” “20 Yanvar hadisələrini təhlil edərkən, həmin dövrdə Qərb dövlətlərinin Azərbaycandakı ictimai-siyasi hadisələrlə bağlı tutduqları mövqeyi də xüsusi araşdırma tələb edir.” “Sovet İttifaqı MK-nın rəhbərlik etdiyi mətbuat erməni kilsəsinin və “Daşnaksütyun” Partiyası ideoloqlarının təhriki ilə ictimai şüura açıq-aşkar ideoloji təsir göstərir, ermənilərin separatçılığını sovet hakimiyyəti illərində guya Azərbaycan hökuməti tərəfindən törədilən sıxışdırmalara etiraz kimi qələmə verir, Qərbdə fəal antiazərbaycan təbliğatı aparırdılar. Məqsəd, dünya ictimaiyyətində Ermənistanda və Azərbaycanın Dağlıq Qarabağ Vilayətində türkdilli əhaliyə qarşı etnik təmizləmənin “qanunauyğun və haqlı olması” barədə rəy yaratmaq idi.” “Rəsmi məlumat kimi, SİTA-nın yaydığı xəbərə görə, qoşunlar Bakıya iki nəcib məqsədlə yeridilmişdir. Birincisi, erməniləri, rus dilli əhalini və hərbi qulluqçuların ailələrini talanlardan qorumaq məqsədilə. İkincisi, millətçi ekstremistlər tərəfindən hakimiyyətin zorakılıqla qəsb edilməsinin qarşısını almaq məqsədilə. Həmin məqsədlərin həqiqiliyi faktlarla və yanvarın ortalarına yaxın Bakıda yaranmış siyasi vəziyyətin təhlili ilə təkzib edilir. 1990-cı ilin yanvarında Azərbaycan paytaxtında ictimai – siyasi vəziyyətin kəskinləşməsinin başlıca səbəbi SSRİ ali hakimiyyət orqanlarının Dağlıq Qarabağda separatçılara müqavimət göstərməməsi idi. Mərkəzi komitə Azərbaycan xalqının suveren hüquqlarının təmin olunması sahəsində öz konstitusiya öhdəliklərini yerinə yetirməkdə qətiyyət nümayiş etdirmirdi.” “Qərb M. Qorbaçovun bütün dağıdıcı əməllərini hər vəchlə dəstəkləyirdilər. Qərbdə yaxşı bilirdilər ki, bu cür millətlərarası münaqişələr SSRİ-ni daxildən zəiflədir, dağıdır. Digər tərəfdən, bu gün Avropanın əsas strateji tərəfdaşı, Qafqazın lider dövləti olan, Azərbaycan müstəqilliyinin bərpasından öncəki illərdə Qərb dövlətlərinin coğrafi-siyasi maraqları dairəsinə daxil deyildi. Dövlət Departamentinin nümayəndəsi Marqaret Tatuayler ABŞ hökuməti adından bəyanat vermişdi ki, ABŞ Azərbaycanı dəstəkləmir və Bakıdakı yanvar hadisələrini şərh etməyi lazım bilmir. Dövlət Departamenti M. Qorbaçovu açıqca dəstəkləyərək hesab edirdi ki, onun səyləri azərbaycanlılarla ermənilər arasında silahlı toqquşmanın dayandırılmasına yönəldilmişdir. Böyük Britaniya və İtaliya xarici işlər nazirlikləri bəyanat verərək Azərbaycanda yaranmış vəziyyəti “SSRİ-nin daxili işi” kimi qiymətləndirmişdi.” “Məhz buna görə də, 20 Yanvar mövzusu Azərbaycan xarici siyasətində mühüm prioritetlərdən olmalıdır.” “Faciə barədə xəbərlərin dünyaya yayılmasının qarşısını almaq, Azərbaycan ətrafında informasiya blokadası yaratmaq planı cəza ssenarisinin tərkib hissəsi olub. Bir maraqlı məqama xüsusi diqqət yetirmək istərdim: M.Qorbaçovun göstərişi, D.Yazovun komandanlığı altında həyata keçirilən Qanlı Yanvar faciəsi baş verdikdən bir gün sonra bu informasiya blokadasını geniş cəbhədə yaran ümummilli lider Heydər Əliyev həmin vaxt Azərbaycanın Moskvadakı Daimi Nümayəndəliyinə gələrək, Bakı qırğınına ilk olaraq etirazını bildirmiş və siyasi-hüquqi qiymət vermişdir. Bu həmin dövrdə hadisəni sükutla qarşılayan SSRİ-də, demokratik dəyəri “siyasi amala” çevirən Qərbin kütləvi insan qırğınına etinasız, laqeyd münasibətinin olduğu bir vaxtda 20 Yanvar faciəsinə ilk real hüquqi-siyasi münasibət idi.” “Azərbaycan xalqının azadlıq mübarizəsinə, 20 Yanvar faciəsinə dövlət səviyyəsində tam siyasi-hüquqi qiymət verilməsi, şəhidlərin xatirəsinin əbədiləşdirilməsi də məhz ümummilli lider Heydər Əliyevin həyata keçirdiyi tədbirlərlə mümkün olub. Ulu Öndərin ölkəyə rəhbərliyi dövründə şəhidlərin xatirəsinin əbədiləşdirilməsi istiqamətində atdığı addımlar, o cümlədən 1998-ci il 31 mart tarixli fərmanla “20 Yanvar şəhidi” fəxri adının təsis edilməsi, 1998-ci il 5 avqust tarixli sərəncama əsasən Şəhidlər xiyabanında “Əbədi məşəl” kompleksinin yaradılması gələcək nəsillərin yaddaşında arxivləşən mühüm tarixi sənədlərdir.” “Şəhidlərin əbədiyyətə qovuşduğu məkana Ümummilli Liderin verdiyi qiymət bu müqəddəs ziyarətgahın tarixi, siyasi, tərbiyəvi, həmçinin milli-mənəvi dəyərini ortaya qoyur: “Xalqımızın tarixində çox əzəmətli, qiymətli abidələr var. Ancaq Şəhidlər xiyabanı, XX əsrin sonunda Azərbaycan xalqının milli azadlığı uğrunda özünü qurban vermiş şəhidlərinin məzarları Azərbaycan Respublikasının torpağının ən müqəddəs yeridir və ən qiymətli abidəsidir”. “Sonrakı illərdə şəhid ailələrinə göstərilən diqqət və qayğı, bu ənənənin ölkə Prezidenti İlham Əliyev tərəfindən davam etdirilməsi, paytaxtın rəsmi qonaqlarının, dövlət və hökumət başçılarının, məşhur insanların əlamətdar günlərdə və ölkəmizə səfər proqramlarında mütləq şəkildə Şəhidlər xiyabanının ziyarət etməsi faktı Vətən qurbanlarının xatirəsinə rəsmi ehtiramın dövlət səviyyəsində təcəssümüdür.” “20 Yanvar milli azadlıq hərəkatının daha da yüksəlməsinə və nəticədə, Azərbaycanın yenidən müstəqilliyə qovuşmasına yol açdı. Uzun illər ərzində milli azadlığını bərpa etmək arzusu ilə yaşayan xalqımız nəyə qadir olduğunu sübut etdi. Milli azadlıq hərəkatı siyasi reallığa çevrildi. Azərbaycan xalqı yüz illiyin sonunda böyük qurbanlar verdi, tarixin taleyüklü günlərində milli ruhunun sarsılmazlığını və mətinliyini nümayiş etdirdi. Tarix bir daha göstərdi ki, dövlətçilik ənənələrini yaşadan xalqımızı müstəqilliyi uğrunda mübarizədə qorxutmaq, susdurmaq, dayandırmaq mümkünsüzdür. Bu qanlı tariximin təbliği yeni nəsildə milli vətənpərvərlik, dövlətçilik hislərinin tərbiyə olunması, milli kimlik məfkurəsinin formalaşması baxımından ibrət dərsi olmalıdır. Çünki tarix bizdən keçmişin ibrət dərslərini bilməyi, faciəmizin səbəb-nəticə əlaqəsini dərindən dərk etməyi, xalqımızın azadlıq uğrunda mübarizəsinin mərhələlərini yadda saxlamağı, dostumuzu – düşmənimizi tanımağı və unutmamağı tələb edir.” Bəli,məhz tarixdən aldığımız dərslərin məntiqi və praktiki nəticəsi olaraq 30 ilə yaxın műddət ərzində dűşmən tapdağında qalan Ata Yurdumuz olan tarixi torpaqlarımızı azad etmək űçűn,özűműzdə gůc tapa bildik,milli birliyimizi təmin edərək bűtűn hərbi,siyasi qűvvələri bir edib dűşmənin başını,Dəmir Yumruğumuzla,,əzdik ! Ötən əsrin əvvəllərində ölkə daxilində baş verən siyasi və hərbi qarşıdurmadan istifadə edən mənfur düşmən dövlətimizin ərazi bütövlüyünü pozaraq misli görünməmiş qətliyamlar törətmiş,şəhərləri,kəndləri xüsusi vəhşiliklə talan və viran etmiş,on minlərlə günahsız soydaşlarımızı amansızcasına qətlə yetirmiş,soyqırımlar törətmişdir. Lakin,ULU ÖNDƏRİN əsasını qoyduğu və inkişaf etdirdiyi milli birliyi,iqtisadi yüksəlişi,hərbi islahat və nizam-intizamı ən yüksək həddə çatdıran Müzəffər Ali Baş Komandan Cənab Prezidentimiz İlham Əliyevin rəhbərliyi ilə qəhrəman oğullarımızın sayəsində Şəhidlərimizin intiqamını alaraq mənfur düşmənin başını əzib torpaqlarımızı azad etdik. Beynəlxalq güclərin ikili standartlarına,işğalçını műdafiə etməklərinə cavab olaraq gördüyümüz tədbirlər sayəsində,bütün dünya Azərbaycan Xalqının milli birliyini,Azərbaycan Ordusunun gücünü gördü. Azərbaycan xalqının böyük oğlu M.Ə.Rəsulzadənin bir əsr öncə dediyi,Bir kərə yüksələn bayraq bir daha enməz, şüarını dünya siyasətçilərinin birmənalı olaraq güclü və qətiyyətli lider kimi qəbul etdikləri Ulu Öndər oğlu Qalib Sərkərdə Cənab İlham Əliyev məntiqi reallığa çevirdi. QARA TORPAĞI VƏTƏN YAPAN ŞƏHİD QANI OLDUĞUNU UNUTMADIQCA HEÇ BİR QÜVVƏ QARŞIMIZDA DURA BİLMƏZ ! ! !
Kərim Novruzov
Ağdam rayon 95 saylı orta məktəbin direktoru,tarixçi