• Şb. İyl 27th, 2024

Bashlibel.az

"Başlıbelin İnkişafına Dəstək" İctimai Birliyi

30  il ötür: Başlıbel faciəsi heç vaxt unudulmayacaq

Apr 19, 2023

Loading

Qətlə yetirildiyi şahid ifadələri ilə təsdiqlənən 27 nəfər dinc Başlıbel sakinindən 14 nəfərin meyitinin qalıqları bugünədək tapılmayıb

  Qarabağ müharibəsi tarixində elə hadisələr var ki, haqqında ya çox söz açılıb, ya da ondan heç bəhs olunmayıb. 1993-cü ilin aprelində erməni hərbi birləşmələrinin əsarətinə keçən Kəlbəcər rayonunun Başlıbel kəndində baş verənlər də həmin hadisələrdəndir.  Bu cinayət nəticəsində içərisində uşaqların, qadınların, əlilliyi olan şəxslərin, ahılların da olduğu kənd əhalisi işgəncələrə məruz qalmaqla kütləvi şəkildə qətlə yetirilib, hətta bəziləri diri-diri yandırılıb.

  Aprelin 18-də ermənilərin xalqımıza qarşı törətdiyi qətliamdan  30  il ötüb.  Azərbaycan Xarici İşlər Nazirliyinin tviterində edilən paylaşımda 

 Ermənistanın Azərbaycana qarşı etnik təmizləmə və nifrət siyasətinin növbəti təzahürü olan Başlıbel qətliamının 30-cu ildönümündə 21 qurbanın xatirəsinin yad edildiyi bildirilib: “Regionda davamlı sülhün bərqərar olması üçün cəzasızlığa son qoyulmasının vacibliyini bir daha bildiririk”. 

  Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Başlıbel qətliamının 30-cu ildönümü ilə bağlı beynəlxalq ictimaiyyətə müraciət edib: “İnsanlıq əleyhinə yönəlmiş bu qanlı soyqırımı cinayəti nəticəsində içərisində uşaqların, qadınların, əlilliyi olan şəxslərin, ahılların da olduğu kənd əhalisi müxtəlif ağır işgəncələrə məruz qalmaqla kütləvi şəkildə qətlə yetirilib, hətta bəziləri diri-diri yandırılıb. Eyni zamanda kənd sakinləri arasında girov götürülənlər də olub və bugünədək itkin düşmüş hesab olunan həmin şəxslərin taleyi barədə heç bir məlumat yoxdur. Bir daha dünya ictimaiyyətinə müraciət edərək, dinc azərbaycanlılara qarşı çoxsaylı cinayət əməllərini, o cümlədən Başlıbel qətliamını törətməklə fundamental insan hüquqlarının kobud şəkildə pozulmasında təqsirkar olan Ermənistan tərəfinin tezliklə beynəlxalq hüquqi məsuliyyətə cəlb edilməsi ilə bağlı qəti addımların atılmasını tələb edirik”. 

Başlıbel faciəsi ilə bağlı  “Şərq”ə  danışan Regional İnsan Hüquqları və Media Mərkəzinin sədri Xalid Kazımov deyib ki, Ermənistan zaman-zaman xalqımıza qarşı soyqırımı cinayətləri törədib. Təkcə son bir əsrdə ermənilərin xalqımıza qarşı Bakıda, Qubada, Zəngəzurda, Xocalıda, Qaradağlıda, Ağdabanda, Başlıbeldə, Ballıqayada törətdiyi qətliamları xatırlamaq bu hadisələrin ağırlığını təsəvvür etmək üçün yetərli olar:

“1993-cü ilin aprelində Kəlbəcər rayonunun işğalı zamanı doğma torpaqlarını tərk etməyən 62 nəfər Başlıbel sakini (əlavə olaraq Başlıbelə pənah gətirən 4 nəfər Laçın rayon sakini və mühasirəyə düşən 9 nəfər əsgər) dağlara sığınıblar. Amma Ermənistanın başıpozuq hərbi birləşmələrinə girov düşməmək üçün dağlara sığınan qoca, qadın, uşaqlar cəmi 17 gün gizlində qala biliblər. 1993-cü il aprelin 18-də erməni quldurları qadın, uşaq və yaşlıların gizləndiyi yeri aşkarlayıblar.  

Həmin gün Başlıbel kəndinin 12 nəfər sakini Portda kahalarında qətlə yetiriliblər. 63 yaşlı Səmədov Yaqub İsa oğlu, 60 yaşlı Əmralıyev Məhəmməd Abış oğlu, onun oğlu 29 yaşlı Əmralıyev Surxay Məhəmməd oğlu, 21 yaşlı Əmralıyev Çingiz Məhəmməd oğlu, qızı  16 yaşlı Əmralıyeva Aygün Məhəmməd qızı 18 apreldə öldürülüblər. 

Həmin gün mağarada 67 yaşlı Həsənova Çiçək Mikayıl qızı da güllələnib. Kənd sakinləri 68 yaşlı Cəfərova Gülara Cəfər qızı, 95 yaşlı Cəfərova Gülgəz Qədim qızı 1993-cü il aprelin 18-də mağaradan girov götürülən şəxslərin arasında olub. Amma naməlum şəraitdə mağaraya yaxın ərazidə qətlə yetirilib. 

  Başlıbel kənd sakini 54 yaşlı Əhmədova Büsat Əliş qızı və onun 12 yaşlı qızı  Əhmədova Zövqiyyə Binnət qızı 1993-cü il aprelin 18-də kahalarda  güllələnib. 

  Erməni quldurları Laçın rayonunda girovluqdan qaçmağı bacarıb Başlıbelə sığınan 52 yaşlı Əsgərov Əhliman Əvəz oğluunu da 1993-cü il aprelin 18-də Başlıbel kəndində qətlə yetiriblər”.

  X.Kazımovun sözlərinə görə, Başlıbel kəndində mühasirəyə düşən mülki insanların müdafiəsini təmin etməyə çalışan əslən Zərdab rayonundan olan 22 yaşlı Abdullayev Vüqar İsa oğlu da qətlə yetirilib. Vüqar Başlıbel sakinlərini erməni quldurlarından müdafiə edərkən son nəfəsinədək döyüşüb. Gülləsi  tükəndikdən sonra belə Vüqarın olduğu kahaya yaxınlaşa bilməyən ermənilərin atdığı qumbara onun həyatına son qoyub. 

  19 nəfər kənd sakini (qadın, uşaq və qoca) isə Ermənistan hərbçiləri tərəfindən girov götürülüb. 18 aprel 1993-cü ildə isə aralarında 2 nəfər azyaşlı uşaq, 4 nəfər qadın, 6 nəfər kişi (4 nəfəri ahıl yaşda) düşməndən gizləndikləri mağarada güllələniblər. Həmin gün 9 nəfər qadın, 2 nəfər azyaşlı uşaq, 3 nəfər ahıl girov götürülüb. 5 nəfər Başlıbel sakini isə Kəlbəcər rayonunun müxtəlif ərazilərində girov götürülüblər. 18 aprel qətliamından sonra düşmən gülləsindən canını qurtara bilən 30 nəfər isə yenidən dağlara çəkiliblər. Onların mühasirə həyatı iyul ayınadək davam edib. Mühasirədən çıxaraq dörd sutka piyada yol qət edən 29 nəfər 1993-cü il iyulun 22-də Daşkəsən ərazisinə keçə biliblər. Amma 1 nəfər –  I və II Dünya müharibəsi iştirakçısı Ələsgər Kazımov doğma torpağını tərk etməyərək Başlıbeldə qalıb. Ələsgər Kazımov bugünədək itkin sayılır və onun barəsində hər hansı bir məlumat yoxdur”. 

  Mərkəz sədri  deyib ki, 2020-ci il sentyabrın 27-də başlanılan 44 günlük Vətən müharibəsində Ali Baş Komandan İlham Əliyevin sərkərdəliyi ilə rəşadətli Azərbaycan Ordusu ölkəmizin ərazi bütövlüyünü təmin edərək Başlıbel kəndini işğaldan azad etdi. İşğaldan azad olunmasından sonra Başlıbel kəndində kütləvi qətliam zamanı qətlə yetirilən 12 nəfərin cəsədi 2021-ci il aprelin 24-də ekskumasiya olunaraq Bakıya – Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinə gətirildi və müvafiq istintaq hərəkətləri aparıldı: “Faciə qurbanlarının meyit qalıqlarından və həmin şəxslərin ailə üzvlərindən götürülmüş DNT analizlərinin, molekulyar-genetik və digər xüsusatların araşdırılması üçün tibbi-kriminalistik ekspertizaların nəticələri onların erməni hərbçiləri tərəfindən güllələnərək qətlə yetirildiyini təsdiqləyir. Faciə qurbanları 2021-ci ilin sentyabrın 3-də mühasirədə qalan kənd sakinlərinin dəfn etdikləri ərazidə torpağa tapşırıldılar. 

  Qətlə yetirildiyi şahid ifadələri ilə təsdiqlənən 27 nəfər dinc Başlıbel sakinindən 14 nəfərin meyitinin qalıqları bugünədək tapılmayıb. Həmçinin işğaldan sonra Başlıbel kəndinə səfər edən hüquq-mühafizə orqanlarının əməkdaşlarının səfəri zamanı kəndin tarixi-mədəni abidələrinin, o cümlədən XVII əsrin yadigarı olan məscidin dağıdılması müəyyən olunub. Kəndin qəbiristanlığı erməni vandalları tərəfindən dağıdılıb, məzarların içərisi dağıdılaraq cəsədlərin üzərində olan qiymətli metallar qarət edilib. Mən burada Başlıbel qətliamı qurbanlarının yaşlarını təsadüfən xatırlatmadım. Bir daha qeyd etmək istərdim ki, Ermənistanın törətdiyi müharibə cinayəti qurbanlarının əksəriyyətinin yaşı 60-dan yuxarı olub. 18 aprel qətliamı qurbanları isə 2 nəfər azyaşlı uşaq, 4 nəfər qadın, 6 nəfər kişi olub ki, onlardan da 4 nəfəri ahıl yaşda olub. Ermənilərin Başlıbeldə törətdikləri müharibə cinayəti zamanı həm mülki əhaliyə, həm də mülki infrastruktur obyektlərinə hücumlar olub. Belə ki, dördüncü Cenevrə Konvensiyası – “Müharibə zamanı mülki şəxslərin müdafiəsi haqqında” sənəd bu cür hücumları qəti qadağan edir. “Beynəlxalq silahlı münaqişələrin qurbanlarının müdafiəsinə dair” I saylı Əlavə Protokolun 51-ci maddəsinin 2-ci hissəsinə əsasən, mülki əhali və ayrı-ayrı mülki şəxslər hücum obyekti ola bilməz. Həmin Protokolun 85-ci maddəsinin 2-ci hissəsinin “a” bəndi mülki əhalinin və ayrı-ayrı mülki şəxslərin hücum obyektinə çevrilməsini qadağan edir və bu cür əməllər müharibə cinayəti kimi qiymətləndirilir. 

  Onu da qeyd edim ki, Ermənistan hərbi birləşmələri tərəfindən Başlıbel sakinlərinin qətlə yetirilərək kütləvi şəkildə dəfn edilməsi faktı mövcuddur ki, bu da Üçüncü Cenevrə Konvensiyasının 120-ci, Dördüncü Cenevrə Konvensiyasının 130-cu maddələrinin tələblərinin pozuntusudur. Həmin beynəlxalq sənəd əsirlikdə vəfat etmiş şəxslərin şərəflə, mümkün olduğu halda öz dini adətlərinə uyğun və qarşısıalınmaz hallar olmadığı təqdirdə fərdi məzarlarda dəfn edilməsini tələb edir. Amma Ermənistanın törətdiyi Başlıbel qətliamı bütün bu beynəlxalq hüquq normalarının tələblərinin kobud şəkildə pozulduğunu göstərir.  

  44 günlük Vətən müharibəsi zamanı Ali Baş Komandanın sərkərdəliyi ilə Azərbaycan Ordusu Ermənistanın hərbi birləşmələrinin xalqımıza qarşı törətdiyi soyqırımı cinayətlərinin cəzasını döyüş meydanında verdi. Azərbaycan bu gün diplomatiya cəbhəsində də Ermənistanı 90-cı illərdən bəri xalqımıza qarşı törətdikləri əməllərə görə cavab verməyə məcbur edir. İnanıram ki, Başlıbel qətliamının törədilməsində rolu olan Ermənistanın ozamankı hərbi-siyasi rəhbərliyində təmsil olunanlar və icraçılar ən qısa zamanda bu müharibə cinayətinə görə də ədalət mühakiməsi qarşısında cavab verəcək”.

  Başlıbel faciəsinin  ölkə və dünya ictimaiyyətinə çatdırılması ilə bağlı görülən tədbirlərə gəldikdə isə X.Kazımov deyib ki, hələ 90-cı illərdə Başlıbeldən olan ziyalıların qətliamla bağlı yerli mətbuatda məqalələri dərc olunub və  bir neçə kitab çap olunub. Hadisənin birbaşa iştirakçısı olan Ələkbər Sönməz poema yazmışdı. Ümumiyyətlə, ötən illər ərzində də mütəmadi olaraq əslən Başlıbeldən olan jurnalistlərin faciə ilə bağlı məqalələri, araşdırmaları dərc olunub. Amma   qətliamla bağlı ilk sənədli kitab 2013-cü ildə rəhbərlik etdiyim Regional İnsan Hüquqları və Media Mərkəzi tərəfindən dərc edilib.  Başlıbel faciəsi: erməni vəhşilikləri şahidlərin dili ilə» adlı kitab Azərbaycan və ingilis dillərində çap olunub. Kitab Azərbaycan Xarici İşlər Nazirliyi və Diaspor Komitəsinin xətti ilə  xaricdə  yayıldı.  Torpaqlarımız azad olunandan sonra Başlıbel faciəsinə diqqətin daha da artırıldığını vurğulayan X.Kazımov qeyd edib ki, bu ərəfədə jurnalist Elxan Salahovun “Qanlı Kaha”  sənədli-publisistik povesti  işıq üzü gördü və ictimaiyyət daha geniş məlumatlandırıldı.

  “Başlıbel kəndi ordumuzun nəzarətində olduğundan  son 3 ildə yerli ictimaiyyət arasında Başlıbel faciəsinə diqqət  artırılıb. Prezident İlham Əliyev 2021-ci ilin sentyabrında BMT Baş Assambleyasının 76-cı sessiyasının illik ümumi müzakirələrində çıxışı zamanı Başlıbel qırğınını xüsusi vurğulamaqla Birinci Qarabağ müharibəsində Ermənistanın Qarabağda törətdikləri insanlıq əleyhinə cinayətlərdən bəhs edib. Həmçinin dövlətimizin başçısı hərbi əməliyyatlar zamanı əsir götürülmüş insanların naməlum aqibəti, məhv edilmiş soydaşlarımızın gizlədildikləri məzarlıqlar məsələsini vurğulayıb. Biz də Başlıbel sakinləri olaraq 3 ildir oradakı şəhidlərimizin məzarlarını ziyarət edirik. 

“Başlıbelin İnkişafına Dəstək” İctimai Birliyi adlı Qeyri-Hökumət Təşkilatı yaradılıb. Təşkilatın məqsədi yerli və dünya ictimaiyyətinin diqqətini  faciəyə yönəltməkdir.  İctimai Birlik tərəfindən qarşıdakı aylarda ölkə ərazisində və xarici ölkələrdə Başlıbel faciəsi ilə bağlı tədbirlərin keçirilməsinə dair tədbirlər planı hazırlanıb hökumətə və QHT-yə  Dövlət Dəstəyi Agentliyi təqdim olunub. 

 Hadisənin günahkarlarının tam olaraq müəyyən edilib cəzalandırılmasına qədər mübarizə aparılmalıdır. Başlıbel faciəsi qurbanlarının qətlə yetirildiyi  ərazidəki faktlara əsaslanaraq erməni vandalizmini dünya ictimaiyyətinə çatdırmalıyıq”.

Şəymən Bayramova

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Translate »