![]()
Zaur Cəfərov… Vətən müharibəsinin igid oğlu. O, torpağı qorumaq üçün canından keçdi. Düşmənə sinə gərdi, milləti qorudu. Polkovnik-leytenant rütbəsinə qədər yüksəldi, adını Azərbaycan tarixinə qızıl hərflərlə yazdırdı. Amma bu gün onun ən dəyərli varlığı, canından çox sevdiyi 13 yaşlı qızı — atasının əmanəti — aramızdan çox erkən ayrıldı…
Onun xəstəliyinə “kəskin böyrək çatışmazlığı” adı verdilər. Amma biz bilirik… Bu, illərlə içinə yığılan ata həsrətinin nəticəsi idi. O balaca qəlbin ən böyük dərdi atasızlıq idi. Atasının səsini eşitmədən, qoxusunu duymadan keçən illər ürəyini yavaş-yavaş susdurdu.
Qız uşağı atasına çox bağlı olur… Bəlkə də elə buna görə atasının yanına bu qədər tez tələsdi. Bəlkə də bu dünya ona atasız dar gəldi. Bəlkə də hər səhər oyandığında atasını axtardı, hər gecə yatanda onu yuxuda gördü… Və bir gün daha dözə bilmədi.
Sabah dəfn ediləcək… Sabah bir uşaq, bir ata yurduna — atasının qoynuna tapşırılacaq. Torpaq daha bir mələyi bağrına basacaq. Amma bu dəfə torpaq bir xalqın vicdanını da örtəcək. Çünki biz onu qoruya bilmədik. Zaurun bizə əmanət etdiyi balasını yaşada bilmədik.
Zaur, sən Vətəni qorudun… Amma biz sənin balanı qoruya bilmədik. Bizi bağışla… Qızın indi sənin yanındadır. Bəlkə də bu dəfə sakitdir, çünki əllərin onun əllərindədir. O, artıq öz sığınacağındadır.
Allah rəhmət eləsin…
Şəhidimizə də, onun balaca mələyinə də…
Ruhları şad, məkanları cənnət olsun…
Yalçın Ağayev
Bashlibel.az
Bashlibel.az
Allah rəhmət eləsin
Allah Başlıbelin fəxri olan, 2-ci Fəxri Xiyabanda Başlıbeli ləyaqətlə təmsil edən şəhidimiz Zaur Cəfərova və onun övladı Səlbi balamıza rəhmət eləsin. Mən dəfndə iştirak edəndə onların ruhlarının qovuşduğuna əmin oldum. Ruhları şad olsun. Məzarlarının bir-birinə yaxın olması bizim və əzizlərinin onların hər ikisini ziyarət etməyi azanlaşdırır.