ABŞ Konqresinin yuxarı palatası Azərbaycana hərbi yardımın dayandırılmasını nəzərdə tutan və “2023-cü il tarixli Ermənistan Müdafiə Aktı” olan S.3000 qanun layihəsini təsdiqləyib. Bu barədə ABŞ Senatının saytı məlumat yayıb. Qanun layihəsinin müəllifi 2023-cü ilin sentyabrında Ermənistana səfər etmiş ABŞ nümayəndə heyətinə rəhbərlik edən senator Cerri Pitersdir.
S.3000 qanun layihəsi Azərbaycanla bağlı 907-ci düzəlişin dayandırılmamasını nəzərdə tutur ki, bu da ölkəmizə qarşı qərəzli və qeyri-dost bir addımdır.
Bəs 907-ci düzəliş nədir?
Bashlibel.az bildirir ki, 907-ci düzəliş ABŞ-ın Azərbaycana birbaşa dövlət yardımını qadağan edən düzəlişdir.
907-ci düzəliş ilk dəfə 1992-ci ildə guya “Azərbaycan tərəfindən Qarabağın “işğalı” və Ermənistana qarşı blokadanı dayandırmaq” məqsədilə senator Con Makkeyn tərəfindən, daha sonra isə senator Con Kerrinin və erməni lobbi təşkilatlarının dəstəyi ilə konqressmen Veyn Ovens tərəfindən təklif edilib. Senator Riçard Luqarın düzəlişin qəbul edilməsinin əleyhinə çıxış etmməsinə baxmayaraq, 907-ci düzəliş 1992-ci ildə ABŞ Konqresi tərəfindən Azadlığa dəstək haqqında akta əlavə edilib.
Bu əlavə ilə Azərbaycan Amerika hökumətinin keçmiş sovet respublikalarına göstərdiyi yardımından xaric edilən yeganə ölkə olub. 2001-ci il 11 sentyabr hadisələrindən sonra Azərbaycanın beynəlxalq terrorizmlə mübarizədə dəstəyini təmin etmək məqsədilə ABŞ Konqresi prezidentə düzəlişin hüquqi qüvvəsini dayandırmaq səlahiyyəti verib. 907-ci düzəliş 2002-ci ildən bəri ABŞ prezidentləri tərəfindən hər il dayandırılırdı.
2 gün öncə – noyabrın 15-də təsdiq edilmiş S.3000 qanun layihəsi isə ABŞ Prezidentinə Azərbaycan ilə bağlı 907-ci düzəlişi dayandırmağa icazə vermir.
Lakin Azərbaycana hərbi yardımın dayandırılmasını nəzərdə tutan S. 3000 qanun layihəsinin qanuni olaraq qüvvəyə minməsi üçün hələ də ABŞ Nümayəndələr Palatasının təsdiqi lazımdır və prezidentin razılığı alınmalıdır.
Qərəzli siyasət yürüdən və Ermənistana dəstək verən ABŞ Konqresi bu addımı ilə Azərbaycana təzyiq göstərməyə çalışır.
Qeyd etmək lazımdır ki, ABŞ Konqresinin Nümayəndələr Palatasının noyabrın 15-də müzakirəyə çıxardığı “Dağlıq Qarabağın gələcəyi məsələsini” 3 il əvvəl 44 günlük Vətən müharibəsi ilə həll edən və müstəqil siyasət yürüdən Azərbaycan ABŞ-ın hegemon siyasətini, o cümlədən hər hansı bir dövlətin təhdidini qəbul etmir.
Bashlibel.az