• Be. Apr 29th, 2024

Bashlibel.az

"Başlıbelin İnkişafına Dəstək" İctimai Birliyi

ATA VƏSİYYƏTİ

Dek 19, 2022

Loading

Məni bu yazını yazmağa vadar edən bəzi səbəblər var. 1993-cü il aprelin 1-də Başlıbeli tərk etməyə məcbur olan kənd sakinlərindən əksəriyyəti, o cümlədən mən və atam inana bilmirdik ki, Kəlbəcər rayonu kimi strateji əhəmiyyətli bir rayon uzun müddətə düşmənə təslim edilər. Amma bu baş verdi. Məcburi köçkün həyatının ilk aylarında dövlətin apardığı siyasəti diqqətlə izləyirdik, amma Gəncə qiyamı ərəfəsində ümidlərimiz tamamilə kəsildi. Sonralar, dünyada tanınmış yüksək səviyyəli siyasətçi, Ulu Öndər Heydər Əliyev bu məsələni sülh yolu ilə həll etməyə çox çalışsa da, öz havadarlarının köməyinə arxalanan və törətdikləri müharibə cinayətlərinin cəzasız qalmasından ruhlanan ermənilər gələcəkdə onları gözləyən acı məğlubiyyət ehtimalının çox böyük olduğunu nəzərə almadılar. Məsələnin sülh yolu ilə mümkün olan bütün həll variantlarını blokladılar. Təkcə 1997-ci ildə o zamankı Ermənistan Prezidenti R.Köçəryan ilə Azərbaycan Respublikasının Prezidenti H.Əliyevin birgə mətbuat konfransının youtube kanalında olan videoyazısına baxmaq kifayətdir. Hesab edirəm ki, həmin danışıqlardan sonra və sülh tərəfdarları olan ermənilərin Ermənistan Parlamentində güllənənərək qətlə yetirildikdən sonra Ulu Öndər Heydər Əliyev Azərbaycan Ordusunu müasir ordu olaraq modernləşdirmək və iqtisadiyyatı inkişaf etdirərək, möhkəmləndirmək və beynəlxalq səviyyədə siyasi vəziyyət əlverişli olan vaxtı gözləmək mövqeyini siyasi vəziyyət əlverişli olan vaxtı gözləmək mövqeyini tutdu. Prezident İlham Əliyev isə Heydər Əliyevin qurduğu bu baş plan əsasında, onun siyasətini uğurla davam etdirərək, nəhayət ki, 2020-ci il 27 sentyabrdan başlayaraq 44 gün ərzində rəşadətli Azərbaycan Ordusunun Ermənistan Ordusuna endirdiyi sarsıdıcı zərbələr nəticəsində Ermənistanı kapitulyasiyaya məcbur etdi. 8 noyabr 2020-ci il tarixli kapitulyasiya aktına əsasən Kəlbəcər rayonu 25 noyabr 2020-ci ildə azad edildi. 27 il 7 ay 25 gün çəkən məşəqqətli məcburi köçkün statusuna son qoyuldu.

Mən Bərdənin İmamqulubəyli kəndində məskunlaşmışdım. Ona görə də 1996-cı ildən Xocalı rayonunda işləməyə başladım. 2009-cu ilin mart ayından isə Xocalı rayonunudakı idarəmizin Bərdə şəhərindən Goranboy rayonunun Aşağı Ağcakənd qəsəbəsinə köçürüldüyü üçün Aşağı Ağcakənddə işləməyə və orada yaşamağa başladım. Yaz-yay aylarında idarəmizin işlərindən imkan tapdığım asudə vaxtlarımda Ballı Qaya, Buzluq kəndlərinin ətrafında təbii şəraiti və mənzərələri ilə Kəlbəcərin, Başlıbelin yaylaqlarını xatırladan yerlərdə çox olurdum. Doğma Vətənimin təsəllisini bu yerlərdən alırdım. Göyçə həsrətli Aşıq Hacı Bayramovun ustad Aşıq Alının sözlərinə Ağır Şərili saz havası üstündə oxuduğu:
Süsənli-sünbüllü tər bənövşəli,
Yaylaq, bizim yaylaqlara bənzərsən.
İçən ölmür abu-kövsər suyunu,
Bulaq, bizim bulaqlara bənzərsən.
misralarını ağlaya-ağlaya (əlbəttə, tək olan zaman) zümzümə edərək,o bulaqlardan su içdim. Su içən zaman gözlərimi yumurdum ki, elə biləm, Başlıbeldəki Ağa Bulağıdır, amma su içəndən sonra görürdüm ki, yox, o bulaq deyil. Deyirdim ki, ya Rəbbim, görən elə bir gün olacaqmı ki, bir də Başlıbel torpağında gəzəm, o torpağı öpəm. Belə günlərin birində 2020-ci ilin 12 may tarixində qardaşım Oqtayın Buzluq çayının qırağında həmin il mövsümündə ilk dəfə qurduğu alaçıqda Oqtayla ikimiz yatmışdıq. Çayın səsi altında yatanda yuxuda Başlıbelin Yemiş Gələn yaylağındakı Sarı Qayanın dibində Barutlu çayının qırağındakı yurdumuzdakı alaçıqda yatdığımı zənn etdim. Yuxuda, çayın qıjıltısı arasından rəhmətlik qağamın (atama qağa deyirdim) səsini eşitdim: “0 dananı aparıb orada qurban kəsərsən” -dedi. Tam aydın eşitdim,amma özünü görmədim. Səhər adətim üzrə yuxunu suya danışıb, Allahdan xeyirliyə yozulmasını dilədim. Oqtaya belə bir yuxu gördüyümü dedim. Dedik ki, ya Rəbbim,kömək ol, torpaqlarımız işğaldan azad edilsin, qismət elə, aparıb Başlıbeldə qurban kəsək. O zaman artıq Lələtəpə azad edilmiş, 2016-cı ilin aprelində Azərbaycan Ordusunun düşmənin gücünü yoxlamaq üçün “kəşfiyyat” əməliyyatları olmuş və bizdə gələcəyə böyük ümidlər yaranmışdı. Ona görə də 27 sentyabrda Vətən Müharibəsi başlayanda biz də bütün xalqımız kimi əlimizdən gələn köməyi etməyə hazır idik. Yeni ümidlərimiz yarandı və 8 noyabrda Şuşa azad ediləndə mən ailəmizdə elan etdim ki, öz malımızdan bir dananı ilk imkan olan kimi aparıb Başlıbeldə qurban kəsəcəyəm. Ailəmdə hamı razı oldu, dedilər ki, Allah qəbul eləsin, amma gözlə, Başlıbeldəki evimiz bərpa olunsun, yollar açılsın, kəndə camaat qayıtsın, mallarımız Başlıbel torpağında otlasın və adi həyat bərpa olunsun, ondan sonra apar qurban kəs. Mən isə buna razı olmadım, dedim ki, siz dediyiniz azı 5-6 il çəkəcək, mənim isə bu qədər yaşamağa ümidim yoxdur. Bu, mənim Allah qarşısında və atam seyid Sadıq seyid Əbdürrəhim oğlu qarşısında borcumdur. Oğlum Altayla qərara aldıq ki, şükür Allaha torpaqlarımız düşmən tapdağından azad edilib, mən dövlətimizin icazə verdiyi vaxt bu qurbanı aparıb, Başlıbeldə kəsəcəyəm. Bu barədə əmimoğlu Elxan Salahova müraciət etdim. Elxan müəllim mənə bildirdi ki, bu yaxınlarda AzTV kanalı Başlıbeldə film çəkəcək, razı olsan, səni onlarla calaşdırarıq, yəqin ki, qurban kəsmək epizodu onlara lazım olar. Mən dərhal razılaşdım.

Nəhayət, arzuladığım gün gəlib çatdı. 22 avqust 2022-ci il mənim həyatıma ən təntənəli gün kimi yazıldı. Əmim oğlu Xasay Salahov və sürücü Nuşirəvan Musayev Başlıbel kəndində, Seyid Rza əmimin biçənəyində mənim iki il bundan qabaq dediyim qurbanı kəsdilər. Az TV-nin komandası bu prosesi çəkdi. Allah bütün qurbanlarımızı qəbul eləsin. 10 gün ərzində çəkilişdə iştirak edəcək təqribən 40 nəfərin tələbatına görə əti ayrıca doğrayıb, mənim Bərdədən gətirdiyim və əti yığıb paylamaq üçün hazırladığım 7-8 torbaya yığdıq, yaxınlıqda olan 6 arıçı və maldar ailəsinə qurban payı apardıq. Ətin qalanını (yarıdan bir az çox olardı, təxminən 70-75 kq olardı) nisbətən böyük tikələrə doğrayıb Bərdədən alıb gətirdiyim ağ parçaya bükdük və Zülfüqarlıdakı hərbi hissəyə apararaq əsgərlərimizə verilməsi üçün hərbi hissənin rəhbərliyinə təhvil verdik.

Artıq torpaqlarımız düşmən işğalından azad edilmişdir. Başlıbelə gedib şəhidlərimizin məsarlarını, müqəddəs ata yurdumuzu ziyarət edə bilirik. Allahın bu gününə çox şükür. Allah Azərbaycan Ordusunu Ali Baş Komandan İlham Əliyev başda olmaqla var eləsin. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Qazilərimizə can sağlığı versin. Zəfər Günümüz mübarək. Ali Baş Komandanımız İlham Əliyevə can sağlığı və daha böyük uğurlar arzu edirəm. Mən 22 avqust 2022 tarixdə işğaldan azad edilmiş Kəlbəcər rayonunun Başlıbel kəndində dağıdğlmış ata məhləsində dana qurban kəsdim. Prezidentimizin Kəlbəcərdə açılışını etdiyi Dəmir Yumruq hərbi hissəsinin əsgərlərinə qurban payı vermək xoşbəxtliyi mənə qismət oıdu. Allah qurbanlarımızı qəbul eləsin. Ali Baş Komandanımız İlham Əliyevin 2020-ci il noyabrın 8-də Şuşa azad edildiyi gün Ulu Öndər Heydər Əliyevin abidəsi qarşısında dediyi sözü xatırladım: Xoşbəxtəm ki, ata vəsiyyətini yerinə yetirə bildim. Mən də tez-tez bu sözləri xatırlayıram

Qarabağ Azərbaycandır!

Yusif SALAHOV,
Başlıbel kənd sakini, Başlıbelin İnkişafına Dəstək
İctimai Birliyinin üzvü

3 thoughts on “ATA VƏSİYYƏTİ”
    1. Yusif, dayıoğlu! Allah kəsdiyin Qurbanı qəbul etsin! Canın sağ, malın bərəkətli olsun! Allah ömür versin, kəndimizin abadlaşmasın görək, orada yaşamaq nəsibimiz olsun.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Translate »