• C. İyl 19th, 2024

Bashlibel.az

"Başlıbelin İnkişafına Dəstək" İctimai Birliyi

“Atam “Makedon” a deyirdi ki, sakit oyna, məni də məcbur etdi ki, ona möhkəm sillə vurum”-FOTOLAR

Dek 16, 2023

Loading

Bu gün “Bizim Cəbiş müəllim” filminin çəkildiyi həyətə baxanda nostalji anlar yaşayıram. Həyət də dəyişilib, orada yaşayan insanlardan da yəqin ki, heç kim həyatda qalmayıb. Mən həyatda da Namiq rolu kimi sakit təbiətli idim. Makedon rolunu oynayan Aqil Ağacanov isə məndən tamamilə fərqli idi. Biz əks qütblərdə dayanırdıq. Həsən Seyidbəyli filmdə bu təzadı yaratmaq istəyirdi və buna nail oldu. Aqil Pirşağıda yaşayır, kababçıdır. Bəzən çəkilişlərdə görüşürük, indi artıq gəlmir. Çox utancaq idim. Ona sillə vurmağı mənə atam məcbur etdi. 3-4 dubl etdilər yaxşı alınmadı. Atam dedi ki, “dur vur, çəkinmə”. Aqil çox enerjili idi, atam hərdən ona deyirdi ki, “sakit oyna, tələsmə”

Bunu “Bizim Cəbiş müəllim” filmində Namiq rolunun ifaçısı Ziya Seyidbəyli deyib. O daha sonra əlavə edib.

“Bu gün də filmi izləyəndə kövrəlirəm. Atamın ruhunu hiss edirəm, dünyasını dəyişmiş qardaşımı, bacım Məryəmi orada görürəm. Atam bizi filmdə çəkdi ki, xatirə qalsın. Əlbəttə ki, biz aktyor deyildik. Atam heç özü də istəmirdi ki, biz aktyor olaq. Çünki bu sənət həqiqətən də çətin idi. Faktiki nə qardaşımla, nə də bacımla birlikdə səhnəm yoxdur. Onlar Şəfiqə xanımla, Süleyman Ələsgərovla bir yerdə çəkilirdi. Çünki onların övladları rolunu oynayırdılar. Atam aktyorlara sərbəstlik verirdi. Mən bilirdim ki, 1-ci və sonuncu dəfədir filmdə çəkilirəm. Heç bu gün də heç kimin mənim o rolu oynadığımı bilməyini istəmirəm. Nəyə lazımdır ki? Tanınmaq istəmirəm, adətən belə şeyləri aktyorlar xoşlayır. Mən axı aktyor deyiləm” deyə sənətçi bildirib.

Ziya Seyidbəyli bu gün çəkilən filmlərdən gileylənib.

“O vaxt hər rejissora icazə vermirdilər ki, film çəksin. Film çəkmək istəyən rejissor bu işə hərtərəfli hazırlaşmalı idi. Ciddi nəzarət var idi. Qeyri-professional, peşəkar olmayan aktyorları filmə çəkmirdilər. Atam da buna böyük önəm verirdi. Ən çox sevdiyi aktyorlar Əliağa Ağayev, Nəsibə Zeynalova, Şəfiqə Məmmədova, Səfurə İbrahimova və s. idi. Elə aktyorlar var idi ki, tanınmış olsalar da atam onları filmə çəkmirdi. Atam xoşlayırdı ki, aktyor hərtərəfli olsun. Sırf müəyyən rolları yox, hər rolu oynaya bilsin. Bu gün tendensiya dəyişib. Yerindən duran rejissordur, film çəkir. Hamı aktyordur, peşəkarlıqdan söz də gedə bilməz. Həm də axı o illərdəki rejissorlar da həyatda yoxdur. Filmi kim çəksin? Əlbəttə ki, çəkilən filmlərin içərisində az da olsa peşəkarları var. Amma onların sayı azdır. Çox istərdim ki, bu gün Rasim Balayevdən, Xalidə Quliyevadan filmlərimizdə istifadə edilsin. Çünki peşəkar aktyorların da sayı azdır” deyə Ziya Seyidbəyli deyib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Translate »