![]()
Biri oktyabr dərs dediyim sinifdən tənəffüsə çıxıram. Telefonda internetə qoşulub xəbərləri izləmək istəyirəm ki, vatsappa mesaj gəlir…
Eşitdiyim xəbərdən sanki şokdayam, mənə elə gəlir ki, yuxu görürəm. Əlimi – üzümü soyuq su ilə yuyuram. Axır ki, bu xəbərin yuxu olmadığına əmin olmaq istəyirəm. Yox bu yuxu deyil. 28 ildə bir an da olsa yadımdan çıxmayan kəndimizə gecələr “qonaq” gedir, gündüzlər isə onun təəsüratı ilə yaşayırdım. 27 sentyabr 2020-ci ildə başlarına dəyən “Dəmir yumuruq”dan darmadağın olan düşmən ordusu işğal altında saxladığı rayonlarımızı tərk etmək məcburiyyətində qaldı. Bu qələbəmizdən sonra belimizi əymiş məcburi köçkün ləkəsindən xilas olduq.
Gecə saat 3-də vədə yerində olmalıyam. Bərdədə neçə gündür ki, yağıntılı havadır. Yəqin Murova və Kəlbəcərə artıq qar yağır fikri ilə qalın geyim götürüb vədə yerinə tələsirəm. On üç nəfər yoldaşla yolumuz on yeddi yaşınadək məni öz qoynunda doğma balısıtək böyüdən doğma kəndim Başlıbelədi…
Artıq Murovdayıq. Murovda sanki yaz havasıdı. Heç kəs oktyabr ayında Murovda havanın bu cür olmasına inana bilmir. Mərkəzi Aran bölgəsində yağıntılı, qış havası hara, Murovda yaz havası hara?! Sanki möcüzədir. Doğma kəndimi görmək üçün çox tələsirəm. Səfər yoldaşlarım nələrdənsə danışır, söhbət edir…
Məni isə xəyal düz 28 il 6 ay 1 gün əvvələ aparır… Doğma kəndimizi tərk etmək məcburiyyətində qalmışıq. Qonşu kəndlərin sakinləri artıq öz ev-eşiklərini tərk edib çıxıblar. Bizim kənd sakinlərdən isə heç kəs doğma yurdunu tərk etmək haqqında düşünmək belə istəmir, Kəlbəcərin işğal oluncağına inanmır. Axı Kəlbəcərlilər 5 il mühasirə şəraitində yaşasa da bütün çətinliklərə sinəgərə bilmişdi. Nəhayət kəndimizi rayon mərkəzi ilə birləşdirən nəqliyyat yolunun-tunelin-ermənilər tərəfindən tutulması xəbəri yayılır. Başıpozuq rəhbərlik isə düşməni dayandırmaqda acizdi. Artıq başqa seçim qalmamışdır. İnsanlar ağlaya-ağlaya çox böyük çətinliklə ərsəyə gətirdikləri əmlaklarından heç nə götürmədən, qapılarını bağlamadan, sanki düşəmənə hədiyyə edirmiş kimi yurdlarını tərk etməyə məcbur olurlar. Atam 6 nəfər ailə üzvlərimizi (qardaşımın biri 4 yaşında idi) çox böyük çətinliklə düşməndən qoruya bildi və ölümdən xilas etdi.
Yolboyu məni təəccübləndirən daha çox təbiət hadisələri oldu. Təbiət düşməni kəndimizə buraxmamaq üçün nələr etməyib?! Beləki qayalar öz iri, iti və deşici daşlarını yollara səpələmiş, dağlar, təpələr, zəhmanlar uçaraq-dağılaraq yolları bağlamış, çaylar öz axarını dəyişərək sanki səngər formasında on yerdə yolu yuyaraq keçilməz etmiş və ən nəhayət meşələr, ağaclar yollara doğru gələrək həm yolu bağlamış, həm də əksər evləri düşməndən gizlətmişdir. Bu sanki möcüzədir…
Biz kəndə doğru irəliləyirik. Günəş üzümüzə gülür, sanki bu yerlərdə düşməni necə aciz duruma salması ilə qürur duyur və onların murdar ayağını bu müqəddəs seyidlər məkanına buraxmadım deyirdi…
Nəhayət kəndimizə çatırıq. Həyacan isə getdikcə artır. Bəzi evlər görünməyə başlayır. Yoldaşlardan kimisi torpağı öpür, allahın bu gününə şükür edir, kimisi hönkürtü ilə ağlayaraq sanki neçə illik həsrət yükünü boşaldırdı. Telefonlarımızı çıxarıb bizə doğma olan hər şeyi çəkmək istəyirik. İlahi doğma olmayan nə var ki?! Hər yeri acgözlüklə seyr edirəm. Bayaqdan görməyə tələsdiyim kəndin aşağı hissəsində quruyub qalıram. Vəhşi qəbilə kəndimizi yerlə yeksan edib.
Kənd sanki bizdən utanırmış kimi gizlənməyə çalışır. Bəlkə də uzun illər sahibsiz qoyub getdiyimiz üçün bizdən incik düşüb. Ürəyimdə kəndimizlə söhbət edirəm. Bizdən sonra nə baş verdiyini soruşuram. Qara bulud kimi dolur, başını aşağıya dikir və günahkar görkəmdə düşmənin namərdcəsinə etdiyi əməllərdən danışmağa başlayır: “sizdən sonra kəndə soxuldular. Gözlərinə görünən nə varsa güllə-boran etdilər. Evləri yağmalayır, sonra od vurub yandırdılar. Ən çox qorumağa çalışdığım və qoynumda saxladığım əzizlərimizin də çoxunu qoruya bilmədim. Hər zaman köksümdə uca tutduğum nişanələrini əvvəlcə güllə-boran, sonra isə qarət etdilər. Siz gərək məni tək qoymayaydınız, tərk etməyəydiniz məni deyir”. Əliyalın camaatın tərk etməkdən başqa çıxış yolunun olmadığını bildirirəm və inandırmağa çalışıram. İnciməkdə haqqlı olduğunu bildirirəm. Ana öz balasını ata bilməz fikri ilə əminəm ki, nə vaxtsa günahımızdan keçəcəksən deyirəm. Bir anlıq susur, sonra isə davam edərək bildirir ki, bizə qarşı etdikləri vəhşiliyin qisasını layiqli verdiyinizə görə mən onsuz da sizi bağışlamışam. Buna necə əmin ola bilərəm soruşduqda, belə olmasaydı sizi bu cür isti münasibətlə qarşılamaz daha sərt münasibət göstərərdim deyir. Əyilib sanki əlindən öpürmüş kimi torpağı təkrar öpürəm. Necə böyük bir məmləkətin övladı olduğum üçün fəxr edirəm. Söhbəti saxlayıb yoluma davam edirəm.
Bizim bir zamanlar ümumi istifadə etdiyimiz yol artıq keçilməz olub. İndi isə kəndə gedən yol bizim məhlədən keçir. Məhləmiz demək olar ki, tanınmaz vəziyyətdədir. İkimərtəbəli evimiz ümumiyyətlə ətrafdan görsənmir. Məhləmizdə olan ağaclar kortəbii formada çoxalaraq evimizi sanki düşməndən qoruyurmuş kimi əhatəyə almışdır. Otu yara-yara bağımıza doğru çətinliklə irəliləyirəm. Qəhər məni boğur. Atamın necə həvəslə saldığı bu bağ nə günə qalmışdır ilahi?! Sanki ağaclar da atamın ölüm xəbərini eşidib yas saxlayırmışlar. Hərəmizin adına bir-neçə meyvə ağacımız var idi. İndi onları axtarıram. Axtarıram ki, hər biri ilə görüşəm və deyəm ki, azcada səbr edin biz mütləq dönəcəyik. Amma çox təəssüflər ki, atamsız dönəcəyik.
Evimizə qalxıram. Evimizi yandırıblar. İçərisini isə ağac və ot basıb. Çətinliklə evin içərisinə daxil oluram. Ev qarət olunsa da çarpayılar öz yerindədir. Univermaqdan aldığımız, işıqlarımızın ermənilər tərəfindən kəsilməsi nəticəsində heç bir il tam işlədə bilmədiyimiz soyuducumuzu ermənilər nə səbəbdənsə aparmamışdır. O ot basmış bu evdə paslı bir yeşiyi xatırladır. Görünən nə varsa telefonun yaddaşına köçürürəm. Uşaqlıq xatirələrim məni hər yerdən çağırır. Hara baxıramsa, oradan acılı-şirinli bir xatirə yada düşür. Bu gedən illər hamısı bizim ömrümüzdən getdi. Neçə-neçə arzular yarımçıq qaldı.
Uçulub-dağılmış pilləkənlərlə düşüb qəbrstanlığa tələsirəm. Beynimdə isə şair Sücaətin bu misraları dolaşır:
Ömür evcik deyil pis tikiləndə
Deyəsənki sök təzədən qur bala.
Həm 31 yanvar 1987-ci ildə 14 yaşında rəhmətə getmiş qardaşımın, həm də digər yaxınların məzarını ziyarət etmək üçün. Qəbrstanlığa çatdıqda isə insan gözlərinə inana bilmir. Düşmən qəbrstanlıqdan əsər-əlamət qoymayıb. Baş və sinə daşlarını qarət edib, qəbr yerlərin isə goreşən kimi qazıblar. Nə qədər cəhd etsəm də qardaşımın məzarının yerini tapa bilmədim. Digər qəbrstanlıqda isə ata nənəmin aşmış baş daşını tapa bildim. Onun tapılması ən azından mənim üçün bir təsəlli oldu. Bütün bu mənzərəni görməyin necə ağır olduğunu ancaq bu hadisələri yaşayanlar bilər.
Düşmənin bizə vurduğu maddi ziyanı bəlkədə son qəpiyinə qədər hesablamaq mümkün olsa da, amma mənəvi zərər daha böyük, daha amansız olmuşdur. Bunu sözlə ifadə etmək mümkün deyil..
Artıq qaranlıq düşüb 2 saatlıq görüşdən sonra kəndi tərk etməli oluruq. Ayaqlarımız getsədə, ürəyimiz yenə də bu yerlərdə qalır…
Yenidən xəyala dalıb kəndlə sağollaşmaq istəyirəm. Bildirirəm ki,artıq bu gediş əvvəlki gedişdən deyil. Biz qayıdacayıq. Mütləq qayıdacayıq…
İndi məni ən çox kədərləndirən o idi ki, silahlı düşməndən bizi xilas edən atamı biz doğma kəndimizə sağ olaraq qaytara bilmədik. Kəlbəcər həsrətiylə dünyasını dəyişdi. Mən artıq Başlıbelə atamsız dönəcəm.
Sonda isə bütün ŞƏHİDLƏRİMİZƏ və Yurd həsrəti ilə dünyasını
QAZİLƏRİMİZƏ isə şəfa diləyirəm.
Yalçın Ağayev
02.10.2021
Bashlibel.az