• Şb. İyl 27th, 2024

Bashlibel.az

"Başlıbelin İnkişafına Dəstək" İctimai Birliyi

Ay Laçın…

Dek 1, 2022

Loading

Bu gün Laçın r rayonunun Ermənistanın işğalından azad olunmasından 2 il keçir. 2020-ci ilin 27-sentyabrında başlayan İkinci Qarabağ müharibəsində Azərbaycan ordusu Laçın dəhlizinə nəzarəti ələ keçirimiş, həmçinin Laçın rayonun bir neçə kəndini erməni işğalından azad etmişdi. 44 gün davam edən Vətən müharibəsində Ermənistan ordusunun darmadağın edilməsi Ermənistanı Ağdam, Kəlbəcər və Laçın rayonlarını Azərbaycana döyüşsüz geri qaytarmaq məcburiyyətində qoydu. Azərbaycan və Rusiya Prezidentlərinin, Ermənistanın baş nazirinin 2020-ci il noyabrın 10-da imzaladığı birgə bəyanata əsasən Ermənistan Laçın rayonunu boşaltmaq və dekabrın 1-də əsl sahibinə-Azərbaycana təhvil vermək öhdəliyini üzərinə götürdü. Dekabrın 1-də Laçın şəhəri, Zabux kəndi istisna olmaqla rayonun digər bütün ərazisi Azərbaycana qaytarıldı. Üçtərəfli bəyanatın tələbinə uyğun olaraq, Laçın şəhəri, Zabux kəndi yeni yol ermənilərin istifadəsinə verildikdən sonra 26 avqust 2022-ci ildə Azərbaycanın nəzarətinə qaytarıldı. Paralel olaraq köhnə Laçın dəhlizi də Azərbaycanın nəzarətinə verildi.
Beləliklə, Ağdam və Kəlbəcər rayonları kimi Laçın rayonu da Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi altında 44 günlük müharibəsində əldə edilən qələbə və yürüdülən uğurlu siyasət sayəsində döyüş olmadan azad edildi. Azərbaycan Ordusunun müzəffər yürüşü, torpaqlarımızı qısa müddətdə azad etmək iddiası və bütün bunları etmək qabiliyyəti, cəsarəti erməniləri və onların xarici bağlantılarını çıxılmaz duruma saldı. Ermənistan ordusu 30 il əlində işalda saxladığı qədim Azərbaycan torpağı olan Laçından çəkilmək məcburiyyətində qaldı.
Laçın rayonunun son dərəcə önəmli strateji nöqtədə yerləşməsi ermənilərə imkan verirdi ki, Qarabağdakı separatçıları müxtəlif növ silah və digər təminat növləri ilə təmin etsin. Birinci Qarabağ müharibəsində dönüş nöqtəsi də Laçın rayonunun itirilməsi ilə başlanmışdı. Ermənilər Şuşanın işğalını başa çatdırandan sonra bütün güclərini həm Qarabağ, həm də Ermənistan istiqamətindən toplamaqla Laçını ələ keçirmişdilər. Atəşkəs dövründə aparılan danışıqlarda Laçının və Kəlbəcəri danışıqlar predmetindən çıxarmağa çalışan erməni rəhbərliyi bu rayonların nə qədər strateji və həssas mövzu olduğunu bilirdilər. Ona görə də Laçını mümkün qədər əllərində saxlamağa çalışırdılar. Reallıq isə budur ki, danışıqların bir səmərə vermədiyini qətiləşdirən Azərbaycan müharibə yolunu seçməklə münaqişəni birdəfəlik həll etdi, erməni silahlı qüvvələrini 44 günlük əməliyyatlarla darmadağın etdi, torpaqlarımızı əsl sahiblərinə qaytardı. Bu gün Laçın azaddır, qürurludur və sakinlərinin yolunu səbrsizliklə gözləyir. Böyük Qayıdışa hazırlaşan Laçın rayonunda layihələr, quculuq işləri həyata keçirilir, yollar çəkilir, hava limanı inşa edilir, kəndlər elektrik, qaz və su ilə təmin edilir. Paralel olaraq ərazilər erməni silahlılarının basdırdığı minalardan təmizlənir. Qeyd edək ki, Laçın Azərbaycanın ən iri təsərrüfat, heyvandarlıq rayonlarındandır. Geniş əraziyə malik otlaq sahələri, su mənbələri, müxtəlif növ bitkilərlə zəngin dağlar, düzənliklər imkan verir ki, bu rayondan əldə edilən qida məhsulları ilə Azərbaycanda ərzaq bolluğu yaradılsın. Laçın Azərbaycanın iqtisadiyyatında önəmli yer tuta bilmək potensialı olan rayondur. Laçın rayonu zəngin faydalı qazıntılarla, o cümlədən (3 filiz, 37 qeyri-filiz və inşaat materialları yataqları) civə, vermikulit, əlvan və üzlük daşları, sement xammalı və tikinti daşı yataqları ilə zəngindir. Burada sənaye əhəmiyyətli Gilgəzçay, Sarıbulaq, Narzanlı civə, Ahnəzər əlvan daşı, Qarabəyli, Dəlikdaş, Çorman və Narzanlı kimi vermikulit yataqları daha böyük ehtiyatlara malikdir.
Onu da bildirək ki, Laçın rayonunda 73 tarix-mədəniyyət abidəsi dövlət qeydiyyatına alınıb. Onlardan 3-ü ölkə əhəmiyyətli memarlıq, 8-i ölkə əhəmiyyətli arxeoloji, 47-si yerli əhəmiyyətli memarlıq, 3-ü yerli əhəmiyyətli bağ-park, monumental və xatirə abidəsi, 3-ü yerli əhəmiyyətli arxeoloji, 9-u dekorativ-tətbiqi sənət nümunələri (xalq daş heykəltaraşlıq) abidələridir. Rayon ərazisində yerləşən Ağoğlan məbədi, Məlikəjdər türbəsi, Sarı Aşığın xatirə muzeyi, Həmzə Soltan sarayı, Alı Xəlfə türbəsi və Dəmirovlu Pir məbədi Azərbaycan Respublikası ərazisində mövcud olan daşınmaz tarix-mədəniyyət abidələri içərisində xüsusi önəmə malikdir.
Ümumilikdə, Laçının işğaldan azad olunması ilə ölkəmizin bu gözəl guşəsində yenidən həyat canlanacaq, insanlar öz yurdlarına qayıdacaq və böyük quruculuq işləri həyata keçiriləcək.
Etibar Ağayev

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Translate »