2 fevral – Azərbaycan Gəncləri Günüdür. Ulu Öndər Heydər Əliyevin 1997-ci il fevralın 2-də imzaladığı Fərmana əsasən, hər il fevralın 2-si Azərbaycan Gəncləri Günü elan edilib. Həmin vaxtdan etibarən bu gün MDB məkanında və Şərqi Avropa ölkələri arasında ilk dəfə Azərbaycanda təntənəli şəkildə qeyd edilməyə başlanıb. Bu sahədə də Azərbaycan bir çox ölkələri qabaqlayıb. Belə ki, Azərbaycanda Gənclər Günü təsis edildikdən xeyli sonra gənclərin işləri üzrə nazirlərin ümumdünya konfransının (1998-ci il avqustun 8-12-də) tövsiyəsi əsasında BMT Baş Məclisinin 1999-cu il 17 dekabr tarixli qətnaməsi ilə 12 avqust – Beynəlxalq Gənclər Günü elan edilib. Gənclərimiz Ümummilli Lider Heydər Əliyevin onlara ən böyük hədiyyəsi olan bu günün təsis edilməsinin 26 illiyini qalib ölkənin məğrur və qürurlu vətəndaşları kimi böyük ruh yüksəkliyi ilə qeyd edirlər.
Heydər Əliyevin 1997-ci ildə imzaladığı fərmanla təsis olunan əlamətdar gün Azərbaycan gənclərinin cəmiyyətdəki roluna verilən yüksək qiymətdir. Ulu Öndər tərəfindən təməli qoyulmuş və bu gün davam etdirilən dövlət gənclər siyasəti Azərbaycanda gənc nəslin mənəviyyatca zəngin, vətənpərvərlik ruhunda tərbiyəsi, gənclərin hərtərəfli inkişafı və ölkə həyatında fəal iştirakı üçün mühüm zəmin yaradır.
Gənclərə həmişə böyük diqqət və qayğı ilə yanaşan, onların problemlərinin həlli istiqamətində həyata keçirilən tədbirlərə xüsusi önəm verən, bu siyasəti müasir müstəqil Azərbaycan dövlətinin fəaliyyətinin ən mühüm istiqamətlərindən biri kimi dəyərləndirən Ümummilli Lider Heydər Əliyevin əsasını qoyduğu dövlət gənclər siyasəti ölkə gəncliyinin inkişafında dərin izlər buraxıb. Ulu Öndər Heydər Əliyev gənclər sahəsində dövlət siyasətinin uğurla həyata keçirilməsi məqsədilə bu sahənin zəruri qanunvericilik bazasının formalaşdırılmasını təmin edib. Gənclərin sosial, iqtisadi və sair problemlərinin həllinə yönələn, onların öz qabiliyyətlərinin inkişaf etdirmələrinə kömək edən fərman və sərəncamlar, qanunlar və Dövlət proqramları gənc nəslin mütəşəkkil qüvvə kimi formalaşmasına, onların mənəvi-ideoloji cəhətdən tam yetkinləşməsinə, sosial problemlərinin həllinə, faydalı məşğulluğunun təmin olunmasına müsbət təsir göstərib.
Ümumiyyətlə müstəqil Azərbaycanın gənclər siyasətinin əsası dahi şəxsiyyət Heydər Əliyev tərəfindən qoyulub. Ümummilli Lider aydın strategiya ilə müstəqilliyimizin ilk illərində gənclərin enerji və imkanlarını milli maraqlarımızın müdafiəsinə səfərbər etdi, onların vətənpərvər ruhda formalaşmasına zəmin yaratdı. 1996-cı il fevralın 2-də keçirilən Azərbaycan Gənclərinin Birinci Forumunda Ümummilli Lider gənclər qarşısında mühüm tarixi vəzifələr müəyyənləşdirdi.
Ulu Öndərin gənclərə etimadı bu gün təsdiqini tapmaqdadır. Hazırda ölkəmizdə gənclər siyasəti keyfiyyətcə yeni mərhələsini yaşayır. Prezident İlham Əliyev Ulu Öndərin gənclər siyasətinə sadiqliyini qərarları ilə təsdiqləyir. Gənclərin mənəvi inkişafı, vətənpərvərlik tərbiyəsi, xarici ölkələrdə təhsili, sosial müdafiəyə ehtiyacı olanların problemlərinin həlli istiqamətində görülən işlər, gənclər təşkilatlarının formalaşması və inkişafı üçün yaradılan şərait və imkan bu sahəyə böyük diqqətin nəticəsidir.
2003-cü ildən sonrakı dövrdə Prezident İlham Əliyev gənclər siyasətinin inkişaf istiqamətini mövcud ənənələr əsasında daha da təkmilləşdirdi. Azərbaycan gəncliyi ilə bağlı Dövlət proqramları qəbul edildi, 2007-ci il “Gənclər ili” elan olundu, 2011-ci ildə Gənclər Fondu yaradıldı, 2013-cü ildə ölkədə ilk dəfə “Gənclər üçün Prezident Mükafatı” təsis olundu, Azərbaycan gənclərinin İnkişaf Strategiyası təsdiqləndi. Gənclər siyasətində milli və dövlətçilik maraqlarının prioritet olması 2020-ci ilin 44 günlük Vətən müharibəsində həlledici rol oynadı. Müharibədə əsas missiyanı məhz Ali Baş Komandan İlham Əliyevin prezidentliyi dövründə yetişən gənclər yerinə yetirdilər.
Dövlətimizin başçısının 2007-ci il 16 aprel tarixli Sərəncamı ilə təsdiq edilmiş “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsil üzrə Dövlət Proqramı” və “2022-2026-cı illərdə gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair Dövlət Proqramı” bütün təbəqədən olan gənclərin xaricdə təhsilinə geniş imkanlar yaradıb. Bu proqram çərçivəsində minlərlə gənc dünyanın ən nüfuzlu təhsil ocaqlarında oxuyur.
Ölkəmizdə gənclərin məşğulluğunun təmin olunması da diqqət mərkəzindədir. Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondu tərəfindən gənclərin istedad və bacarıqlarının üzə çıxarılması istiqamətində həyata keçirilən layihələr yetişməkdə olan nəslin gələcəyinin etibarlı təminatıdır. Eləcə də Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə xaricdə və ölkəmizdə reallaşan layihələr Azərbaycanın uğurlarının təbliğində, gənclərimizin fəallığının artırılmasında və onların fəaliyyətlərinin əlaqələndirilməsində mühüm rol oynayır. Bu ali diqqət və qayğını daim öz üzərində hiss edən Azərbaycan gəncliyi göstərilən etimadı layiqincə doğrultmağa çalışır. Bu yüksək münasibətə cavab olaraq Azərbaycanın parlaq gələcəyinin təminatçısı olan gənclər bütöv və müstəqil dövlətimiz naminə bütün güclərini səfərbər edir, Vətənin inkişafı üçün səylə çalışır, öz siyasətində onlara arxalanan Prezident İlham Əliyevin uğurlu daxili və xarici siyasətini dəstəkləyirlər.
Azərbaycanın gənclər siyasətində idmanın inkişafı və onun kütləviliyinin artırılmasına da xüsusi diqqət yetirilir. Prezident İlham Əliyevin mətin iradəsi və böyük səyləri nəticəsində Azərbaycan dünyanın qabaqcıl idman ölkələrindən birinə çevrilib. Bu gün respublikamızda 45-dən çox Olimpiya İdman Kompleksinin fəaliyyət göstərməsi, ölkəmizin nüfuzlu beynəlxalq idman yarışlarına ev sahibliyi etməsi, idmançılarımızın Olimpiya və dünya çempionatlarında uğurlu çıxışları buna əyani sübutdur. Beynəlxalq yarışlarda qələbə qazanan gənc idmançıların layiqincə qiymətləndirilməsi də onların yeni uğurlarında mühüm rol oynayır.
Bashlibel.az